Zəfər Günü şanlı qürur mənbəyimizdir

Zəfər Günü şanlı qürur mənbəyimizdir

 

        

         Ümummilli liderimiz Heydər Əliyev 7 fevral 1993-cü ildə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının təsis konfransında çıxış edərək demişdir: “Azərbaycan öz müstəqilliyini möhkəmləndirməklə yanaşı müharibədən də çıxmalı, necə olursa olsun torpaqlarımız qaytarılmalıdır”.     

Ulu öndərimizin 27 il öncə söylədiyi uzaqgörən siyasəti, ideyaları, arzuları 2020-ci ilin sentyabr-noyabr  aylarında yerinə yetrildi.

27 il sonra 2020-ci il Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Cənab Prezidentimiz İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə Ermənistanın hərbi məğlubiyyətinə, təsliminə nail olundu. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.

Şuşa qalasının alınması qəhrəmanlıq salnaməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində demişdir: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, təslim olma haqqında bəyannaməni imzaladı.

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gündür. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!

Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın təslim olmasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan bəyannamə şərtlərinə razılığını verdi. Ərazi bütövlüyümüz təmin olundu.

Bəyanatda önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı.

Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, bütün şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Qarabağ Azərbaycandır! “Günnüt” əməliyyatı,44 günlük qəhrəmanlıq savaşımız, “qisas”, “qətiyyətli cavab” və antiterror əməliyyatları tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Bu gün fəxrlə qeyd edirik ki, 15 oktyabr 2023-cü il tarixdə Prezindent cənab İlham Əliyev tərəfindən Xankəndi və digər bölgələrdə üç rəngli dövlət bayrağımız ucaldıldı. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu, azad olunmuş regionlarda bərpa, quruculuq işləri aparılır, köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. “Böyük Qayıdış” Proqramı uğurla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 27 sentyabr “Anım Günü” kimi, xalqımızın qüdrətini və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşməsi məqsədi ilə ölkə Prezidentinin 03 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölkəmizdə “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

“Zəfər Günü” ilə bağlı sərəncamda deyilir: “Azərbaycan xalqının arzu və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi qələbə çaldı”.

Bu tarixi qələbə xalqımızın milli birliyinin, əzminin, qəhrəmanlığının və Vətənə olan sonsuz məhəbbətinin təntənəsidir.

 

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri