Azərbaycan – Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan – Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi və iqtisadi nüfuzu onların qurduğu etibarlı tərəfdaşlıq əlaqələri, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli və qlobal proseslərdə tutduğu mövqe ilə müəyyən olunur. Azərbaycan bu reallıqları nəzərə alaraq, milli maraqlara söykənən müstəqil və praqmatik xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müxtəlif dövlətlərlə əlaqələrinin genişlənməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 2026-cı il noyabrın 12-də Dublin şəhərində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu siyasətin mühüm nəticələrindən biridir. Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
 Bəyannamə siyasi dialoqla yanaşı, müdafiə və təhlükəsizlik, ticarət, investisiya, enerji, nəqliyyat, təhsil və innovasiya sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur. Xüsusilə Orta Dəhlizin inkişafına, enerji təhlükəsizliyinə və bərpaolunan enerji sahəsində birgə fəaliyyətə verilən önəm Azərbaycanın regional və beynəlxalq iqtisadi proseslərdə artan rolunun göstəricisidir.
 Sənəddə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin təsdiqlənməsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların dəstəklənməsi mühüm siyasi məzmun daşıyır. Bu, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha ön plana çıxarır.
 Digər tərəfdən, təhsil, elm, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq perspektivləri gələcək inkişaf üçün geniş imkanlar yaradır. Bu istiqamətlər üzrə təcrübə mübadiləsi, elmi əlaqələrin genişləndirilməsi və peşəkar kadr hazırlığı iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar müstəvidə inkişafına xidmət edəcək.
 Şübhəsiz ki, Böyük Britaniya ilə imzalanmış Birgə Bəyannamə Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımdır. Bu sənəd bir daha göstərir ki, Azərbaycan müasir geosiyasi reallıqlara uyğun çevik siyasət yürüdərək öz milli maraqlarını təmin edir, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir və gələcəyə hesablanmış strateji əlaqələr qurur. Ölkəmizin qazandığı bu diplomatik nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasi kursunun və Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz ifadəsidir.

Emil Tağıyev

YAP Xaçmaz rayon təşkilatının sədri