İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış möhkəm münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Xüsusilə sənədin ticarət, investisiya və iqtisadi artım istiqamətlərini əhatə edən müddəaları həm ikitərəfli iqtisadi əlaqələrin şaxələndirilməsi, həm də qlobal və regional iqtisadi arxitekturada yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəyannamənin əsas hədəflərindən biri ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi və dayanıqlı, inklüziv iqtisadi artımın təmin edilməsidir. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət proqramları və əlverişli biznes mühitinin formalaşdırılması xarici investorlar üçün cəlbedici zəmin yaratmışdır. Birləşmiş Krallıq kimi dünyanın aparıcı maliyyə və texnologiya mərkəzlərindən biri ilə bu istiqamətdə ortaq ambisiyaların müəyyən edilməsi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin daha da artırılmasına xidmət edir. Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Böyük Britaniya ilə enerji sahəsində formalaşmış əməkdaşlıq iki ölkənin iqtisadi münasibətlərinin mühüm istiqamətlərindən biridir. Yeni sənəd isə iqtisadi əlaqələrin bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə bazarları və innovasiya istiqamətlərində genişləndirilməsinə əlavə imkanlar yaradır.
Xüsusilə Orta Dəhlizin inkişafına verilən diqqət Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunun əhəmiyyətini bir daha gündəmə gətirir. Şərqlə Qərb arasında mühüm tranzit məkanı olan Azərbaycan əlverişli coğrafi mövqeyini müasir infrastruktur imkanları ilə birləşdirərək regional və beynəlxalq bağlantıların inkişafına töhfə verir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi nəqliyyat, logistika, ticarət və investisiya imkanlarının artırılması baxımından yeni perspektivlər yarada bilər.
Sənəddə yaşıl enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlığın ayrıca yer alması da diqqətəlayiqdir. Bu, qlobal enerji transformasiyası şəraitində Azərbaycanın mövcud enerji potensialı ilə yanaşı, gələcək inkişaf prioritetlərinin də beynəlxalq tərəfdaşlarla uzlaşdırılmasına xidmət edir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı – xüsusilə günəş və külək enerjisi ehtiyatları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan edilməsi bu sahədə beynəlxalq əməkdaşlıq üçün geniş üfüqlər açır. Birləşmiş Krallıqla təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə mexanizmləri və aşağı karbonlu texnologiyaların tətbiqi üzrə birgə fəaliyyət həm qlobal ekoloji hədəflərə çatmağa, həm də uzunmüddətli enerji dayanıqlığının möhkəmləndirilməsinə xidmət edir.