Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan tarixində elə şəhərlər var ki, onların taleyi bütöv bir xalqın mübarizəsini, ağrı-acısını, əzmini və qələbə iradəsini özündə əks etdirir. Ağdam da belə şəhərlərimizdəndir. Uzun illər işğal altında qalan, düşmən tərəfindən yerlə-yeksan edilən, bir zamanlar həyatın, quruculuğun və mədəniyyətin hökm sürdüyü bu qədim şəhər bu gün Azərbaycanın Zəfər iradəsinin, dövlətimizin qüdrətinin və xalqımızın yenilməzliyinin rəmzinə çevrilib.
20 Noyabr – Ağdam şəhəri günü xalqımızın yaddaşında yalnız bir şəhərin işğaldan azad edildiyi tarix kimi deyil, həm də tarixi ədalətin bərpa olunduğu, doğma yurda qayıdış ümidlərinin gerçəyə çevrildiyi əlamətdar gün kimi yaşayır.
Ağdam rayonunun tarixi, mədəniyyəti və ictimai həyatı Azərbaycanın ümumi inkişaf tarixinin ayrılmaz hissəsidir. Rayonun yaradılması ilə bu ərazidə idarəçilik, iqtisadiyyat, kənd təsərrüfatı, sənətkarlıq və sosial həyat yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ağdam zaman keçdikcə Qarabağın ən böyük və inkişaf etmiş rayonlarından birinə çevrilmiş, özünəməxsus mədəniyyəti, zəhmətkeş insanları, qonaqpərvərliyi və zəngin ənənələri ilə tanınmışdır. Şəhərimizin adı çəkiləndə ilk növbədə onun mərd insanları, Qarabağ atları, muğam ənənələri, xalçaçılıq sənəti və qədim memarlıq nümunələri yada düşür.
Lakin 23 iyul 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələrinin Ağdamı işğal etməsi rayonumuzun tarixində ən ağır faciələrdən birinə çevrildi. Şəhər talan edildi, tarixi-mədəni abidələr dağıdıldı, yaşayış binaları, məktəblər, xəstəxanalar, sənaye və sosial obyektlər məhv edildi. Vaxtilə insanların gur yaşadığı küçələr viranəyə çevrildi. Ağdamın məruz qaldığı dağıntıların miqyası beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılaraq şəhər haqlı olaraq “Qafqazın Xirosiması” adlandırıldı. Bu ifadə sadəcə dağıntıların böyüklüyünü deyil, erməni vandalizminin insanlığa qarşı törətdiyi cinayətlərin miqyasını da göstərirdi.
Azərbaycan xalqı bütün bu illər ərzində doğma Ağdamın azad olunacağına inamını itirmədi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində tarixi Zəfərə imza atdı.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ermənistan silahlı qüvvələri Ağdam rayonundan çıxarıldı və 20 noyabr 2020-ci ildə Ağdam Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan əsgərinin qanı və canı bahasına başlayan azadlıq mübarizəsi diplomatik müstəvidə də öz tarixi nəticəsini təsdiqlədi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, müdrik diplomatiyasının və Müzəffər Ordumuzun gücünün parlaq təzahürü idi.
20 noyabr tarixi Ağdamlıların doğma torpaqlarına qayıdışının başlanğıcına çevrildi. Həmin gün illərlə həsrətində olduğumuz şəhərimiz yenidən Azərbaycanın suverenliyi altına qayıtdı. Bizim üçün bu tarix həm qürur, həm də böyük məsuliyyət günüdür. Çünki azad edilmiş Ağdamı yenidən qurmaq, onun əvvəlki şöhrətini qaytarmaq və gələcək nəsillərə daha gözəl şəhər kimi təqdim etmək hər birimizin mənəvi borcudur.
Prezident İlham Əliyevin Ağdamın azad olunmasından cəmi üç gün sonra – 23 noyabr 2020-ci ildə şəhərə səfəri xüsusi tarixi və rəmzi məna daşıyır. Dövlət başçısı həmin səfər zamanı Ağdam şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bu, xalqımızın milli qürurunun, dövlət suverenliyinin və tarixi ədalətin təntənəsinin rəmzi idi. Prezident İlham Əliyev, həmçinin erməni vandalizminin qurbanına çevrilmiş Ağdam Cümə məscidini ziyarət etdi. Dağıdılmış məscidin qarşısında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan xalqı öz tarixi və dini-mədəni irsinə sahib çıxır, onu qorumağı və bərpa etməyi özünün müqəddəs vəzifəsi hesab edir.
Sonrakı dövrdə Prezident İlham Əliyevin Ağdama çoxsaylı səfərləri şəhərin yenidən qurulması prosesinə güclü təkan verdi. Dövlət başçısının tapşırıq və göstərişləri əsasında Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Müasir şəhərsalma prinsiplərinə uyğun Baş plan hazırlandı, yol-nəqliyyat infrastrukturu, elektrik, su və digər kommunal təminat sistemlərinin qurulması istiqamətində mühüm layihələr həyata keçirildi. Sənaye Parkının yaradılması, yaşayış məhəllələrinin, sosial obyektlərin, məktəblərin, səhiyyə müəssisələrinin və digər infrastruktur layihələrinin icrası Ağdamın gələcək inkişafının möhkəm təməlini formalaşdırır.
Bu gün Ağdam yalnız yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın iqtisadi potensialının, müasir şəhərsalma təcrübəsinin və Böyük Qayıdış strategiyasının mühüm mərkəzlərindən biridir. Burada həyata keçirilən layihələr dövlətimizin işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ən böyük məqsəd isə Ağdamı yenidən insanların yaşadığı, işlədiyi, təhsil aldığı, mədəniyyət və sənaye həyatının inkişaf etdiyi abad şəhərə çevirməkdir.
Ağdamın dirçəlişindən danışarkən onun zəngin mədəni irsinin qorunmasını və gələcək nəsillərə çatdırılmasını xüsusi qeyd etmək lazımdır. Muğam Azərbaycan xalqının milli-mənəvi sərvəti, musiqi mədəniyyətimizin ən möhtəşəm ifadələrindən biridir. Ağdam isə tarixən Qarabağ muğam məktəbinin mühüm mərkəzlərindən olub. Bu şəhərdən yetişən sənətkarlar Azərbaycan muğamının şöhrətini ölkəmizin hüdudlarından kənara daşıyıblar.
Ağdam Muğam Mərkəzinin yaradılması və inkişafı bu zəngin irsin yaşadılması, muğam ənənələrinin qorunması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ağdamın yenidən qurulması təkcə binaların və yolların bərpası demək deyil. Bu, həm də şəhərin ruhunun, mədəni yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin dirçəldilməsidir. Biz Ağdamı öz tarixi siması, mədəni zənginliyi və müasir inkişaf imkanları ilə yenidən dünyaya tanıtmalıyıq.
Bu gün Ağdamda aparılan quruculuq işləri ata vəsiyyətini yerinə layiqincə yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin real nəticələridir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların, istehsal müəssisələrinin tikilməsi dövlətimizin gücünü və xalqımızın quruculuq əzmini nümayiş etdirir. Ağdamlıların doğma torpaqlarına qayıtması, burada yeni həyat qurması bizim üçün ən böyük sevinc və qürur mənbəyidir.
Əminliklə deyə bilərik ki, vaxtilə “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Viran qoyulmuş şəhər yenidən qurulur, dağıdılmış küçələrdə həyat canlanır, doğma yurda qayıdış arzusu reallığa çevrilir. Ağdamın gələcəyi artıq dağıntılarla deyil, quruculuqla, tərəqqi ilə, rifahla və firavanlıqla ölçülür.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri kimi hesab edirəm ki, 20 Noyabr – Ağdam şəhəri günü hər bir ağdamlı üçün milli qürur, vətənə bağlılıq və tarixi yaddaş günüdür. Bu əlamətdar gün münasibətilə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının qarşısında baş əyirəm. Ağdamın azadlığı uğrunda döyüşən qazilərimizə, müharibə iştirakçılarına, uzun illər doğma yurda qayıdış ümidini yaşadan bütün ağdamlılara minnətdarlığımı bildirirəm.
Bu Zəfərin memarı, Azərbaycan xalqının Müzəffər Lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın daha da inkişaf edəcəyinə, bütün kəndlərimizin bərpa olunacağına və doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz evlərinə qayıdaraq xoşbəxt yaşayacaqlarına inamımız sonsuzdur.
20 Noyabr – Ağdam şəhəri mübarək olsun!
Yaşasın qüdrətli Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!