Milli dövlətçiliyin təməli: Azərbaycan Respublikasında Konstitusiya quruluşu və inkişaf tarixi

Milli dövlətçiliyin təməli: Azərbaycan Respublikasında Konstitusiya quruluşu və inkişaf tarixi

 

Dövlətin Əsas Qanunu olan Konstitusiya hər bir müstəqil cəmiyyətin siyasi, hüquqi, sosial və mənəvi inkişaf istiqamətlərini müəyyən edən ən mühüm strateji sənəddir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Konstitusiyamız xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini və ümumbəşəri dəyərləri özündə harmonik şəkildə birləşdirərək müasir dövlət quruculuğu üçün sarsılmaz bir hüquqi təməl formalaşdırmışdır. Bu tarihi sənədin əsas müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Ulu Öndərin uzaqgörənliyi və bilavasitə rəhbərliyi ilə hazırlanan Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət modelinin bərqərar olunmasını hüquqi müstəvidə tam təsbit etmişdir.

Azərbaycanın konstitusiya quruluşunun formalaşması tarixi son dərəcə mürəkkəb, zəngin və şərəfli bir yol keçmişdir. 1918-ci il mayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsi Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiya tipli ilk sənədi sayılır. Qısa ömür sürməsinə baxmayaraq, İstiqlal Bəyannaməsi ölkədə irqindən, millətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olduğunu elan etmiş, Şərqdə ilk dəfə qadınlara seçki hüququ qazandıraraq demokratik dövlətçiliyimizin təməlini qoymuşdur. Sovet dövründə Azərbaycan SSR tərkibində 1921, 1927, 1937 və 1978-ci illərdə konstitusiyalar qəbul edilmişdir. Bu sənədlər arasında xüsusilə 1978-ci il Konstitusiyası milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyət kəsb edir. Həmin mürəkkəb ideoloji dövrdə Ümummilli Lider Heydər Əliyevin böyük cəsarəti, prinsipial mövqeyi və dərin milli təəssübkeşliyi sayəsində Azərbaycan dili dövlət dili statusu qazanaraq Konstitusiyada öz əksini tapmışdı. Bu qərar azərbaycançılıq məfkurəsinin qorunması və gələcək müstəqilliyimizin hüquqi zəmininin hazırlanmasında tarixi bir addım olmuşdur.

1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı müstəqil dövlətçiliyin bərpası üçün hüquqi bazanı müəyyənləşdirmiş və modern Konstitusiyanın hazırlanması üçün keçid mərhələsi yaratmışdır. Lakin həmin dövrdəki siyasi hərc-mərclik və böhran tamhüquqlu Konstitusiyanın qəbulunu yubadırdı. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin xilası ilə yanaşı, yeni Konstitusiyanın hazırlanması prosesinə də start verildi. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə həkk olundu. Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi elan edildi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin bölgüsü prinsipi tam bərqərar olundu. Cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar yolu ilə Konstitusiyaya əhəmiyyətli əlavə və dəyişikliklər olunmuş, hüquqi sistemimiz daha da təkmilləşdirilmişdir.

Bu gün Cənab Prezident İlham Əliyevin müzəffər rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ölkənin hər bir qarışında tam bərpa edilmişdir. Bununla da Əsas Qanunumuzun hüquqi qüvvəsi və aliliyi Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün suveren torpaqlarımızda tam təmin olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini, milli-mənəvi dəyərləri və sivil prinsipləri yaşadaraq ölkəmizin parlaq və dayanıqlı gələcəyinə xidmət etməkdə davam edir.

Turanə Atakişiyeva

YAP Naxçıvan şəhər təşkilatı “Hüseyn Cavid küçəsi 1” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü