Azərbaycan-Aİ tərəfdaşlığı güclənir

Azərbaycan-Aİ tərəfdaşlığı güclənir

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb. Ölkəmiz öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.

Ardıcıl səfərlər, verilən mesajlar...

Nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqının bir sıra üzv ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun intensivliyi xüsusilə diqqətəlayiqdir. Son illər ərzində Aİ-nin rəhbər şəxsləri davamlı olaraq Bakıya səfər ediblər. Diplomatik praktikada belə ardıcıl səfərlərə nadir hallarda təsadüf olunur. Bu, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin fəal şəkildə inkişaf etdiyini və Brüsselin Bakını Cənubi Qafqazdakı uzunmüddətli strategiyasında əsas tərəfdaş kimi gördüyünü göstərir.

Hazırkı mərhələnin digər xüsusiyyəti Avropa İttifaqının Cənubi Qafqazdakı mövcudluğunu gücləndirmək üçün getdikcə daha çox iqtisadi mexanizmlərdən istifadə etməsidir. Nəqliyyat infrastrukturunun, enerji şəbəkələrinin, rəqəmsal rabitənin və ticarət əlaqələrinin inkişaf etdirilməsi təklifləri uzunmüddətli əməkdaşlıq modelinə doğru keçidi göstərir. Bu, əsasən siyasi dialoqa yönəlmiş əvvəlki yanaşmalardan köklü surətdə fərqlənir. Hazırda Aİ faktiki olaraq, investisiya qarşılıqlı fəaliyyəti modelini təklif edir. Bu yanaşma hər iki tərəf üçün faydalıdır. Belə bir model Avropa üçün öz iqtisadi təhlükəsizliyini gücləndirmək və strateji əhəmiyyətli regionda iştirakını genişləndirmək deməkdir. Azərbaycan üçün isə iqtisadiyyatını şaxələndirmək, yeni investisiyalar cəlb etmək və dünyanın ən böyük iqtisadi bloku ilə əməkdaşlığı genişləndirmək imkanı təqdim edir.

Aİ sülh gündəliyini dəstəkləyir

Beynəlxalq müstəvidə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması hazırda da diqqət mərkəzindədir. Avropa İttifaqı sülh prosesinə təkcə siyasi və ya humanitar nöqteyi-nəzərdən baxmır. Bu gün sülh böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün ilkin şərtə çevrilir. Nəqliyyat marşrutları, enerji şəbəkələri, rəqəmsal rabitə və beynəlxalq ticarət sabit regional mühitin olmasını tələb edir. Məhz buna görə də Brüssel sərhəd bölgələrini dəstəkləmək üçün maliyyə mexanizmləri və iki cəmiyyət arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüslər təklif edir. Bu, uzunmüddətli sülhün möhkəmləndirilməsi üçün iqtisadiyyatın təsirli vasitələrdən birinə çevrildiyi modelə tədrici keçidi göstərir.

Bu kontekstdə əsas amil Azərbaycanın müxtəlif qlobal güc mərkəzləri ilə eyni vaxtda münasibətlər qurmaq qabiliyyəti olaraq qalır. Avropa İttifaqı ilə strateji tərəfdaşlıq ABŞ, Mərkəzi Asiya dövlətləri, Çin və digər beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıqla paralel inkişaf edir. Belə bir model ölkənin xarici siyasət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu, həmçinin Avropa İttifaqı üçün Azərbaycanla qarşılıqlı fayda əsasında münasibətlər qurmaq, konkret layihələr və investisiyalar təklif etmək zərurəti deməkdir. Avropa siyasətinin iqtisadiyyata və infrastruktura yönəlməsi də məhz bu amillə izah edilir.

Ölkəmiz Aİ-nin nazirlər toplantısında təmsil olunub

Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının bir sıra platformalarında təmsil olunur, tədbirlərində fəal iştirak edir. Yeri gəlmişkən, noyabrın 16-da Avropa İttifaqının  təşəbbüsü ilə Brüssel şəhərində regionlararası təhlükəsizlik və bağlantılar mövzusuna həsr olunmuş ikinci nazirlər toplantısı keçirilib. Ölkəmizi toplantıda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İki sessiyadan ibarət nazirlər toplantısının birinci sessiyasında Qara dəniz hövzəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ikinci sessiyasında isə Regionlararası Bağlantılar Gündəliyinin həyata keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Hər iki sessiyada çıxış edən nazir müavini Samir Şərifov Azərbaycan ilə Avropa İttifaqı arasında son dövrlərdə müşahidə olunan müsbət dinamikanın əhəmiyyətini qeyd edib. Avropa və Mərkəzi Asiya arasında enerji, nəqliyyat və rəqəmsal bağlantılar baxımından müstəsna rola malik Azərbaycanın təşəbbüsü ilə indiyədək həyata keçirilmiş infrastruktur layihələrinin Orta Dəhlizin formalaşmasına əhəmiyyətli töhfə verdiyi vurğulanıb. Bu sahələrdə konkret layihələrin həyata keçirilməsi istiqamətində regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsinə Azərbaycanın qətiyyətli olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycanın öncül rolu ilə davam etdirilən sülh və normallaşma prosesinin regionda sülh, sabitlik və əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, bu proses geniş Qara dəniz regionunda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir, həmçinin regionlararası bağlantı layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

Nardar BAYRAMLI