Azərbaycan–Böyük Britaniya Strateji Tərəfdaşlığı: İqtisadi Yüksəlişin və Yaşıl Gələcəyin Yeni Mərhələsi

Azərbaycan–Böyük Britaniya Strateji Tərəfdaşlığı: İqtisadi Yüksəlişin və Yaşıl Gələcəyin Yeni Mərhələsi

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın davamlılığı və səmərəliliyi qarşılıqlı etimad, ortaq maraqlar və strateji baxış bucağı üzərində qurulur. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış möhkəm münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Xüsusilə sənədin ticarət, investisiya və iqtisadi artım istiqamətlərini əhatə edən müddəaları həm ikitərəfli iqtisadi əlaqələrin şaxələndirilməsi, həm də qlobal və regional iqtisadi arxitekturada yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bəyannamənin əsas hədəflərindən biri ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi və dayanıqlı, inklüziv iqtisadi artımın təmin edilməsidir. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət proqramları və əlverişli biznes mühitinin formalaşdırılması xarici investorlar üçün cəlbedici zəmin yaratmışdır. Birləşmiş Krallıq kimi dünyanın aparıcı maliyyə və texnologiya mərkəzlərindən biri ilə bu istiqamətdə ortaq ambisiyaların müəyyən edilməsi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin daha da artırılmasına xidmət edir. Eyni zamanda, tərəflərin yalnız ənənəvi sahələrlə kifayətlənməyərək bərpaolunan enerji, müasir infrastruktur və yüksək əlavə dəyər yaradan xidmət sektorları üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarına üstünlük verməsi gələcəyə hesablanmış praqmatik yanaşmanın göstəricisidir.

İqtisadi əməkdaşlığın dərinləşdirilməsində bilik və təcrübə mübadiləsinin rolu xüsusi qeyd olunmalıdır. Bizneslərarası əlaqələrin stimullaşdırılması nəticəsində hər iki ölkənin iqtisadiyyatında yeni iş yerlərinin açılması, müasir peşə bacarıqlarının formalaşdırılması və innovativ dəyər zəncirlərinin qurulması mümkün olacaqdır. Britaniya şirkətlərinin qabaqcıl idarəetmə təcrübəsi və texnoloji yeniliklərinin Azərbaycan bazarına inteqrasiyası yerli sahibkarlıq subyektlərinin potensialını gücləndirməklə yanaşı, ölkəmizin ixrac imkanlarının genişlənməsinə də təkan verəcəkdir.

Sənəddə regional və beynəlxalq nəqliyyat-logistika bağlantılarının inkişafına verilən xüsusi önəm Azərbaycanın geostrateji mövqeyinin və tranzit potensialının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Sərhədyanı ticarəti və investisiya axınlarını asanlaşdıran infrastruktur layihələri ilə paralel olaraq Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafına göstərilən dəstək Avrasiya məkanında etibarlı və təhlükəsiz təchizat zəncirlərinin qurulması baxımından həlledici əhəmiyyətə malikdir. Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu Şərq ilə Qərb arasında körpü rolunu oynayaraq Böyük Britaniya və Avropa bazarları ilə Asiya ölkələri arasında ticarət əlaqələrinin sürətləndirilməsinə mühüm töhfə verir.

Müasir dövrün ən aktual çağırışlarından olan iqlim dəyişikliyinə qarşı mübarizə və enerji təhlükəsizliyinin təmin edilməsi Birgə Bəyannamədə prioritet istiqamət kimi öz əksini tapmışdır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı – xüsusilə günəş və külək enerjisi ehtiyatları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan edilməsi bu sahədə beynəlxalq əməkdaşlıq üçün geniş üfüqlər açır. Birləşmiş Krallıqla təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə mexanizmləri və aşağı karbonlu texnologiyaların tətbiqi üzrə birgə fəaliyyət həm qlobal ekoloji hədəflərə çatmağa, həm də uzunmüddətli enerji dayanıqlığının möhkəmləndirilməsinə xidmət edir.

İqtisadi artımın davamlılığını təmin edən mühüm amillərdən biri də sağlam və şəffaf maliyyə sistemidir. Bəyannamədə maliyyə və kapital bazarlarında əməkdaşlığın dərinləşdirilməsi, kiçik və orta biznesin (KOB) maliyyə resurslarına çıxışının asanlaşdırılması, ticarət maliyyəsi və yaşıl maliyyələşdirmə alətlərinin inkişafı kimi məsələlər ön plana çıxarılır. Müvafiq dövlət qurumları və maliyyə institutları arasında qurulacaq sistemli dialoq və institusional əməkdaşlıq maliyyə sektorunun şəffaflığını artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq kapital bazarlarına inteqrasiyasını sürətləndirəcəkdir.

Bütün bu çoxşaxəli təşəbbüslərin koordinasiyası və praktiki müstəvidə icrası üçün etibarlı institusional mexanizmin mövcudluğu vacibdir. Bu baxımdan Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verilməsi tamamilə qanunauyğundur. Komissiya iqtisadi, ticarət və investisiya əməkdaşlığını stimullaşdıran, texniki dialoqu təmin edən və iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı, eləcə də enerji tərəfdaşlığı üzrə birgə layihələri irəlilədən əsas platforma kimi çıxış edəcəkdir.

Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi bloku iki dövlət arasında münasibətlərin dərin məzmununu və gələcəyə yönəlmiş aydın strategiyasını əks etdirir. Bu sənəd qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə, regionda sülh və rifahın möhkəmlənməsinə, eləcə də hər iki ölkə xalqlarının sosial-iqtisadi tərəqqisinə xidmət edən mühüm yol xəritəsidir.

Səbinə Əliyeva

YAP Ordubad rayon təşkilatının məsləhətçisi