Ağdamın daş yaddaşından dirçəlişin yeni ünvanına

Ağdamın daş yaddaşından dirçəlişin yeni ünvanına

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan xalqının tarixində xüsusi yer tutan 20 Noyabr – Ağdam Şəhəri Günü milli qürurun, tarixi ədalətin və dövlətimizin qüdrətinin təcəssümüdür. Bu əlamətdar gün 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərin nəticəsi olaraq Ağdamın işğaldan azad edilməsini və doğma torpaqlarımıza qayıdışın yeni mərhələsinin başlanmasını ifadə edir.Uzun illər Ermənistanın işğalı altında qalan Ağdam şəhəri düşmən tərəfindən demək olar ki, tamamilə dağıdılmış, yaşayış binaları, tarixi-mədəni abidələr və sosial infrastruktur məhv edilmişdi. Bir zamanlar Azərbaycanın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrilərək xalqımızın yaddaşında böyük bir ağrıya çevrilmişdi. Lakin Azərbaycan xalqının sarsılmaz iradəsi, Ordumuzun qəhrəmanlığı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu ağrıya son qoyuldu.2020-ci il noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılması tarixi ədalətin bərpası istiqamətində mühüm hadisə oldu. Ağdamın azad olunması təkcə ərazi bütövlüyümüzün təmin edilməsi baxımından deyil, həm də xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin qorunması baxımından böyük əhəmiyyət daşıyırdı.Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin gələcəyinə olan inamın bariz nümunəsidir. Müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdamda yaşayış məhəllələri, yollar, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, istehsal və xidmət sahələri yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması şəhərin həyatına yeni nəfəs verir.

Ağdamın yenidən qurulması dövlətimizin yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, həmin torpaqlarda müasir, təhlükəsiz və firavan həyat qurmaq əzmini nümayiş etdirir. Prezident İlham Əliyevin Ağdama səfərləri, burada görülən işlərlə yaxından tanış olması və yeni layihələrin təməlinin qoyulmasında iştirakı şəhərin inkişafının daim diqqət mərkəzində saxlanıldığını göstərir.Bu gün Ağdam keçmişin dağıntıları üzərində yüksələn yeni həyatın, milli həmrəyliyin və Zəfər ruhunun rəmzinə çevrilir. Şəhərin hər bir küçəsində, hər bir tikilisində xalqımızın qayıdış arzusu, dövlətimizin gücü və gələcəyə yönəlmiş inkişaf strategiyası öz əksini tapır.20 Noyabr – Ağdam Şəhəri Günü bizə bir daha xatırladır ki, Azərbaycan xalqı heç vaxt öz tarixi torpaqlarından imtina etməyib və milli məqsədlərinə çatmaq əzmini qoruyub saxlayıb. Ağdamın azadlığı və dirçəlişi müstəqil Azərbaycanın şanlı Zəfər tarixinin mühüm səhifələrindən biridir. Bu gün Ağdam yalnız yenidən qurulan şəhər deyil, həm də Böyük Qayıdışın, milli qürurun və gələcəyə inamın canlı təcəssümüdür. Ağdam yenidən doğulur, öz tarixi simasına qovuşur və Azərbaycanın inkişaf salnaməsində layiqli yerini möhkəmləndirir.