Üçrəngli bayrağımız – milli qürurumuz, dövlət suverenliyimizin və müstəqilliyimizin rəmzi

Üçrəngli bayrağımız – milli qürurumuz, dövlət suverenliyimizin və müstəqilliyimizin rəmzi

Azərbaycan xalqının tarixində elə müqəddəs dəyərlər vardır ki, onlar xalqın milli kimliyini, azadlıq arzusunu, müstəqillik uğrunda mübarizəsini və dövlətçilik ənənələrini özündə yaşadır. Bu dəyərlərin ən önəmlilərindən biri də Azərbaycan Respublikasının Dövlət bayrağıdır. Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar gün xalqımızın tarixini, milli birliyini, müstəqilliyini və dövlət suverenliyini təcəssüm etdirən üçrəngli bayrağımıza olan hörmət və ehtiramın ifadəsidir. Azərbaycan bayrağı sadəcə üç rəngdən ibarət bir parça deyil, o, xalqımızın keçdiyi çətin və şərəfli tarixin, azadlıq mübarizəsinin, milli iradəsinin və gələcəyə olan inamının rəmzidir.

Azərbaycanın üçrəngli Dövlət bayrağının tarixi XX əsrin əvvəllərinə, xalqımızın milli azadlıq hərəkatının gücləndiyi dövrə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birini quraraq müstəqil dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. Yeni yaranmış dövlətin özünəməxsus dövlət rəmzlərinin müəyyənləşdirilməsi də mühüm məsələlərdən biri idi. İlk dəfə 1918-ci il iyunun 21-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı haqqında qərar qəbul edilmişdi. Həmin bayraq qırmızı rəngdə idi və üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir olunmuşdu. Lakin sonradan milli ideologiyanı və dövlətçilik düşüncəsini daha dolğun ifadə edən üçrəngli bayrağın qəbul edilməsi zərurəti yarandı.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildi. Həmin bayraq müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı. Üçrəngli bayraq Azərbaycan xalqının milli kimliyini, müasir dövlət quruculuğu məqsədini və mənəvi dəyərlərini özündə birləşdirirdi. Bayraq ilk dəfə qəbul edildiyi zaman hökumət binası üzərində dalğalandırıldı və müstəqil dövlətimizin rəsmi rəmzinə çevrildi.

Azərbaycan bayrağının hər bir rəngi dərin məna daşıyır. Mavi rəng xalqımızın türk mənşəyini, türk dünyasına mənsubiyyətini və milli kimliyini ifadə edir. Qırmızı rəng müasir cəmiyyət qurmaq, inkişaf etmək, tərəqqiyə nail olmaq və demokratik dəyərləri mənimsəmək arzusunu simvolizə edir. Yaşıl rəng isə İslam sivilizasiyasına və mənəvi dəyərlərimizə bağlılığımızı göstərir. Bayrağın mərkəzində yerləşən ağ aypara və səkkizguşəli ulduz da onun mənəvi və tarixi əhəmiyyətini tamamlayır. Bu rəmzlər birlikdə Azərbaycan xalqının milli-mənəvi dünyasını, tarixini və dövlətçilik ideallarını əks etdirir.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın dövlətçilik tarixində silinməz iz qoydu. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik işğalına məruz qalması nəticəsində Xalq Cümhuriyyəti süqut etdi, ölkəmizin müstəqilliyinə son qoyuldu və üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarıldı. Lakin xalqımızın qəlbində yaşayan müstəqillik arzusu və milli dövlətçilik ideyası heç vaxt məhv olmadı. Üçrəngli bayraq illərlə azadlıq və müstəqillik istəyinin simvolu olaraq yaşadı.

1990-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi ilə üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi bərpa olunması istiqamətində mühüm addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayraq yenidən qaldırıldı və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, onun Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə müraciət qəbul olundu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın yenidən Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Həmin ilin oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpa edilməsi ilə bayrağımız müstəqil Azərbaycan Respublikasının əsas dövlət atributlarından birinə çevrildi.

Dövlət bayrağının əhəmiyyəti təkcə onun tarixi ilə məhdudlaşmır. Bayraq hər bir dövlətin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini və beynəlxalq aləmdə tanınmasını ifadə edən əsas rəmzlərdəndir. Azərbaycan bayrağı da dövlətimizin müstəqil siyasət yürütmək hüququnun, xalqımızın öz taleyini müstəqil müəyyən etmək iradəsinin göstəricisidir. Bu bayrağın dalğalanması Azərbaycan dövlətinin varlığını, xalqımızın birliyini və milli qürurunu nümayiş etdirir. Məhz buna görə də üçrəngli bayrağımıza hörmət etmək, onu qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımızın tariximizdəki xüsusi yerinin bir daha təsdiqi oldu. Həmin tarixdən etibarən noyabrın 9-u ölkəmizdə dövlətçilik ənənələrinə, milli birliyə və müstəqilliyə həsr olunan əlamətdar gün kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı da dövlət bayrağına göstərilən böyük ehtiramın nümunələrindən biridir. Bu meydan Azərbaycan xalqının milli qürurunu və dövlətçilik iradəsini nümayiş etdirən mühüm məkanlardan birinə çevrilmişdir.

Müasir Azərbaycan tarixində Dövlət bayrağımızın mənası və əhəmiyyəti xüsusilə Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam bərpası ilə daha da güclənmişdir. Uzun illər ərzində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması xalqımızın ən böyük ağrılarından biri olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarımız işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni abidələrimizə ciddi ziyan vurulmuşdur. İşğal dövründə Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmaq, ərazi bütövlüyünü bərpa etmək və üçrəngli bayrağını bütün ölkə ərazisində dalğalandırmaq arzusu ilə yaşamışdır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı. Müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər şəhər və kəndlərimiz işğaldan azad edildi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyini həll edən mühüm hadisələrdən biri oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğal altında qalan əraziləri Azərbaycana qaytarıldı. Xalqımızın uzun illər gözlədiyi tarixi Zəfər əldə edildi. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz birliyi hesabına qazanıldı.

Lakin Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesi bununla başa çatmadı. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərpası təmin edildi. Bununla da Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağını ucaltması tariximizin ən qürurlu hadisələrindən birinə çevrildi. Həmin gün üçrəngli bayrağımız Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə və Xankəndidə də ucaldıldı. Bu hadisə xalqımızın uzun illər davam edən mübarizəsinin, dövlətimizin gücünün və müstəqilliyimizin mühüm tarixi nəticəsi kimi yadda qaldı.

Dövlət suverenliyinin tam bərpası Azərbaycan bayrağının daşıdığı mənanı daha da dərinləşdirdi. Artıq bayrağımız yalnız müstəqilliyimizin deyil, həm də ərazi bütövlüyümüzün və suverenliyimizin rəmzi kimi bütün ölkə ərazisində dalğalanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatın yenidən canlandırılması dövlətimizin qarşısında duran əsas məqsədlərdəndir. Bu ərazilərdə Azərbaycan bayrağının dalğalanması həm də doğma torpaqlarımızda həyatın bərpasının və gələcəyə inamın göstəricisidir.

Hazırkı dövrdə Azərbaycan bayrağı beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik görüşlərdə və müxtəlif rəsmi mərasimlərdə dövlətimizi layiqincə təmsil edir. İdmançılarımız beynəlxalq yarışlarda qələbə qazandıqda bayrağımızın yüksəklərə qaldırılması hər bir azərbaycanlıya böyük sevinc və qürur hissi yaşadır. Xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizdə, dövlət müəssisələrində, təhsil ocaqlarında və digər rəsmi binalarda dalğalanan üçrəngli bayrağımız müstəqil Azərbaycanın dünyadakı mövqeyini və milli kimliyini nümayiş etdirir. Bu gün Azərbaycan öz milli maraqlarını qoruyan, müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan suveren dövlətdir.

Dövlət bayrağının qorunması və ona hörmətlə yanaşılması hər bir vətəndaşın məsuliyyətidir. Xüsusilə gənc nəslin milli dəyərlərə bağlı ruhda tərbiyə olunması, dövlət rəmzlərinin tarixini və mənasını dərindən öyrənməsi mühüm əhəmiyyət daşıyır. Gənclər bilməlidirlər ki, bu gün azad və müstəqil ölkədə yaşamaq, üçrəngli bayrağımızın kölgəsində gələcək qurmaq asanlıqla əldə edilməyib. Bu müstəqillik uğrunda minlərlə insan həyatını qurban verib, şəhidlərimiz Vətən torpağının azadlığı naminə canlarından keçiblər. Buna görə də bayrağımıza hörmət yalnız rəsmi mərasimlərdə deyil, gündəlik həyatımızda da özünü göstərməlidir. Onun tarixini bilmək, mənasını dərk etmək, dövlətçiliyimizə sahib çıxmaq və ölkəmizin inkişafına töhfə vermək hər birimizin vətəndaşlıq borcudur.

9 Noyabr – Dövlət Bayrağı Günü həm keçmişimizi xatırlamaq, həm bu günümüzü dəyərləndirmək, həm də gələcəyimizə daha böyük inamla baxmaq üçün mühüm fürsətdir. Bu gün biz 1918-ci ildə müstəqilliyimizin rəmzi kimi qəbul edilmiş bayrağımızın 1920-ci ildə endirilməsini, uzun illərdən sonra yenidən bərpa olunmasını, Vətən müharibəsində azad edilən torpaqlarımızda və 2023-cü ildə suverenliyimizin tam bərpasından sonra bütün ərazilərimizdə ucaldılmasını böyük qürur hissi ilə xatırlayırıq. Üçrəngli bayrağımız keçmişlə bu gün arasında mənəvi körpü yaradaraq xalqımızın azadlıq iradəsini və müstəqil dövlətçilik əzmini yaşadır.

 

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi