Konstitusiya və suverenlik – müasir Azərbaycan dövlətçiliyinin iki mühüm sütunu

Konstitusiya və suverenlik – müasir Azərbaycan dövlətçiliyinin iki mühüm sütunu

 

 

Azərbaycan xalqının dövlətçilik tarixində hüquqi müstəqilliyin təmin olunması ilə ərazi suverenliyinin qorunması daim bir-birini tamamlayan strateji məqsədlər olmuşdur. Dövlətin müstəqil qərarlar qəbul etmək imkanına malik olması, öz ərazisində qanunların aliliyini təmin etməsi və vətəndaşların hüquqlarını qoruması onun suverenliyinin əsas göstəriciləridir. Bu baxımdan 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi ifadəsi, milli dövlətçiliyimizin inkişafında isə əvəzsiz tarixi sənəddir.

Konstitusiyanın qəbul edilməsi Azərbaycan tarixində yeni siyasi-hüquqi mərhələnin başlanğıcı oldu. Çünki müstəqilliyini yenicə bərpa etmiş ölkənin qarşısında təkcə dövlət institutlarının yaradılması deyil, həm də demokratik cəmiyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsi və milli maraqlara uyğun idarəetmə modelinin formalaşdırılması vəzifəsi dayanırdı. Bu vəzifələrin həyata keçirilməsi üçün ölkəyə güclü siyasi rəhbərlik və uzaqgörən dövlətçilik strategiyası lazım idi. Məhz Ümummilli Lider Heydər Əliyev həmin tarixi məsuliyyəti öz üzərinə götürərək Azərbaycanın hüquqi dövlət kimi inkişafının təməlini qoydu.

1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər ilk növbədə dövlətçiliyi təhdid edən təhlükələrin aradan qaldırılmasına, ölkədə sabitliyin təmin edilməsinə və idarəetmə sisteminin möhkəmləndirilməsinə nail oldu. Bunun ardınca dövlətin hüquqi əsaslarının yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyası müstəqil Azərbaycanın Əsas Qanununun hazırlanması prosesinə başladı. Layihədə milli dövlətçilik ənənələri, beynəlxalq hüququn mütərəqqi prinsipləri və müasir demokratik idarəetmə təcrübəsi nəzərə alındı.

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan vətəndaşları ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən edən sənədə münasibətlərini ifadə etdilər. Səsvermədə iştirak edənlərin 91,9 faizinin Konstitusiyanı dəstəkləməsi bu sənədin xalq iradəsinə əsaslandığını təsdiqlədi. Noyabrın 27-dən qüvvəyə minən Əsas Qanun müstəqil dövlətin siyasi sistemini, hakimiyyətin təşkilini, hüquq və azadlıqların təminatını və dövlət-cəmiyyət münasibətlərinin əsaslarını müəyyən etdi.

Konstitusiyanın hazırlanmasında Heydər Əliyevin milli-mənəvi dəyərlərə və tarixi irsə münasibəti də mühüm rol oynamışdır. Onun hələ 1978-ci ildə Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyada qorunmasına nail olması milli dövlətçilik düşüncəsinin uzun illər ərzində ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Həmin qərar yalnız dilimizin hüquqi statusunun müəyyənləşdirilməsi deyil, həm də xalqımızın milli varlığının, tarixi yaddaşının və özünəməxsusluğunun qorunması baxımından əhəmiyyətli idi.

Azərbaycan Konstitusiyasının əsas fəlsəfəsi insan hüquqlarına, demokratik dəyərlərə və dövlət hakimiyyətinin qanun əsasında həyata keçirilməsinə söykənir. Əsas Qanunda hər bir şəxsin hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi müəyyən edilmişdir. Vətəndaşların bərabərliyi, azad düşüncə, sərbəst ifadə, vicdan, mülkiyyət və digər fundamental hüquqların təsbit olunması demokratik cəmiyyətin formalaşmasına hüquqi təminat yaratmışdır. Konstitusiya Məhkəməsinin 1998-ci ildən fəaliyyətə başlaması da ölkəmizdə konstitusion nəzarət sisteminin inkişafına mühüm töhfə vermişdir.

Zaman keçdikcə ölkənin ictimai-siyasi və iqtisadi inkişafı yeni hüquqi tənzimləmələri zəruri etmişdir. Bu məqsədlə 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları keçirilmiş, Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər dövlət idarəçiliyinin çevikliyinin artırılması, hüquq və azadlıqların təminat mexanizmlərinin genişləndirilməsi və idarəetmə institutlarının təkmilləşdirilməsi baxımından əhəmiyyət daşımışdır.

Lakin müasir Azərbaycan dövlətçiliyinin tarixində Konstitusiyanın əhəmiyyətini daha da artıran əsas hadisələrdən biri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Uzun illər ərzində torpaqlarımızın işğal altında qalması dövlətimizin konstitusion hüquqlarının bütün ərazilərdə həyata keçirilməsinə mane olurdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə bu tarixi ədalətsizliyə son qoydu. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli mövqeyi nəticəsində işğal altındakı torpaqlarımız azad edildi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bununla Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bütün ölkə ərazisində təmin etmək gücündə olan qüdrətli dövlət olduğunu nümayiş etdirdi. Xankəndi, Şuşa, Laçın və digər ərazilərimizdə dövlət atributlarımızın dalğalanması, konstitusion idarəetmənin bərqərar olması müstəqillik tariximizin ən mühüm nailiyyətlərindəndir.

Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri dövlət suverenliyinin real nəticələrini əks etdirir. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bütün bu proseslər Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsipləri əsasında həyata keçirilir.

Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də təsadüfi deyildi. Bu qərar Azərbaycanın müstəqillik tarixində iki mühüm nailiyyətin – milli Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümünün və dövlət suverenliyinin tam bərpasının vahid məfkurə ətrafında qeyd olunmasına imkan yaratdı.

Konstitusiya dövlətin hüquqi varlığını, suverenlik isə onun müstəqil iradəsini və ərazi üzərində ali hakimiyyətini ifadə edir. Bu iki dəyərin vəhdəti güclü Azərbaycanın əsasını təşkil edir. Qarşıda duran vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, qanunun aliliyini gündəlik həyatımızın əsas prinsipinə çevirmək, dövlətimizin inkişafına və milli həmrəyliyin möhkəmlənməsinə töhfə verməkdir.

 

Türkanə Kərimova

Yap Babək rayon təşkilatının əməkdaşı