Azərbaycan Tibb Universitetində professor, Yeni Azərbaycan Partiyasının veteran üzvü Şöhrət Qasımovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Tibb Universitetində (ATU) uzun illər ali tibb təhsilinin inkişafına və tibb elminin tərəqqisinə xidmət etmiş, YAP veteranı, tibb elmləri namizədi, dosent Şöhrət İbrahim oğlu Qasımovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər yubilyarın zəngin elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan tibb təhsilinin inkişafına verdiyi töhfələrdən, tələbələrin peşəkar mütəxəssis kimi yetişdirilməsindəki xidmətlərindən və ictimai-siyasi fəaliyyətindən bəhs ediblər.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxışında Şöhrət Qasımovun uzun illər ərzində anatomiya elminin tədrisinə və inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O, yubilyarın zəngin pedaqoji təcrübəsinin, peşəkarlığının və tələbələrə münasibətinin gənc müəllimlər üçün örnək olduğunu vurğulayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Şöhrət Qasımovun həm pedaqoji fəaliyyəti, həm də Yeni Azərbaycan Partiyasının veteran üzvü kimi ictimai-siyasi həyatda iştirakı ilə seçildiyini qeyd edib. O, yubilyarın uzun illər ərzində ölkənin təhsil və səhiyyə sahəsində kadr hazırlığına verdiyi töhfələrin, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətindəki fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Azər Süleymanov Şöhrət müəllimə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri professor Nəriman Mövsümov və digər həmkarları  da Şöhrət Qasımovun yüksək insani keyfiyyətlərindən, zəngin həyat təcrübəsindən, elmi-pedaqoji fəaliyyətindən və kollektiv arasında qazandığı hörmət və nüfuzundan söz açıblar.

Tədbirin sonunda yubilyara xatirə hədiyyələri təqdim olunub, onun uzunillik səmərəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olaraq müxtəlif təltiflər təqdim edilib.

Şöhrət Qasımov göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına, çıxış edənlərə, həmkarlarına və iştirakçılara minnətdarlığını bildirərək, yubileyinin belə səmimi və yaddaqalan şəraitdə qeyd olunmasından məmnunluğunu ifadə edib.

Tədbir yubilyara xoş arzuların çatdırılması və xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.