“AZƏRBAYCAN PEŞƏ TƏHSİLİ: TARİXİ VƏ PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

 

13 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramov Agentliyin ötən on il ərzində keçdiyi inkişaf yolundan, peşə təhsili sahəsində həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib. O, peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında mühüm rolunu vurğulayıb.

Daha sonra kitabın müəllifi Şahbaz Balakişiyev nəşrin ərsəyə gəlməsi prosesi, onun hazırlanma məqsədi və məzmunu barədə məlumat verib. Qeyd olunub ki, kitabda Azərbaycanda peşə təhsilinin formalaşma və inkişaf tarixi, müxtəlif dövrlərdə keçdiyi mərhələlər, mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri geniş şəkildə əksini tapıb. Nəşr həmçinin peşə təhsili sahəsində görülmüş işlərin sistemli şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev kitabın nəşrini peşə təhsili tarixinin araşdırılması, bu sahədə əldə olunan təcrübənin qorunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirib. O, müasir dövrdə peşə təhsilinin əhəmiyyətinin daha da artdığını, ölkənin inkişafı üçün peşəkar və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasının vacibliyini diqqətə çatdırıb. E.Quliyev eləcə də bu sahədə həyata keçirilən dövlət siyasətinin və institusional islahatların əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya  elmləri doktoru, professor, Əməkdar müəllim, “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyətinin üzvü Mahirə Hüseynova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın və Təhsil Şurası İctimai Birliyinin  sədri, Bakı Dövlət Universitetinin professoru, pedaqogika elmləri doktoru, “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyətinin üzvü Hikmət Əlizadə və digər çıxış edənlər də nəşrin elmi, tarixi və maarifləndirici əhəmiyyətindən danışaraq, kitabın peşə təhsili sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərli mənbə olacağını bildiriblər.

Sonda kitabın təqdimatı keçirilib, müəllifə təbriklər çatdırılıb və xatirə fotosu çəkdirilib.