İyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən partiyanın Bakı şəhəri üzrə, Sumqayıt şəhər və Abşeron rayon təşkilatlarının gənclər birlikləri arasında “YAP GB K-2017” adlı kartinq yarışı keçirilib.
Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq deyib ki, Monako və Sinqapur Qran-priləri kimi, biz də Bakıda ənənəvi şəhər yarışına yenidən ev sahibliyi edəcəyik. 20 ölkənin ev sahibliyi etdiyi Formula-1 yarışı təqviminin tam mərkəzində yer almış Azərbaycan Qran-Prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın ən qədim hissəsi olan və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edəcək. Formula-1 yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyadakı Formula-1 fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər.
“YAP GB K-2017” adlı kartinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.