YAP Sədərək rayon təşkilatının 34 illiyinə və Dirçəliş Gününə həsr olunmuş bilik yarışması keçirilib

 

Dövlətçilik ənənələrinə, milli dəyərlərə və müasir Azərbaycanın inkişaf yoluna həsr olunan intellektual yarışma maraqlı və gərgin mübarizə şəraitində yadda qalıb.

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının yaranmasının 34-cü ildönümü münasibətilə “Dövlətçilikdən müasir inkişafa – bilik, zəka və düşüncə” adlı bilik yarışması keçirilib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Tədbirdə YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva, təşkilatın əməkdaşları, Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Sirac Qarayev və şöbənin əməkdaşları, Sədərək Rayon Mədəniyyət Sarayının direktoru, ərazi ilk partiya təşkilatının sədri Zamil Kərimov iştirak ediblər.

Çıxış edən YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva partiyanın 34 illik şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən bəhs edib. O, iştirakçıları yubiley münasibətilə təbrik edərək bilik yarışmasının gənc nəslin dövlətçilik tariximizə, milli-mənəvi dəyərlərimizə və siyasi irsimizə marağının artırılması baxımından əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayıb.

Sədr çıxışında 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətinə də toxunub. Bildirib ki, bu tarix Azərbaycan xalqının milli azadlıq mübarizəsinin və müstəqillik arzularının təcəssümüdür. Xüsusilə qeyd olunub ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 illik fasilədən sonra Naxçıvanda yenidən qaldırılaraq dövlətçilik tariximizdə mühüm hadisəyə imza atılıb. Bu tarixi qərar milli dövlətçilik ənənələrinin bərpası və müstəqilliyə gedən yolun mühüm mərhələlərindən biri kimi dəyərləndirilib.

Daha sonra bilik yarışmasına start verilib. Dörd komandanın – “Əjdəkan”, “Ağoğlan”, “Ağrı dağı” və “Qeyrət qalası” komandalarının iştirak etdiyi yarışma dörd mərhələdən ibarət olub.

Birinci mərhələ “Dövlətçilik məktəbi” Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə, ikinci mərhələ “Müasir Azərbaycanın inkişafı” Prezident İlham Əliyevin fəaliyyəti və ölkəmizin nailiyyətlərinə, üçüncü mərhələ “Şəhərsalma və Memarlıq ili” tarixi irsimizə və müasir quruculuğa həsr olunub. “Gülə-gülə düşünək” adlı dördüncü mərhələdə isə iştirakçılar məntiqi və yumoristik suallara verdikləri cavabla bilik və hazırcavablıqlarını nümayiş etdiriblər.

Tədbirin aparıcısı YAP Sədərək rayon təşkilatının məsləhətçisi Nəcəfov Rauf olub. O, yarışmanın mərhələlərini ardıcıl və maraqlı şəkildə təqdim edərək tədbirin dinamik və səmərəli keçməsinə töhfə verib.

 Gərgin və maraqlı mübarizənin yekununda münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşib:

             I yer – “Ağrı dağı” komandası;

             II yer – “Əjdəkan” komandası;

III yer – “Ağoğlan” komandası;

            IV yer – “Qeyrət qalası” komandası.

Yekunda birinci yeri qazanan “Ağrı dağı” komandasının üzvlərinə fəxri fərman və hədiyyələr, digər komandaların iştirakçılarına isə hədiyyələr təqdim olunub. Bütün iştirakçılara fəallıqlarına, nümayiş etdirdikləri bilik və hazırcavablıqlarına görə təşəkkür edilib.

Qeyd edək ki, bilik yarışması Sədərək Rayon Təhsil Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Sarayının təşkilati dəstəyi ilə keçirilib.

Tədbir iştirakçıların birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

YAP Sədərək rayon təşkilatının 34 illik yubileyinə həsr olunmuş bu bilik yarışması dövlətçilik tariximizin, milli-mənəvi dəyərlərimizin, müstəqillik ideallarımızın və müasir Azərbaycanın inkişaf yolunun təbliği baxımından əhəmiyyətli olub.

34 illik şərəfli tarix, dövlətçiliyə sədaqət və yeni nailiyyətlər naminə!