8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli iradəsinin, qəhrəmanlığının və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı həyata keçirilən və hərbi əməliyyatların taleyini müəyyənləşdirən Şuşa döyüşü Azərbaycanın qələbəsini təmin edən mühüm hadisəyə çevrildi. Şuşanın azad edilməsi ilə xalqımızın uzun illər davam edən torpaq həsrəti sona çatdı, Qarabağın azadlığı uğrunda mübarizədə tarixi ədalət öz yerini tapdı. Bu gün 8 Noyabr həm Zəfər Gününün, həm də Şuşanın azadlıq tarixinin rəmzi kimi qeyd olunur.
Şuşanın azadlığı Azərbaycan xalqının yaddaşında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi müraciəti ilə əbədi yaşayır. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı milyonlarla insanın qəlbində qürur və sevinc hisslərini daha da gücləndirdi. Bu sözlər Azərbaycanın qətiyyətli mövqeyini, öz torpaqlarına sahib çıxmaq iradəsini və qalib xalqın əzmini bütün dünyaya çatdırdı.
Tarixi Qələbənin əldə olunması təsadüfi deyil, illər ərzində formalaşdırılmış düşünülmüş inkişaf strategiyasının nəticəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti ölkəmizin möhkəmlənməsinə, iqtisadi və siyasi potensialının yüksəlməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması və milli birliyin möhkəmləndirilməsi Azərbaycanın hərbi gücünü yeni səviyyəyə yüksəltdi. 44 günlük müharibə bu strateji xəttin real nəticəsini nümayiş etdirdi.
Şuşanın tarixi əhəmiyyəti onun hərbi-strateji mövqeyi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin və milli-mənəvi irsinin formalaşmasında müstəsna rol oynayıb. Şuşa əsrlər boyunca görkəmli sənətkarların yetişdiyi, milli mədəniyyətimizin zənginləşdiyi bir məkan olub. Şəhərin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı statusunu qazanması, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi onun beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.
Azadlığın əldə olunmasından sonra Şuşada geniş quruculuq və yenidənqurma prosesi həyata keçirilir. Şəhərin tarixi simasını qorumaq, mədəni irsini gələcək nəsillərə çatdırmaq və müasir infrastruktur yaratmaq əsas istiqamətlərdəndir. Tarixi abidələr, dini məkanlar və mədəniyyət obyektləri bərpa olunur. Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən təşkil edilməsi Şuşanın mədəni həyatının canlanmasını nümayiş etdirir. Şəhərin Baş planına uyğun görülən işlər onun qədim memarlıq xüsusiyyətlərinin qorunması ilə müasir inkişafını uzlaşdırır. Şuşaya uzanan 101 kilometrlik Zəfər yolu isə qələbənin və doğma yurda qayıdışın rəmzi kimi xüsusi məna daşıyır.
Qarabağın dirçəlişinin əsas məqsədlərindən biri uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qovuşmasıdır. 2026-cı il oktyabrın 23-nə olan statistikaya görə, Şuşa şəhərində 377 ailədən ibarət 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər yaşayışla təmin olunub. Ümumilikdə 420 ailə və 1 579 nəfər doğma yurdlarına qayıdaraq yeni həyat qurmağa başlayıb. Bu, azad edilmiş ərazilərdə həyata keçirilən siyasətin insan talelərində əks olunan mühüm nəticəsidir.
Şuşa bu gün tarixi keçmişini qoruyaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərdə həyata keçirilən layihələr, mədəni tədbirlər və məskunlaşma prosesi Azərbaycanın Qarabağda dayanıqlı həyatın təmin olunmasına yönəlmiş qətiyyətini göstərir. Şuşanın dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil, həm də milli yaddaşın, mənəvi dəyərlərin və tarixi ədalətin bərpasıdır.
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli həmrəyliyini və dövlətimizin qüdrətini özündə birləşdirən əlamətdar tarixdir. Şuşa bundan sonra da xalqımızın qürur ünvanı, milli mədəniyyətimizin beşiyi və Azərbaycanın əbədi Zəfər simvolu olaraq yaşayacaqdır.
Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini