8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: şanlı qələbələrimizin siyasi ünvanı” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin təşəbbüsü ilə yaradılmış məktəb muzeyi ilə tanışlıq olub.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov çıxışında tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi olan, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin altıncı ildönümü münasibətilə salamlayıb. Bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının və əzəli yurd yerlərinə əbədi qayıdışın sevincini və qürurunu yaşayaraq 8 Noyabr - Zəfər Gününü böyük coşqu ilə qeyd edir.
Ş.Qasımov vurğulayıb ki, tarixi Qələbə asanlıqla qazanılmayıb, möhtəşəm Zəfərə gedən yol çətin və keşməkeşli olub. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə işğal altında olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində məqsədyönlü addımlar atılıb, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mühüm işlər görülüb. Bu gün torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində azad olunub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir.
Çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinə də toxunan Ş.Qasımov bildirib ki, bu proses Zəfərimizin davamı, dövlətimizin qüdrətinin və xalqımıza bağlılığının növbəti təzahürüdür. Bir zamanlar dağıdılmış ərazilərdə yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar, sənaye və infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, həyat yenidən canlanır. Bu, yalnız fiziki bərpa deyil, həm də tarixi yaddaşın, milli kimliyin və mənəvi bağlılığın bərpasıdır.
Ş.Qasımov qeyd edib ki, qazanılan tarixi nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik strategiyası dayanır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycanın qələbələrinin başlanğıcı Yeni Azərbaycan Partiyasının təsis qurultayına təsadüf edir.
Sonda Ş.Qasımov iştirakçıları 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib, tədbir iştirakçılarına möhkəm cansağlığı və dövlətimizin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin dövlətçilik tariximizdə müstəsna yer tutduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə müasir, demokratik və dünyəvi dövlətin möhkəm təməli qoyulub. Milli maraqlara əsaslanan dövlət idarəçiliyi, elm, təhsil və mədəniyyətin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün əldə olunan uğurlar onun müəyyən etdiyi strateji kursun məntiqi davamıdır.
H.Quliyev vurğulayıb ki, 8 Noyabr sadəcə hərbi Qələbənin ildönümü deyil, Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ədalət arzusunun gerçəkləşdiyi, milli ləyaqətimizin bərpa olunduğu, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında qeyd etdiyi kimi, 8 Noyabr əbədi bayramımız olacaq. Bu tarix gələcək nəsillərin də milli yaddaşında daim yaşayacaq.
Laçının azad olunmasının Azərbaycan xalqının birliyinin, güclü dövlətin və qətiyyətli liderliyin bariz nümunəsi olduğunu bildirən xüsusi nümayəndənin rəsmisi bu gün rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, uzun illər həsrətində olduğumuz Laçın bu gün yenidən qurulur, sürətlə inkişaf edir və öz əsl sahiblərinə qovuşur. Müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və yollar inşa olunur, doğma yurdlarına qayıdan ailələrin sayı artır. Laçında müasir infrastrukturla yanaşı, milli-mədəni dəyərlərə əsaslanan yeni həyat formalaşır.
H.Quliyev əlavə edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın inkişafının, sabitliyinin və gələcəyinin əsasını təşkil edir.
Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyətinin Laçın üzrə nümayəndəsi, Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxışında Ulu Öndər Heydər Əliyevin həyat yolunun bütöv bir xalqın dirçəlişinin, dövlətin möhkəmlənməsinin və milli ruhun yenidən yüksəlişinin tarixini əks etdirdiyini bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin hər bir addımı və qərarı Azərbaycan xalqına olan sonsuz sevgi və bağlılıqdan qaynaqlanıb.
A.Novruzova qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycan bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini, igid oğullarımızın qəhrəmanlıq göstərərək tarix yazdığını vurğulayıb. Birinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçən həyat yoldaşı, Milli Qəhrəman Oqtay Güləliyevin də bu müqəddəs mübarizənin şərəfli iştirakçılarından olduğunu diqqətə çatdırıb.
A.Novruzova bildirib ki, bu gün Azərbaycan bayrağının azad Qarabağda dalğalanması şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin, əsgər və zabitlərimizin şücaətinin nəticəsidir. Doğma Laçına, öz evinə qayıtmağın onun üçün böyük qürur və xoşbəxtlik olduğunu ifadə edib. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğını xüsusi vurğulayıb.
YAP Laçın rayon təşkilatının 54 saylı ərazi partiya təşkilatının sədri, Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantı Şəbnəm Uğurlu çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm yer tutduğunu, dövlətçilik ideyalarının təbliğinə, milli həmrəyliyin gücləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə töhfə verdiyini bildirib.
Ş.Uğurlu vurğulayıb ki, Zəfər tariximizin gənc nəslə aşılanması, Vətən sevgisinin təbliği və şəhidlərimizin xatirəsinin daim uca tutulması mühüm əhəmiyyət daşıyır. Gənclər Qələbəmizin hansı çətinliklər və fədakarlıqlar hesabına əldə olunduğunu bilməli, qazilərimizin qəhrəmanlığına və şəhidlərimizin xatirəsinə hörmətlə yanaşmalıdırlar. O, ölkəmizin daha da güclənməsi, əldə olunan uğurların qorunması və yeni nailiyyətlərin qazanılması üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini qeyd edib. Bildirib ki, Zəfərin yaşadılması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın müqəddəs borcudur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə”, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)” yubiley medalları ilə təltif olunmuş Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimi, ehtiyatda olan polkovnik-leytenant Asəf Hüseynov çıxışında Qarabağ Zəfərinə aparan yolun əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.
A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü iqtisadi və hərbi potensial formalaşdırılıb, Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə təmin olunub, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. O vurğulayıb ki, Azərbaycanın artan iqtisadi və hərbi qüdrəti, siyasi iradəsi, xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsi və ordumuzun qəhrəmanlığı tarixi Qələbənin əldə olunmasında həlledici rol oynayıb.
Polkovnik-leytenant İkinci Qarabağ müharibəsinin hər gününün şanlı tarix və misilsiz qəhrəmanlıq nümunəsi olduğunu bildirib. Qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri böyük rəşadət göstərərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib.
Tədbirdə YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul edilən üzvlərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Daha sonra Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin və Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin hazırladıqları 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.