20 Noyabr – Ağdam Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa doğru

20 Noyabr – Ağdam Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa doğru

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini, ərazi bütövlüyümüzün bərpasını və Böyük Qayıdışın təntənəsini özündə əks etdirən əlamətdar günlərdən biridir. 2020-ci il noyabrın 20-də Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə nəticəsində Ağdam rayonu işğaldan azad edilmişdir. Bu tarixi hadisə ölkəmizin hərb və diplomatiya sahəsində əldə etdiyi böyük Zəfərin mühüm tərkib hissəsi olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qayıdışına yol açmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdam şəhərinin gələcək taleyini müəyyənləşdirən tarixi fikirlərində bildirmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu bəyanat işğal dövründə dağıdılmış şəhərin yenidən qurulacağına, tarixi simasının bərpa ediləcəyinə və sakinlərinin doğma torpaqlarına qayıdacağına verilən qətiyyətli mesaj idi.

Ağdam adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ən geniş yayılmış izaha görə, “Ağdam” sözü qədim türk dilində “işıqlı, nurlu ev” mənasını ifadə edir. Bu ad şəhərin tarixi-mədəni yaddaşı, milli kimliyi və qədim yaşayış ənənələri ilə bağlıdır. Ağdam əsrlər boyu Qarabağın mühüm mədəniyyət, iqtisadiyyat və ictimai həyat mərkəzlərindən biri olmuşdur.

Ağdamın azad olunmasının tarixi əhəmiyyətini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Bu medal Vətən müharibəsində Ağdam rayonunun azad edilməsi uğrunda iştirak etmiş hərbi qulluqçuların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Şanlı Zəfərimizin rəmzlərindən biri olan bu təltif qəhrəman əsgər və zabitlərimizin fədakarlığının gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin Baş planına uyğun olaraq müasir yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, yollar və kommunikasiya xətləri inşa olunur. Ağdam şəhəri və rayonun kəndləri mərhələli şəkildə məskunlaşdırılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdaraq burada yeni həyata başlayırlar. Eyni zamanda, şəhərin tarixi-mədəni irsinin qorunması, turizm potensialının inkişaf etdirilməsi və müasir turizm infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr reallaşdırılır.

Prezident İlham Əliyevin azad edilmiş Ağdama mütəmadi səfərləri aparılan quruculuq işlərinin sürətlənməsinə, layihələrin icrasına nəzarətin gücləndirilməsinə və bölgənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

2022-ci il oktyabrın 4-də dövlətimizin başçısının Ağdama səfəri çərçivəsində mühüm infrastruktur layihələrinin təməli qoyulmuşdur. Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olmuş, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Həmçinin Pənahəli xanın sarayı və İmarət Kompleksində aparılacaq işlərlə tanış olmuş, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etmişdir. Bu layihələr Ağdamın iqtisadi, sosial və mədəni həyatının yenidən qurulmasına mühüm zəmin yaratmışdır.

2024-cü il mayın 28-də Prezident İlham Əliyev Ağdam rayonuna növbəti səfəri zamanı Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlini qoymuşdur. Bu addım rayonun kənd yaşayış məntəqələrinin də mərhələli şəkildə bərpasına, əhalinin doğma torpaqlarına qayıdışı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.

2025-ci il mayın 10-da Ağdamın dirçəlişi istiqamətində daha bir mühüm mərhələ yaşanmışdır. Həmin gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilmiş, Kəngərli kəndinin birinci mərhələsinin açılışı olmuşdur. Kənddə inzibati bina, klub-icma mərkəzi, tam orta məktəb və körpələr evi-uşaq bağçası sakinlərin istifadəsinə verilmiş, yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq keçirilmişdir. Doğma yurda qayıdan sakinlərlə görüşən Prezident İlham Əliyev onlara evlərin açarlarını təqdim etmişdir. Həmin gün Ağdam Muğam Mərkəzinin açılışı da şəhərin mədəni həyatının bərpası baxımından əlamətdar hadisə olmuşdur.

2026-cı il iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olmuş, burada 840 şagird yerlik tam orta məktəb binasının təməlini qoymuşlar. Bu səfər Ağdamda həyata keçirilən quruculuq işlərinin beynəlxalq səviyyədə də nümayişi və Azərbaycanın azad edilmiş ərazilərdə yaratdığı yeni reallıqların mühüm göstəricisi olmuşdur.

Ağdamın bərpası yalnız yaşayış evlərinin və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Şəhərin tarixi irsinin qorunması, İmarət Kompleksinin, Pənahəli xanın sarayının, Qarabağ atçılıq ənənələrinin dirçəldilməsi, Muğam Mərkəzinin fəaliyyəti və turizm obyektlərinin yaradılması bölgənin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir. Ağdamın sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm potensialının inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir.

Bu gün Ağdam keçmişin ağır izlərini geridə qoyaraq müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Bir vaxtlar dağıntıları ilə erməni vandalizminin sübutuna çevrilmiş şəhər indi Azərbaycanın quruculuq qüdrətinin, dövlət siyasətinin və xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilir. Ağdamın hər bir yeni yaşayış binası, məktəbi, yolu və sosial obyekti Böyük Qayıdışın real nəticəsidir.

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın Zəfər tarixini, şəhidlərimizin müqəddəs xatirəsini və doğma torpaqlara qayıdış sevincini bir araya gətirir. Ağdamın yenidən qurulması Azərbaycanın öz torpaqlarına sahib çıxmaq əzminin, milli birliyinin və gələcəyə inamının parlaq təcəssümüdür. Əminliklə demək olar ki, Ağdam qarşıdakı illərdə Qarabağın ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcək, öz tarixi şöhrətini bərpa edərək ölkəmizin iqtisadi və mədəni həyatında layiqli yerini tutacaqdır.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı