Bayrağımızın ucalığı – Azərbaycanın qüdrətinin və tarixi Zəfərinin təntənəsi

Bayrağımızın ucalığı – Azərbaycanın qüdrətinin və tarixi Zəfərinin təntənəsi

 

 

            Dövlət Bayrağı hər bir müstəqil ölkənin suverenliyini, milli kimliyini və beynəlxalq aləmdə mövcudluğunu təsdiq edən əsas dövlət rəmzlərindən biridir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı isə xalqımızın zəngin tarixini, milli-mənəvi dəyərlərini, müstəqillik uğrunda mübarizəsini və gələcəyə yönəlmiş inkişaf yolunu özündə əks etdirir. Bu bayrağa baxarkən hər bir azərbaycanlı öz xalqının keçmişini, qəhrəmanlıq tarixini, dövlətçilik ənənələrini və müstəqil gələcəyini görür. Məhz buna görə də 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımız üçün böyük mənəvi və siyasi əhəmiyyət daşıyan əlamətdar gündür.

            Azərbaycanın üçrəngli bayrağı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət rəmzi kimi qəbul edilmişdir. Həmin dövrdə qəbul edilən bu qərar Azərbaycan xalqının milli oyanışının, azadlıq düşüncəsinin və müstəqil dövlət qurmaq iradəsinin ifadəsi idi. Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, milli dövlətçilik tariximizdə silinməz iz qoydu. Üçrəngli bayrağımız isə həmin tarixi irsin ən qiymətli yadigarlarından biri kimi xalqımızın yaddaşında yaşamağa davam etdi.

            Müstəqilliyimizin bərpasından sonra Dövlət Bayrağımız yenidən Azərbaycanın rəsmi dövlət rəmzinə çevrildi. Bu prosesdə ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. Ulu öndər hələ 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsinə nail olmaqla milli istiqlal ideyalarının həyata keçirilməsi istiqamətində mühüm siyasi addım atmışdı. Onun dövlətçilik fəlsəfəsində milli atributlara, xalqın tarixi yaddaşına və mənəvi dəyərlərinə xüsusi yer verilirdi.

            Bu gün həmin dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan beynəlxalq mövqelərini möhkəmləndirmiş, iqtisadi və hərbi qüdrətini artırmış, müstəqil siyasət yürüdən güclü dövlətə çevrilmişdir. Dövlət rəmzlərimizin qorunması və təbliği, xüsusilə Dövlət Bayrağımıza göstərilən ehtiram ölkəmizdə milli həmrəyliyin gücləndirilməsinə xidmət edir.

            Azərbaycan bayrağının ucalığı və mənəvi əhəmiyyəti 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə yeni məzmun qazandı. 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə olundu. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən bu möhtəşəm Zəfər xalqımızın milli qürurunu daha da yüksəltdi.

            İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması hər bir azərbaycanlı üçün unudulmaz tarixi anlara çevrildi. Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımızda bayrağımızın dalğalanması şəhidlərimizin qanının yerdə qalmadığını, xalqımızın tarixi ədaləti bərpa etdiyini və Azərbaycan dövlətinin öz suveren hüquqlarını qətiyyətlə təmin etdiyini göstərdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, həyata keçirilən Böyük Qayıdış proqramı həmin Qələbənin davamı kimi xüsusi əhəmiyyət daşıyır.

            Bayrağımızın ucalması yalnız hərbi və siyasi nailiyyətlərin göstəricisi deyil, həm də dövlətimizin gələcək inkişafına olan inamın ifadəsidir. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional təhlükəsizliyin və əməkdaşlığın mühüm iştirakçısı kimi çıxış edir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, həyata keçirilən iqtisadi layihələr və diplomatik təşəbbüslər Azərbaycanın artan nüfuzunu nümayiş etdirir. Bütün bu nailiyyətlərin arxasında müstəqil dövlətçilik siyasəti, xalq-iqtidar birliyi və milli maraqlara əsaslanan inkişaf strategiyası dayanır.

            Dövlət Bayrağı Gününün əhəmiyyəti həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlıdır. Hər bir gənc bilməlidir ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun tarixində müstəqillik uğrunda mübarizə aparan insanların arzuları, şəhidlərimizin qəhrəmanlığı və bütöv bir xalqın fədakarlığı dayanır. Bayrağa hörmət etmək Vətənə, dövlətə və milli dəyərlərə hörmət etmək deməkdir.

 

Hacı Məmmədov

YAP Kəngərli rayon təşkilatının fəalı