“ZƏFƏR DASTANI — SAZIN, SÖZÜN QÜDRƏTİNDƏ” ADLI KONSERT PROQRAMI TƏQDİM OLUNUB

Noyabrın 16-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Sazın səsi, Sözün nəfəsi” aşıq yaradıcılığına həsr olunmuş layihə çərçivəsində “Zəfər dastanı — sazın, sözün qüdrətində” adlı konsert proqramı keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının, Yasamal bələdiyyəsinin əməkdaşları, ərazi partiya təşkilatının sədr, sədr müavinləri, elm və mədəniyyət xadimləri, şəhid ailələri, qazilər, sənət adamları və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və AMEA Folklor İnstitutunun hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq, “Sazın səsi, Sözün nəfəsi” layihəsi çərçivəsində təşkil olunan “Zəfər dastanı — sazın, sözün qüdrətində” adlı konsert proqramının milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlıq tariximizin yaşadılması baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, xalqımızın minilliklər boyu formalaşmış zəngin mədəni irsi, şifahi xalq ədəbiyyatı və aşıq sənəti milli kimliyimizin, dilimizin və mənəvi varlığımızın qorunmasında əvəzsiz rol oynamışdır. Ümummilli Lider Heydər Əliyev milli mədəniyyətimizə, folklorumuza və aşıq yaradıcılığına hər zaman böyük qayğı ilə yanaşmış, xalq yaradıcılığını millətin mənəvi pasportu kimi dəyərləndirmişdir. Bu gün Ulu Öndərin siyasi və mədəni irsini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan aşıq sənəti beynəlxalq miqyasda təbliğ olunur və YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısında öz layiqli yerini tutur. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, tarix boyu ozan-aşıq sənəti təkcə musiqi və poeziya deyil, həm də xalqı birliyə, mübarizəyə və Vətən sevgisinə səsləyən döyüş ruhunun ifadəsi olmuşdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərində qazanılan tarixi Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinin zirvəsidir. Bu Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz şücaəti və xalq-iqtidar-ordu birliyinin sarsılmaz gücü nəticəsində əldə olunmuşdur. Bu gün aşıqlarımızın sazında səslənən hər bir hava, sözündə yaşayan hər bir misra məhz qəhrəman oğullarımızın yazdığı yeni Zəfər dastanını tərənnüm edir və gənc nəsillərə vətənpərvərlik ruhu aşılayır.

Çıxış edənlər AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev, “H.Cavid prospekti 33a” ünvanı üzrə (Bakı Metropoliteni QSC) ərazi partiya təşkilatının sədr müavini, Vətən Müharibəsi Qəhrəmanı, XTQ kapitanı şəhid Nurlan Mustafayevin anası Rahilə Ramazanova və Qarabağ müharibəsi qazisi, ehtiyatda olan mayor Süleyman Heydərov ozan-aşıq sənətinin Azərbaycan xalqının mənəvi yaddaşındakı dərin köklərindən, folklor nümunələrimizdə vətənpərvərlik və qəhrəmanlıq motivlərinin təcəssümündən bəhs ediblər. Çıxışçılar vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması nəticəsində bu gün Qarabağda və Şərqi Zəngəzurda yenidən sazın səsi, sözün nəfəsi əks-səda verir. Onlar dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və milli mədəniyyətimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində və Zəfər dastanlarımızda əbədi yaşayacağını qeyd ediblər.Çıxışlarda Azərbaycanın qəhrəmanlıq tarixinin nəsillərdən-nəsillərə ötürülməsinin, şəhidlərin əziz xatirəsinin yaşadılmasının, qazilərə ehtiramın və milli birliyin qorunmasının əhəmiyyəti qeyd olunub.

Konsert proqramının bədii hissəsində tanınmış sənətkarların və aşıqların ifasında qəhrəmanlıq tariximizi, şəhidlərimizin əziz xatirəsini və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin qürurunu tərənnüm edən saz havaları, xalq və vətənpərvərlik mahnıları səsləndirilib. Əməkdar mədəniyyət işçisi Aşıq Zülfiyyə İbadova, Əməkdar artist Sevinc Sarıyeva, Aşıq Nəbi Nağıyev, Aşıq Nazim Quliyev, Aşıq Şaiq İncəli, Aşıq Nəcəf Kəlbəcərli, eləcə də ifaçılar Nisbət Sədrayeva, Roman Azaflı, Yusif Cəfərbəyli, Nurlan Ordubadlı və Nazir Əsədovun təqdimatında General-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş kompozisiya, “Xudayar təsnifi”, “Cəngi Koroğlu”, “Şəqai gəraylısı”, “Turan marşı”, “Yaşa Azərbaycan” və digər musiqi nömrələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda aparıcı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova təşkilatçılar adından Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə, millət vəkili Göydəniz Qəhrəmanova, AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyevə, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadəyə və layihənin ərsəyə gəlməsində əməyi keçən bütün təşkilatçı heyətə təşəkkürünü bildirib. Həmçinin tədbirdə iştirak edən şəhid valideynlərinə və qazilərə xüsusi ehtiram və minnətdarlıq ifadə olunub.

“Zəfər dastanı — sazın, sözün qüdrətində” konsert proqramı saz və söz sənətinin xalqımızın qəhrəmanlıq salnaməsini yaşadan və Zəfər ruhunu gələcək nəsillərə ötürən əbədi mənəvi sərvət olduğunu bir daha nümayiş etdirib.