Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kosmosa uzanan yol: Şəhla Əhmədzadənin aerokosmik hədəfləri - MÜSAHİBƏ

Kosmosa uzanan yol: Şəhla Əhmədzadənin aerokosmik hədəfləri - MÜSAHİBƏ

22.05.2026 [16:57]

Gənc yaşına baxmayaraq artıq beynəlxalq layihələrdə, kosmik texnologiya tədbirlərində və müxtəlif elmi yarışlarda uğur qazanan Şəhla Əhmədzadə aerokosmik mühəndislik sahəsində hədəfləri ilə diqqət çəkir. O, həm təşkilatçılıq fəaliyyətləri, həm də sosial təşəbbüsləri ilə elm və təhsilin inkişafına töhfə verməyə çalışır. Bu müsahibədə Şəhla ilə kosmosa olan marağından, beynəlxalq təcrübələrindən, yazdığı kitabdan və gələcək planlarından danışdıq.

– Özünüzü qısaca təqdim edin. Aerokosmik mühəndisliyə marağınız necə yaranıb?

— Mən Şəhla Əhmədzadəyəm və aerokosmik mühəndislik sahəsinə böyük maraq göstərirəm. Kosmosa olan marağım uşaqlıq illərində, ilk dəfə Şamaxı Astrofizika Rəsədxanasına səfər etdikdən sonra yaranıb. Həmin gündən etibarən kainatın sirləri, planetlər və kosmik missiyalar mənim üçün xüsusi maraq mövzusuna çevrilib.

– “Indigenous Orbits” kitabını yazmağa sizi nə ilhamlandırdı və kitab əsasən nədən bəhs edir?

— “Indigenous Orbits” kitabını yazmaqda əsas məqsədim müxtəlif ölkələrin ilk peyklərini və kosmik inkişaf tarixlərini araşdırmaq idi. Kitabda ölkələrin kosmik proqramlarının yaranması, inkişaf mərhələləri və bu sahədə əldə etdikləri nailiyyətlər haqqında məlumat verilir. Mən istəyirdim ki, oxucular kosmos yarışının yalnız böyük dövlətlərlə məhdudlaşmadığını görsünlər.

– Mərkəzi Asiyanın ən böyük Space Technology Conference və National Space Hackathon tədbirlərində organizer olmaq sizə hansı təcrübələri qazandırdı?

— Bu tədbirlər mənə liderlik, komanda idarəetməsi və böyükmiqyaslı layihələrin təşkili sahəsində ciddi təcrübə qazandırdı. Eyni zamanda beynəlxalq mühitdə çalışmağı öyrəndim. Xüsusilə Türkiyənin astronavtı Tuva Cihangir Atasevər kimi insanlarla əməkdaşlıq etmək mənim üçün çox dəyərli təcrübə oldu.

– Azercosmosun mentorship proqramında NASA mühəndisi ilə işləmək sizə nə öyrətdi?

— Bu proqram çərçivəsində Ms. Ramatha Sorensen ilə işləmək mənə real kosmik layihələrin necə idarə olunduğunu yaxından görmək imkanı verdi. Burada xüsusilə mühəndislikdə problem həll etmə bacarıqları, komanda işi və layihələrin planlaşdırılması ilə bağlı vacib biliklər əldə etdim.

– “Vistar Start-up Hackathon”da birinci yer qazanan layihəniz haqqında məlumat verə bilərsinizmi?

— “Pipeye” adlı layihəmiz neft və qaz boru xətlərində yaranan sızmaları AI və sensor texnologiyaları vasitəsilə daha sürətli aşkar etməyə yönəlmişdi. Layihənin əsas məqsədi həm ekoloji, həm də iqtisadi zərərlərin qarşısını almaq idi. Bu uğur komandamızın innovativ düşüncə və effektiv əməkdaşlığının nəticəsi oldu.

– İngilis və alman dillərini yüksək səviyyədə bilməyiniz beynəlxalq layihələrdə sizə necə kömək edir?

— Xarici dilləri bilmək beynəlxalq tədbirlərdə və layihələrdə mənim üçün böyük üstünlük yaradır. Bu sayədə fərqli ölkələrdən olan insanlarla rahat ünsiyyət qura, xarici elmi resurslardan istifadə edə və beynəlxalq əməkdaşlıqlarda daha aktiv iştirak edə bilirəm.

– Fibonacci, GMEC və USA English kimi yarışlarda qazandığınız uğurlar sizin üçün nə ifadə edir?

— Bu uğurlar mənim üçün zəhmətin nəticəsini görmək və daha da inkişaf etmək üçün motivasiya mənbəyidir. Hər bir yarış mənə həm yeni biliklər qazandırıb, həm də öz potensialımı daha yaxşı tanımağa kömək edib.

– Astronomiya və Astrofizika üzrə finalist olmaq üçün necə hazırlaşırdınız və bu sahədə sizi ən çox maraqlandıran mövzu hansıdır?

— Hazırlıq prosesində əsasən maraq dairəmə uyğun kitablar oxuyurdum. Xüsusilə S.Q. Zeynalov və N.Ə. Hüseynovun “Qalaktika, Metaqalaktika, Metakainat” kitabı mənim üçün çox faydalı olub. Ən çox maraqlandığım mövzular isə ekzoplanetlər və kainatın yaranışı ilə bağlı nəzəriyyələrdir.

– “Knowledge4All” layihəsini yaratmaq ideyası necə yarandı və bu təşəbbüslə hansı məqsədləri həyata keçirmək istəyirsiniz?

— “Knowledge4All” layihəsinin ideyası kənd və aztəminatlı uşaqların təhsilə çıxış imkanlarını artırmaq məqsədilə yarandı. Biz bu təşəbbüsü Youthtopia-nın “Expand Your Impact” yarışmasını qazandıqdan sonra BIS şagirdləri ilə birlikdə qurduq. Məqsədimiz şagirdlərə müxtəlif təhsil resursları və inkişaf imkanları təqdim etməkdir. Bu günə qədər 150-dən çox şagird üçün workshop təşkil etmişik.

– Gələcək planlarınız nələrdir? Özünüzü 10 il sonra harada görürsünüz?

— Gələcəkdə peşəkar aerokosmik mühəndis kimi fəaliyyət göstərmək istəyirəm. Xüsusilə JUICE missiyası kimi interplanetary spacecraft layihələrinin hazırlanmasında iştirak etməyi hədəfləyirəm. Özümü gələcəkdə beynəlxalq kosmik layihələrdə çalışan və elmə töhfə verən mühəndislərdən biri kimi görürəm.

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

 - Sağ olun.

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31