Üçrəngli Bayrağımız – Tariximizin qüruru, dövlətçiliyimizin əbədiyyət rəmzi

Üçrəngli Bayrağımız – Tariximizin qüruru, dövlətçiliyimizin əbədiyyət rəmzi

Hər bir xalqın tarixində onun milli varlığını, azadlıq iradəsini və gələcəyə olan inamını özündə yaşadan müqəddəs dəyərlər mövcuddur. Azərbaycan xalqı üçün bu dəyərlərin ən ucası, ən əzizi və ən müqəddəsi üçrəngli Dövlət Bayrağımızdır. O bayraq ki, əsrlərin sınağından keçən milli kimliyimizi, müstəqillik arzumuzu və dövlətçilik ənənələrimizi özündə birləşdirir. Bu gün səmamızda qürurla dalğalanan üçrəngli bayrağımız xalqımızın keçmişindən gələcəyə uzanan şərəf yolunun canlı təcəssümüdür. 9 Noyabr – Dövlət Bayrağı Günü milli yaddaşımızın, istiqlal düşüncəmizin və dövlətçilik iradəmizin təntənəsidir. Bayrağımızın hər rəngi xalqımızın mənəvi dünyasını, tarixi köklərini və inkişaf hədəflərini ifadə edir. Mavi rəng türkçülüyümüzü və milli mənsubiyyətimizi, qırmızı rəng müasirlik, tərəqqi və demokratik inkişaf ideallarını, yaşıl rəng isə mənəvi və dini dəyərlərimizi simvolizə edir. Aypara və səkkizguşəli ulduz isə bu müqəddəs rəmzin ayrılmaz elementləri kimi milli dövlətçilik tariximizdə özünəməxsus yer tutur. Cümhuriyyətin süqutundan sonra bu bayraq bir müddət dövlətçilik səhnəsindən uzaqlaşdırılsa da, xalqımızın qəlbindəki yerini heç vaxt itirmədi. Onun yenidən dövlət bayrağı kimi qəbul edilməsi və müstəqil Azərbaycanın səmasında dalğalanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan milli dövlətçilik tariximizin mühüm mərhələsidir. Məhz Ulu Öndərin siyasi iradəsi və qətiyyəti nəticəsində üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırıldı, sonradan müstəqil Azərbaycanın dövlət rəmzinə çevrildi.
Bu gün həmin tarixi ənənə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə yüksəlib. Dövlət başçısının qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Bir zamanlar həsrətlə baxdığımız Qarabağ və Şərqi Zəngəzur torpaqlarında bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Füzulidə, Zəngilanda və digər azad edilmiş ərazilərimizdə yüksələn bayrağımız milli qürurumuzun, tarixi ədalətin və Zəfərimizin rəmzidir.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində elə bir səhifə açdı ki, bu səhifənin hər sətri qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi ilə yazıldı. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz igidliyi, xalqımızın bir yumruq kimi birləşməsi sayəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldı. Cənab Prezident İlham Əliyevin qətiyyətlə səsləndirdiyi “Bizim bayrağımız Şuşada dalğalanacaq!” fikri xalqımızın Zəfərə olan inamının ifadəsi idi. Bu inam gerçəkliyə çevrildi. Şuşada dalğalanan bayraq həm hərbi qələbənin, həm də milli iradənin, dövlətçilik əzminin və xalqın sarsılmaz ruhunun təntənəsi oldu.
Bu gün Azərbaycan bayrağı beynəlxalq tədbirlərdə, mötəbər platformalarda, idman arenalarında və dünyanın müxtəlif ölkələrində keçirilən mərasimlərdə yüksəldikcə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaranır. Çünki bayrağımızın ucalması Azərbaycanın nüfuzunun, siyasi qüdrətinin və beynəlxalq mövqeyinin möhkəmlənməsinin ifadəsidir. Onun hər dalğalanışında müstəqil dövlətimizin gücü, xalqımızın birliyi və gələcəyə inamı yaşayır.
Bayrağa hörmət dövlətə hörmət, Vətənə sədaqət və milli dəyərlərə bağlılıq deməkdir. Bu müqəddəs rəmzi qorumaq, onun ucalığını daim yaşatmaq hər birimizin mənəvi borcudur. Xüsusilə gənc nəslin dövlət rəmzlərinə sevgi və ehtiram ruhunda yetişməsi, milli tariximizi dərindən öyrənməsi və müstəqilliyimizin qədrini bilməsi gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyır. Üçrəngli bayrağımız bizim dünənimizdən gələn əmanətimiz, bu günümüzün qüruru və sabahımıza uzanan ümidimizdir. O, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını, xalqımızın azadlıq eşqini və dövlətimizin əbədiliyini özündə yaşadır. Ucal, Azərbaycan bayrağı! Ucal ki, hər dalğalanışın Vətən sevgisini, milli birliyi və müstəqillik ruhunu daha da gücləndirsin. Sənin kölgəndə yaşayan xalqımızın yolu daim Zəfərə, tərəqqiyə və firavan gələcəyə doğru olsun!

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri