Konstitusiya Günü – dövlət müstəqilliyimizin hüquqi təminatı

Konstitusiya Günü – dövlət müstəqilliyimizin hüquqi təminatı

 

Hər bir müstəqil dövlətin möhkəm təməli onun hüquqi əsasları, qanunvericilik sistemi və idarəçilik prinsipləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası da ölkəmizin dövlətçilik tarixində məhz belə mühüm missiyanı yerinə yetirən sənəddir. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri dövlətin hüquqi sistemini formalaşdırmaq, vətəndaşların hüquq və azadlıqlarını təmin edən möhkəm qanunvericilik bazası yaratmaq idi.

Bu mühüm prosesin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi ölkənin gələcək inkişafını müəyyən edən əsas hüquqi sənəd kimi ümumxalq müzakirəsinə təqdim edildi. 1995-ci il noyabrın 12-də keçirilən referendumda xalqın iradəsi ilə qəbul olunan Konstitusiya həmin ayın 27-də qüvvəyə mindi. Bununla da müstəqil Azərbaycanın dövlət quruculuğunun hüquqi çərçivəsi müəyyənləşdirildi. Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ulu Öndərin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri idi.

Əsas Qanun dövlətin idarə olunmasından tutmuş vətəndaşların gündəlik həyatına qədər geniş sahələri əhatə edir. Burada hakimiyyətin təşkili, dövlət orqanlarının səlahiyyətləri, qanun qarşısında bərabərlik, insan hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm məsələlər öz həllini tapıb. Konstitusiyanın əsas prinsipləri Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi zəminini formalaşdırır. Onun müddəaları ölkədə qanunun aliliyinin təmin edilməsinə və cəmiyyət həyatında hüquqi münasibətlərin tənzimlənməsinə xidmət edir.

Zaman keçdikcə ölkənin inkişafı və yeni ictimai münasibətlərin yaranması Əsas Qanunun təkmilləşdirilməsini də zəruri etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar Konstitusiyanın ayrı-ayrı müddəalarında dəyişikliklərin edilməsinə imkan yaratdı. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü və 2016-cı il iyulun 26-da imzaladığı sərəncam əsasında keçirilən referendum dövlət idarəçiliyinin hüquqi mexanizmlərinin yenilənməsi baxımından əhəmiyyətli oldu.

Konstitusiyanın qəbul edildiyi günün əlamətdar tarix kimi qeyd olunması da dövlətçilik ənənələrimizin mühüm hissəsidir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla noyabrın 12-si Konstitusiya Günü elan edildi. Bu qərar Əsas Qanunun cəmiyyət həyatındakı rolunun geniş təbliği və hüquqi maarifləndirmənin inkişafı üçün mühüm əsas yaratdı.

Azərbaycanın son illərdə keçdiyi tarixi yol Konstitusiyada təsbit olunmuş suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini daha da artırmışdır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi müstəqil dövlətçiliyimizin yeni reallıqlarını ortaya qoydu. Məhz bu tarixi hadisələrin əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyanın dövlət həyatındakı rolunun, suverenliyin və milli dövlətçiliyin əhəmiyyətinin daha geniş şəkildə diqqətə çatdırılmasına xidmət etdi.

Bu gün Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi dayağı, dövlət orqanlarının fəaliyyətini istiqamətləndirən və vətəndaşların hüquqlarını qoruyan əsas sənəddir. Onun prinsiplərinin qorunması, qanunlara hörmət və hüquqi məsuliyyətin artırılması dövlətin davamlı inkişafı üçün mühüm şərtlərdəndir. Konstitusiya Günü isə xalqımızın müstəqil dövlət qurmaq iradəsini, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini və Azərbaycanın suveren inkişaf yolunu əks etdirən əlamətdar tarixdir.

 

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı