Zəfər günü – milli birliyin, qəhrəmanlığın və güclü Azərbaycan dövlətinin təntənəsi

Zəfər günü – milli birliyin, qəhrəmanlığın və güclü Azərbaycan dövlətinin təntənəsi

Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biri olan 8 Noyabr – Zəfər Günü milli qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın rəmzidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu.

Uzun illər ərzində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə ciddi ziyan vurulmuşdu. Azərbaycan dövləti bu dövrdə torpaqlarımızın azad edilməsi məqsədilə bütün istiqamətlərdə məqsədyönlü siyasət həyata keçirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi və hərbi qüdrəti artırıldı, müdafiə sənayesi inkişaf etdirildi, müasir silahlarla təchiz olunmuş güclü ordu yaradıldı. Hərbi büdcənin artırılması və Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi gələcək Qələbənin əsasını təşkil etdi. Dövlət başçısının qeyd etdiyi kimi, 2003-cü ildən həyata keçirilən bütün addımlar Azərbaycanın gücləndirilməsinə və torpaqlarımızın azad edilməsinə xidmət edirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsində əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliləyərək torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etdi. Hərbçilərimizin Vətən sevgisi, fədakarlığı və “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşməsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Müharibə dövründə xalq, dövlət və ordu vahid məqsəd ətrafında birləşdi. Prezident İlham Əliyevin qətiyyətli çıxışları və beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı. “Dəmir yumruq” milli birliyin, gücün və sarsılmaz iradənin rəmzinə çevrildi.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycan tarixi Qələbə qazandı. Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə Azərbaycan Ordusunun qüdrətini və xalqımızın qürurunu bütün dünyaya nümayiş etdirdi.

2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə tam bərpa edildi. Bu tarixi hadisə ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.

Tarixi Qələbədən sonra Azərbaycan qarşısında yeni inkişaf mərhələsi açıldı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri tikilir, məşğulluq imkanları yaradılır. DOST və ASAN xidmətlərinin Qarabağda fəaliyyət göstərməsi dövlət xidmətlərinin əhali üçün əlçatanlığını artırır.

Zəfərdən sonra şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı da xüsusi diqqət mərkəzində saxlanılır. Qazilərin sosial müdafiəsi, reabilitasiyası və məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. “YAŞAT” Fondu şəhid ailələrinə və yaralı hərbçilərə dəstək göstərilməsində mühüm rol oynayır. Eyni zamanda, Zəfər Gününün təsis edilməsi, Anım Gününün və Dövlət Suverenliyi Gününün qeyd olunması, Zəfər Parkı və muzeyinin yaradılması tarixi Qələbəmizin əbədiləşdirilməsinə xidmət edir.

Bu gün Azərbaycan regionda mövqelərini gücləndirən, iqtisadi və siyasi potensialını artıran qüdrətli dövlətdir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, Qarabağın məskunlaşdırılması və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində görülən işlər ölkəmizin sülhə və davamlı inkişafa sadiqliyini göstərir.

8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsidir. Bu tarixi Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı hesabına qazanılmışdır. Zəfərimiz gələcək nəsillər üçün qürur mənbəyi, müstəqil Azərbaycan dövlətinin gücünün və sarsılmaz iradəsinin əbədi rəmzi olacaqdır.
 

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi