Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni mərhələ formalaşdırır

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər çoxşaxəli xarakter alır

Azərbaycanın xarici siyasətində ikitərəfli siyasi əlaqələrin inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi və milli maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulması xüsusi yer tutur. Bakı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, müxtəlif regionları təmsil edən dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsinə də mühüm önəm verir. Bu baxımdan Avropa məkanı Azərbaycanın xarici siyasət xəttində xüsusi əhəmiyyət daşıyır. Avropa ölkələri ilə münasibətlər yalnız iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi dialoq, təhlükəsizlik, nəqliyyat, investisiya və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də əhatə edir.

Böyük Britaniya ilə münasibətlər isə bu əməkdaşlıq sistemində özünəməxsus yeri ilə seçilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında formalaşan siyasi dialoq zaman keçdikcə strateji xarakter alıb. Londonun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək, xüsusilə Ermənistanın ölkəmizə qarşı işğal siyasəti yürütdüyü dövrdə və Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında tutduğu mövqe ikitərəfli münasibətlərin siyasi əhəmiyyətini nümayiş etdirən mühüm amillərdəndir. Yeni dövrdə isə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Noyabrın 12-də imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin hüquqi-siyasi əsaslarını daha da genişləndirərək müdafiə və təhlükəsizlik, ticarət, investisiya, enerji, nəqliyyat, təhsil və innovasiya sahələrini əhatə edir. Sənəd, eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyinə, regional sülh gündəliyinə və milli maraqlarına uyğun əməkdaşlığın inkişafı baxımından mühüm perspektivlər açır.

İlk birgə müdafiə kibertəlimi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman keçirdiyi mətbuat konfransında bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ticarət, innovasiya-təhsil və müdafiə istiqamətləri üzərində qurulub.

O qeyd edib ki, Azərbaycan müdafiə və təhlükəsizlik baxımından Böyük Britaniya üçün dəyərli tərəfdaşdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin Azərbaycana səfəri bu tərəfdaşlığa verilən önəmi bir daha göstərib.

Səfir vurğulayıb ki, cari il ilk birgə müdafiə kibertəlimi keçirilib və Böyük Britaniya ilə Azərbaycan arasında hərbi təlim əməkdaşlığı indiyədək görünməmiş səviyyəyə çatıb. Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birlikdə təlimdə olublar.

“Kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində genişlənən əməkdaşlıqla yanaşı, bütün bunlar indiyədək ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilən ən iddialı proqramdır. Təhlükəsizlik sahəsində əməkdaşlığımız müdafiə ilə məhdudlaşmır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, ağır mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə çalışırıq”, - deyə səfir bildirib.

Böyük Britaniya Bakının sülh təşəbbüslərini alqışlayır

Bəlli olduğu kimi, Azərbaycanın regionda yaratdığı yeni sülh reallığı qlobal dünya tərəfindən dəstəklənir. Xüsusilə, Avropa məkanı Şərq-Qərb ticarət yolu üzərində yeni təhlükəsizlik arxitekturasının qurulmasını alqışlayır - Qərb Bakının formalaşdırdığ sülh prosesinin beynəlxalq münasibətlər sisteminə yeni nəfəs gətirdiyini vurğulayır. Səfir çıxışında qeyd edib ki, Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır. “Bura “Sülh Körpüsü” Təşəbbüsü, sərhədlərin delimitasiyası prosesi, Azərbaycanın Ermənistana yanacaq tədarükü, eləcə də “AzərTelecom” və “Telecom Armenia” arasında razılaşma daxildir. Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm əhəmiyyət daşıyır”, - deyə Dankan Norman bildirib.

Səfir qeyd edib ki, Cənubi Qafqazın daha sülhsevər və əlaqəli gələcəyə doğru inamla irəlilədiyi bir vaxtda Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır.

Birgə Bəyannamə iqtisadi artıma təkan verəcək

Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli iqtisadi əlaqələrin də genişlənməsinə rəvac verəcək. Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşlarından sayılan Böyük Britaniya ilə əlaqələrin genişlənməsi hər iki dövlət üçün mühüm perspektivlər vəd edir. Səfir onu da vurğulayıb ki, Böyük Britaniya və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan strateji tərəfdaşlıq uzunmüddətli dostluğumuzun möhkəm təməlləri üzərində qurulub. Birgə Bəyannamə iqtisadi artıma təkan verəcək, təhlükəsizliyi gücləndirəcək və innovasiyaları təşviq edəcək. Həmçinin Azərbaycan və Böyük Britaniya vətəndaşları üçün real faydaları olacaq. Səfir Böyük Britaniyanın Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə də töhfə verdiyini bildirib. O, Şuşa, Xankəndi, Ağdam və Füzulidə “Chapman Taylor” şirkətinin fəaliyyətini qeyd edib. “Böyük Britaniya 2020-ci ildə ANAMA-nın fəaliyyətinə dəstək göstərən ilk ölkə olmaqdan qürur duyur. Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə dəstəyimizi davam etdirəcəyik”, - deyə səfir vurğulayıb.

Dankan Norman vurğulayıb ki, Naxçıvan Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malikdir: “Britaniya şirkətlərinin dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə edilməsi və siqnalizasiya sahələrində geniş təcrübəsi var. Bu müzakirələri davam etdirmək üçün ticarət komandam Böyük Britaniyanın dəmir yolu sektorunun təcrübəsi ilə tanışlıq səfəri təşkil edir. Britaniya təcrübəsi artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verir. Qarabağda da fəaliyyət göstərən “Chapman Taylor” şirkəti Naxçıvan şəhəri üçün 20 illik Baş plan hazırlayır”.

Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunmasına səy göstərir

Yeri gəmişkən, noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov Ed Milibəndi dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub. Bu çərçivədə, liderlər səviyyəsində sonuncu Avropa Siyasi Birliyi (EPC) Zirvə Toplantısı zamanı keçirilmiş görüşün, eləcə də “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti vurğulanıb. Sənədin əhatə etdiyi istiqamətlər üzrə əməkdaşlığın konkret məzmunla zənginləşdirilməsi və praktiki nəticələrin əldə olunması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edib, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri barədə qarşı tərəfə məlumat verib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

P.İSMAYILOV