Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın milli qürurunun, birliyinin və qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Şuşa şəhərinin işğaldan azad edilməsi ilə tarixə qızıl hərflərlə yazılmışdır.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunduğunu böyük fəxarət hissi ilə bəyan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu.
Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və peşəkarlıq nəticəsində şəhər düşmən işğalından azad edildi. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də uzun illər davam edən həsrətin sona çatması və tarixi ədalətin bərpası idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın azad edilməsi Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi, şəhidlərimizin ruhunun şad olması demək idi.
Qarabağ Zəfərinə aparan yol Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasından başlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması, güclü ordunun yaradılması və milli maraqların beynəlxalq səviyyədə müdafiəsi tarixi Qələbəmizin əsasını təşkil etdi.
Şuşa tarixən Azərbaycanın mədəniyyət, musiqi və ədəbiyyat mərkəzi olub. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi görkəmli şəxsiyyətlərin vətəni olan bu şəhər milli-mədəni irsimizin ən qiymətli incilərindəndir. Şuşanın azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmış, tarixi abidələrin bərpası və şəhərin əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılmışdır.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” olması, həmçinin şəhərin Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınması onun beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın hazırlanması isə şəhərin müasir standartlara uyğun qurulmasına və tarixi simasının qorunmasına xidmət edir. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm paytaxtı kimi tanıdılması da Şuşanın turizm potensialının inkişafına geniş imkanlar yaradır.
Bu gün Şuşa yenidən qurulur, dirçəlir və öz tarixi şöhrətinə qovuşur. 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın Vətən sevgisinin, milli birliyinin və sarsılmaz iradəsinin rəmzidir. Bu tarixi Qələbə uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir.
Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq və səni dirçəldirik! 8 Noyabr – Şuşa Şəhəri Günü mübarək!
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi