“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bayraq Meydanında 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Üçrəngli bayrağımız – milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva çıxış edərək bildirib ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən bəhs edən təşkilat sədri qeyd edib ki, bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır. Bu gün azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan Bayrağı dünyaya tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları ilə yanaşı, birliyimizi təqdim edir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə Dövlət Bayrağı Gününün tarixi əhəmiyyətindən bəhs edib. O, üçrəngli bayrağımızın milli dövlətçilik tariximizdə tutduğu xüsusi mövqeyə toxunaraq, onun müstəqilliyimizin və suverenliyimizin əsas rəmzlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, dövlət rəmzlərimizə hörmət və ehtiramın qorunması, bu dəyərlərin gənc nəslə aşılanması hər bir vətəndaşın mənəvi borcudur.
Tədbirin sonunda məktəblilərin ifasında şeirlər səsləndirilib.