Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi – hüquqi dövlətçiliyin və konstitusion ədalətin təminatçısı

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi – hüquqi dövlətçiliyin və konstitusion ədalətin təminatçısı

 

      Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkəmizdə hüquqi dövlət quruculuğunun, qanunun aliliyinin və konstitusion hüquq və azadlıqların qorunmasının təmin edilməsində mühüm rol oynayan ali dövlət orqanlarından biridir. Məhkəmənin fəaliyyəti dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, hüquq sisteminin inkişafına və cəmiyyətdə ədalət meyarlarının qorunmasına xidmət edir.

     Müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiyanın qəbul edilməsi mühüm tarixi hadisə olmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi və demokratik inkişafının əsasını qoymuşdur. Konstitusiyada dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqları, dövlət orqanlarının səlahiyyətləri, eləcə də cəmiyyətin inkişaf istiqamətləri öz əksini tapmışdır. Bu ali hüquqi sənədin müddəalarının qorunması və düzgün tətbiqinin təmin olunması Konstitusiya Məhkəməsinin əsas fəaliyyət istiqamətlərindəndir.

      Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən mühüm dövlət təsisatıdır. Onun əsas vəzifəsi qanunların və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq, konstitusion prinsiplərin qorunmasını təmin etməkdir. Bu baxımdan Məhkəmənin fəaliyyəti yalnız hüquqi mübahisələrin həlli ilə məhdudlaşmır, eyni zamanda ölkədə qanunçuluğun möhkəmləndirilməsinə və dövlət idarəçiliyində hüquqi əsasların qorunmasına mühüm töhfə verir.

     Məhkəmənin fəaliyyətində əsas prinsiplərdən biri müstəqillikdir. Bu müstəqillik qəbul edilən qərarların obyektivliyini, qanunlara əsaslanmasını və hər hansı kənar təsirdən uzaq olmasını təmin edən mühüm amildir. Konstitusiya Məhkəməsi öz fəaliyyətini Konstitusiyanın aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurur. Bu prinsiplər hüquqi dövlətin möhkəmləndirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

    Konstitusiya Məhkəməsinin yaradılması müstəqil Azərbaycan dövlətinin hüquq sistemində mühüm yeniliklərdən biri olmuşdur. Məhkəmə 1998-ci il iyulun 14-də fəaliyyətə başlamışdır. Bu mühüm dövlət təsisatının formalaşması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların nəticələrindən biri kimi qiymətləndirilir. Həmin dövrdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik institutların möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.

      Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi doqquz hakimdən ibarətdir. Hakimlər Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin edilirlər və onların səlahiyyət müddəti 15 ildir. Məhkəmə öz fəaliyyətini Plenum və palatalar vasitəsilə həyata keçirir. Bu təşkilati quruluş məsələlərə hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmasına şərait yaradır.

     Konstitusiya Məhkəməsinin ən mühüm vəzifələrindən biri vətəndaşların hüquq və azadlıqlarının qorunmasıdır. İnsan hüquqlarının təmin edilməsi demokratik dövlətin əsas göstəricilərindən biridir. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, hüquqlarının müdafiəsi və ədalətli münasibətlə qarşılanması hüquqi dövlətin əsas prinsiplərini təşkil edir. Konstitusiya Məhkəməsi qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində fərdi konstitusiya şikayətlərinə də baxır. Bu imkan insanların pozulmuş hüquqlarının bərpası üçün mühüm hüquqi mexanizmdir.

      Məhkəmənin digər vacib səlahiyyətlərindən biri Konstitusiyanın və qanunların şərh edilməsidir. Bəzən hüquqi normaların tətbiqi zamanı müəyyən anlaşılmazlıqlar və fikir ayrılıqları meydana çıxır. Belə hallarda Konstitusiya Məhkəməsinin verdiyi hüquqi şərhlər qanunvericilik müddəalarının düzgün anlaşılmasına və vahid hüquqtətbiqetmə təcrübəsinin formalaşmasına kömək edir. Bu isə hüquqi sabitliyin qorunması və qanunların düzgün icrası baxımından böyük əhəmiyyət daşıyır.

     Müasir dövrdə Azərbaycanın hüquq sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, insan hüquq və azadlıqlarının müdafiəsinə dair qəbul edilmiş sənədlər hüquqi münasibətlərin tənzimlənməsində mühüm yer tutur. Konstitusiya Məhkəməsi öz səlahiyyətləri çərçivəsində milli qanunvericiliyin və konstitusion prinsiplərin qorunmasına, hüquqi sistemin inkişafına töhfə verir.

   Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin qərarları dövlət orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasına da mühüm təsir göstərir. Onun qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə uyğun olaraq dövlət orqanları, vəzifəli şəxslər və digər subyektlər üçün məcburi əhəmiyyət daşıyır. Bu qərarlar hüquqi münasibətlərin tənzimlənməsində, qanunvericiliyin təkmilləşdirilməsində və hüquqi müəyyənliyin təmin edilməsində mühüm rol oynayır.

      Bu gün Azərbaycanda həyata keçirilən islahatlar dövlət idarəçiliyinin bütün sahələrində müasir yanaşmaların tətbiqini zəruri edir. Hüquqi dövlət quruculuğunun davam etdirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların hüquqi maarifləndirilməsi və qanunlara hörmət ruhunun gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu prosesdə Konstitusiya Məhkəməsinin üzərinə düşən məsuliyyət də olduqca böyükdür.

     Cəmiyyətin hüquqi maarifləndirilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir. Hər bir vətəndaş öz hüquq və vəzifələrini bilməli, Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı əhəmiyyətini dərk etməlidir. İnsanların hüquqi biliklərinin artırılması qanunlara hörmətin güclənməsinə, vətəndaş məsuliyyətinin yüksəlməsinə və sağlam ictimai münasibətlərin formalaşmasına xidmət edir. Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması da bu baxımdan əhəmiyyətlidir.

Rəvanə Seyidova

YAP Ordubad rayon təşklatının fəalı