Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bayraq sadəcə rənglərdən və rəmzlərdən ibarət parça deyil. O, xalqın milli yaddaşı, müstəqillik iradəsi, tarixi keçmişi və gələcək arzularının ifadəsidir. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız da məhz belə müqəddəs mənəvi dəyərə malikdir.
Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Bu əlamətdar gün xalqımızın azadlıq mübarizəsinin, dövlət müstəqilliyinə sadiqliyinin və milli birliyinin təcəssümüdür.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayrağımız qəbul edilmişdir. Bu qərar Azərbaycan xalqının müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm tarixi addımlardan biri idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun dövlətçilik ənənələri, milli idealları və qəbul etdiyi dövlət rəmzləri xalqımızın yaddaşında əbədi iz qoydu. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, onun ifadə etdiyi azadlıq və müstəqillik ideyası xalqımızın qəlbində yaşamaqda davam etdi.
Tarixin mürəkkəb sınaqlarından keçən milli bayrağımız 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən dövlət bayrağı kimi qəbul edildi. Bu qərar milli dövlətçilik tariximizin mühüm hadisələrindən biri olmaqla, Azərbaycanın müstəqilliyə doğru irəliləməsində xüsusi əhəmiyyət daşıdı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, Azərbaycan xalqı öz milli dövlətçilik rəmzinə yenidən qovuşdu. Bu, həm də xalqımızın tarixi varisliyinə, milli iradəsinə və müstəqillik əzminə sadiqliyinin göstəricisi idi.
Üçrəngli bayrağımızın hər bir rəngi dərin məna daşıyır. Mavi rəng Azərbaycan xalqının türk mənşəyini və milli kimliyini, qırmızı rəng müasir cəmiyyət qurmaq, inkişaf etmək və demokratik dəyərləri mənimsəmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bayrağımızın üzərindəki ağ aypara və səkkizguşəli ulduz da milli rəmzlərimizin ayrılmaz tərkib hissəsidir.
Bu üç rəng bir araya gələrək Azərbaycan xalqının tarixi köklərini, mənəvi dünyasını və müasir inkişaf məqsədlərini özündə birləşdirir. Məhz buna görə də Dövlət Bayrağımız hər bir azərbaycanlı üçün milli qürur və mənəvi bağlılıq mənbəyidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət rəmzlərinə göstərdiyi xüsusi diqqət və ehtiram milli dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamı bu istiqamətdə atılmış mühüm addımlardan oldu. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı keçirildi. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla isə hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edildi.
Dövlət Bayrağına münasibət yalnız dövlət tədbirlərində və rəsmi mərasimlərdə nümayiş etdirilən ehtiramla məhdudlaşmır. Bayrağa hörmət, əslində, Vətənə, dövlətə, xalqın tarixinə və milli dəyərlərinə hörmət deməkdir. Bu müqəddəs rəmz vətəndaş məsuliyyətinin, milli həmrəyliyin və dövlətə sədaqətin ifadəsidir.
Azərbaycanın müasir tarixində üçrəngli bayrağımızın daşıdığı məna xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra daha da zənginləşdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüzün bərpası milli tariximizin yeni mərhələsini yaratdı.
44 günlük Vətən müharibəsində əldə olunan Qələbə üçrəngli bayrağımızın illərlə həsrətlə gözlənilən torpaqlarımızda yenidən dalğalanmasını təmin etdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın yaddaşına əbədi həkk olunan tarixi anlara çevrildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpası üçrəngli bayrağımızın ölkəmizin hər yerində dalğalanmasını təmin etdi. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağının ucaldılması dövlət suverenliyimizin real təcəssümü oldu.
Bu gün Azərbaycan Bayrağı yalnız ölkəmizin şəhər və kəndlərində deyil, beynəlxalq təşkilatların mənzil-qərargahlarında, diplomatik nümayəndəliklərimizin binalarında, müxtəlif beynəlxalq tədbirlərdə və idman yarışlarında da dalğalanır. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurlar zamanı üçrəngli bayrağımızın yüksəldilməsi hər bir azərbaycanlıda böyük sevinc və qürur hissi yaradır.
Dövlət Bayrağı Günü həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Gənclərimiz bilməlidirlər ki, bu bayraq asanlıqla qazanılmış azadlığın deyil, uzun illər davam edən mübarizənin, fədakarlığın və milli iradənin rəmzidir. Onun hər bir rəngi, hər bir simvolu xalqımızın tarixindən xəbər verir.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri dövlət rəmzlərimizə hörmətin cəmiyyətdə daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsidir. Bayrağımızı sevmək, onu ucaltmaq və şərəflə daşımaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Nəticə etibarilə, 9 Noyabr – Dövlət Bayrağı Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycan xalqının müstəqillik salnaməsinin, milli kimliyinin və dövlətçilik iradəsinin bayramıdır. Üçrəngli bayrağımız keçmişimizlə bu günümüz arasında mənəvi körpü olmaqla yanaşı, gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli dövlətçilik əmanətlərindən biridir. Bu bayraq altında müstəqil dövlət qurmuşuq, bu bayraq altında tarixi Qələbə qazanmışıq, bu bayraq altında suverenliyimizi bərpa etmişik. Onun hər zaman uca tutulması isə hər birimizin Vətən qarşısında məsuliyyətidir.
Qoy, üçrəngli Azərbaycan Bayrağı daim yüksəklərdə dalğalansın! Qoy, onun kölgəsində müstəqil, qüdrətli və suveren Azərbaycanımızın uğurları daha da artsın!