Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, milli-mənəvi dəyərlər sistemində və azadlıq mübarizəsində özünəməxsus yer tutan müqəddəs dövlət rəmzlərimizdən biri də üçrəngli Dövlət Bayrağımızdır. Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Bu əlamətdar gün yalnız dövlət atributlarından birinə həsr olunmuş bayram deyil, həm də xalqımızın milli kimliyinin, tarixi yaddaşının, müstəqillik əzminin, dövlətçilik iradəsinin və gələcəyə inamının təntənəsidir.
Dövlət Bayrağı hər bir xalqın müstəqilliyini, suverenliyini, milli birliyini və özünəməxsusluğunu ifadə edən ən mühüm rəmzlərdən biridir. Azərbaycan xalqı üçün üçrəngli bayraq milli varlığımızın, azadlıq ideallarımızın, tarixi keçmişimizin və müstəqil gələcəyimizin ayrılmaz hissəsidir. Bayrağımızın hər bir rəngi, üzərindəki aypara və səkkizguşəli ulduz dərin tarixi, siyasi və mənəvi məna daşıyır. Bu rəmzlər xalqımızın milli düşüncəsini, dünyagörüşünü, sivilizasiya dəyərlərini və dövlətçilik fəlsəfəsini özündə birləşdirir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının yaranması XX əsrin əvvəllərində xalqımızın milli oyanış və istiqlal mübarizəsi dövrünə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Şərqdə ilk demokratik respublikalardan biri kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizin bərpası, demokratik idarəçilik prinsiplərinin tətbiqi və milli özünüdərkin inkişafı baxımından misilsiz əhəmiyyətə malikdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi qərarla üçrəngli bayraq dövlət bayrağı kimi təsdiq edilmişdir. Bu qərar Azərbaycanın milli ideologiyasının və dövlətçilik konsepsiyasının formalaşmasında mühüm mərhələ olmuşdur. Üçrəngli bayrağımızın rəngləri Azərbaycan milli ideyasının əsas istiqamətlərini özündə əks etdirir. Üçrəngli bayrağımız Azərbaycan xalqının milli ideologiyasını, tarixi yaddaşını və müasir inkişaf istiqamətlərini vahid bir rəmzdə birləşdirir.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində xalqımız dövlət müstəqilliyini itirsə də, istiqlal ideyası heç vaxt yaddaşlardan silinmədi. Sovet hakimiyyəti illərində milli dövlətçilik ənənələrimizə, azadlıq düşüncəmizə və müstəqillik arzularımıza müxtəlif məhdudiyyətlər qoyulsa da, xalqımızın milli ruhu və öz dövlətinə sahib olmaq istəyi yaşamaqda davam etdi.
XX əsrin sonlarında SSRİ-də baş verən siyasi proseslər, milli azadlıq hərəkatının güclənməsi və Azərbaycanın müstəqillik uğrunda mübarizəsi üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi üçün tarixi zəmin yaratdı. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmiş, Azərbaycan SSR-in dövlət rəmzləri məsələsinə yenidən baxılması üçün mühüm siyasi addım atılmışdır.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Həmin il oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Bununla da Azərbaycan xalqı öz müstəqil dövlətini yenidən qurmaq hüququnu və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Üçrəngli bayrağımızın yenidən dövlət atributu kimi qəbul edilməsi təkcə tarixi simvolun bərpası deyildi. Bu, Azərbaycan xalqının öz milli kimliyinə, dövlətçilik ənənələrinə, tarixi keçmişinə və istiqlal ideallarına qayıdışının təcəssümü idi.
Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev milli rəmzlərimizin qorunmasına və təbliğinə daim xüsusi diqqət yetirmişdir. Onun siyasi fəaliyyətində Dövlət Bayrağına münasibət milli müstəqilliyə, dövlət suverenliyinə və xalqın milli-mənəvi dəyərlərinə münasibətin mühüm göstəricisi olmuşdur. Heydər Əliyev Dövlət Bayrağının mahiyyətini və hər bir Azərbaycan vətəndaşının həyatında daşıdığı mənəvi məsuliyyəti belə ifadə etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Bu fikirlər Dövlət Bayrağının dövlət atributu olmaqla yanaşı, milli ideologiyanın mühüm dayağı olduğunu təsdiqləyir. Ulu Öndərin yanaşmasına görə, bayrağa ehtiram yalnız rəsmi mərasimlərdə göstərilən hörmətlə məhdudlaşmamalı, hər bir vətəndaşın gündəlik həyatında, düşüncəsində və davranışında öz əksini tapmalıdır.
Müstəqil Azərbaycanın dövlət atributlarının təbliği və milli rəmzlərə ehtiramın yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Meydanı paytaxtımızın ən əlamətdar məkanlarından birinə çevrilmişdir. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Bu meydan Azərbaycan xalqının müstəqillik iradəsinin, milli birliyinin və dövlət suverenliyinin təntənəsini ifadə edir. Meydanda ucaldılmış nəhəng üçrəngli bayraq ölkəmizin milli qürurunun, müstəqilliyinin və beynəlxalq nüfuzunun rəmzinə çevrilmişdir. Burada dalğalanan bayrağımız hər bir azərbaycanlıya öz dövlətinə, tarixinə və milli kimliyinə bağlılığını xatırladır. Dövlət Bayrağı Meydanı həm də gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu məkanın ziyarəti gənclərdə dövlət rəmzlərinə hörmət, milli tarixə maraq və Vətənə bağlılıq hisslərini gücləndirir. Bayrağımızın ucalığı, əzəməti və daim dalğalanması Azərbaycanın müstəqil dövlət kimi inkişaf etmək əzmini, xalqımızın birlik və həmrəyliyini nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi və dövlət rəmzlərinin təbliği istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyev Dövlət Bayrağının xalqımızın həyatında daşıdığı mənəvi və siyasi əhəmiyyəti yüksək qiymətləndirərək demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Dövlət Bayrağı Azərbaycanın beynəlxalq aləmdə tanınmasının, milli maraqlarının və müstəqil siyasətinin rəmzidir. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, siyasi görüşlərdə, idman yarışlarında və digər nüfuzlu platformalarda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Azərbaycanın müasir tarixində Dövlət Bayrağının mənəvi və siyasi əhəmiyyətini daha da artıran hadisələrdən biri də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik mübarizə tarixində yeni səhifə açdı. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Zəfər tariximizin ən mühüm hadisələrindən biri oldu. Bu qələbə Azərbaycanın hərbi-siyasi gücünü, milli iradəsini və ərazi bütövlüyünün bərpası istiqamətindəki qətiyyətini nümayiş etdirdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının bütün ərazilərində dövlət suverenliyi təmin edildi. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalıda, Xocavənddə və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisələr üçrəngli bayrağımızın tarixi missiyasının yeni mərhələsini təşkil edir. Uzun illər işğal altında olmuş torpaqlarımızda Dövlət Bayrağımızın dalğalanması xalqımızın ədalətə, tarixi həqiqətə və milli birliyə olan inamının təntənəsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların məskunlaşması, yeni yaşayış məntəqələrinin salınması və infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın sülhə, inkişafa və gələcəyə yönəlmiş siyasətinin göstəricisidir.
Azərbaycan Respublikasında 9 Noyabr – Dövlət Bayrağı Gününün təsis edilməsi milli dövlətçilik tariximizə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Həmin tarixdən etibarən Dövlət Bayrağı Günü ölkəmizdə dövlətçilik ənənələrinə ehtiramın, milli birliyin və vətənpərvərlik ruhunun təcəssümü kimi qeyd olunur. Bu günün qeyd edilməsi hər bir Azərbaycan vətəndaşına dövlət müstəqilliyimizin hansı tarixi mərhələlərdən keçərək formalaşdığını xatırladır. Eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dövlət atributlarına hörmətin artırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri