Azərbaycanın milli maraqlar üzərində qurulan və suverenlik prinsipinə əsaslanan çoxvektorlu xarici siyasət kursunda əsas istiqamətlərdən biri də Avropa İttifaqı (Aİ) məkanında yerləşən ölkələrlə ikitərəfli platformalarda əlaqələri genişləndirməkdir. Davamlı səciyyə daşıyan bu siyasət özünün gözəl bəhrələrini verməkdədir. Belə ki, respublikamız Aİ-nin üzvü olmasa da, qurumda yer alan 10 ölkə ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa nail olub ki, bu da bütövlükdə qoca qitədə Azərbaycana olan böyük etimadın göstəricisidir.
Bu kontekstdə Azərbaycanın siyasi nüfuzuna və iqtisadi çəkisinə görə Aİ-nin drayver ölkələrindən sayılan Almaniya ilə əlaqələrinin ikitərəfli müstəvidə yeni mərhələyə yüksəlməsi də diqqət çəkir. Getdikcə dərinləşən bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır və hər iki tərəf münasibətlərin genişlənməsindən faydalanır. Bu günlərdə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə də ikitərəfli əlaqələrin inkişafından böyük məmnunluq ifadə olunub.
Kifayət qədər geniş olan ikitərəfli gündəlik
Azərbaycanla Almaniya arasında əlaqələrin bugünkü yüksək dinamikasından bəhs edərkən tarixə nəzər salmaq da yerinə düşər. Bəli, hazırda hər iki tərəfin məmnunluq ifadə etdiyi ikitərəfli əlaqələr təkcə iqtisadi və siyasi maraqlara əsaslanmır. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (Yelenendorf) və Şəmkir (Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.
Bu kimi faktlar onu təsdiqləyir ki, bu gün yüksək səviyyədə olan Azərbaycan-Almaniya münasibətlərinin inkişafı üçün möhkəm özül var.
1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin il fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
İki ölkə arasında siyasi dialoqun genişlənməsində qarşılıqlı səfərlərin və müxtəlif platformalarda aparılan müzakirələrin mühüm rolu var. Yeri gəlmişkən, bu günlərdə Bakıda Prezident İlham Əliyevlə Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə söhbət zamanı cari ilin iyulunda dövlətimizin başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.
Burada yenə də tarixə ekskurs etmək lazım gəlir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoyub.
Dörd günlük intensiv proqramı əhatə edən həmin tarixi səfər çərçivəsində rəsmi Berlinin siyasi elitası - Prezident Roman Hersoq, Kansler Helmut Kol və Bundestaqın rəhbərliyi ilə keçirilən ali səviyyəli görüşlər gənc respublikanın müstəqil xarici siyasət kursunun Avropada qəbul olunmasını təmin etdi. Ulu Öndərin Almaniyanın aparıcı siyasi partiyalarının və Şimali Atlantika Assambleyasının təmsilçiləri ilə dialoqu, habelə diaspor fəalları ilə strateji təmasları münasibətlərin çoxtərəfli ictimai-siyasi zəminini formalaşdırdı. İqtisadi müstəvidə isə “Deutsche Bank”, “Siemens”, “Thyssen” və “Mercedes-Benz” kimi sənaye və maliyyə nəhəngləri ilə əldə olunan fundamental razılaşmalar Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının və irimiqyaslı investisiya cəlbinin hüquqi-praktiki təməlini qoydu. Eyni zamanda, Səttar Bəhlulzadənin əsərlərinin təqdimatı fonunda keçirilən humanitar tədbirlər iki xalq arasında mədəni yaxınlaşmanın əsas hərəkətverici qüvvəsinə çevrildi.
Ulu Öndərin əsasını qoyduğu siyasi xətti sonrakı mərhələdə Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür.
Azərbaycanın dövlət başçısının 2026-cı ilin iyul ayında Almaniyaya baş tutan uğurlu rəsmi səfəri ilə ikitərəfli strateji dialoqun əsası qoyulub. Xatırladaq ki, Azərbaycan Prezidentinin Berlinə bu səfəri Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin dəvəti əsasında baş tutub ki, bunun özü də ölkəmizə və onun Liderinə qarşı tərəfin böyük ehtiramının ifadəsidir. Almaniya paytaxtında mətbuata verdiyi bəyanatında imzalanmış sənədlərin ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıracağına əminliyini bildirən dövlətimizin başçısı “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir”, - deyə vurğulayıb.
Diplomatlar səviyyəsində davamlı hal alan siyasi məsləhətləşmələr
Eyni zamanda, Azərbaycan və Almaniya xarici işlər nazirlikləri arasında daimi təmaslar siyasi dialoqun möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Bəhs olunan səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında təkbətək və geniştərkibli görüşlər keçirilib.
Görüşlər zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin əsas regional və beynəlxalq hadisələr barədə hərtərəfli müzakirələr aparıblar.
Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiq ediblər. Bildirilib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik münasibətlərimizin irəliyə aparılması üçün mühüm çərçivə təmin edir. “Biz Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı kontekstində münasibətlərin inkişafı, Cənubi Qafqazda olan vəziyyətə dair fikir mübadiləsi aparmışıq. O cümlədən, xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur”, - deyə Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful isə mətbuat konfransında Azərbaycanı Avropa üçün önəmli tərəfdaşlardan biri kimi dəyərləndirib. Fikirlərinə davam edən nazir vurğulayıb: “İqtisadi münasibətlər və enerji təchizatı ilə bağlı Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində böyük potensial var. Bu, bizim enerji təsərrüfatımız, həmçinin iqtisadiyyatımız üçün vacib dəstəkdir”.
Qarşılıqlı əlaqələrə güclü impuls verən iqtisadi diplomatiya
Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələri müxtəlif istiqamətləri əhatə edir. Bakıda baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Həqiqətən də ikitərəfli gündəlik kifayət qədər geniş əhatə dairəsinə malikdir. Bakı ilə Berlin arasında tərəfdaşlığın inkişafında siyasi dialoqla yanaşı, iqtisadi diplomatiya da mühüm rol oynayır. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər artıq ənənəvi xarakter alıb. Bu görüşlər Azərbaycanın investisiya imkanlarının təqdim olunması, yüksək texnologiyalar, yaşıl enerji, sənaye kooperasiyası, logistika və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.
Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir.
Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Azərbaycanın aparıcı rol oynadığı Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.
Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. Cari ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard dollar olub. İndiyədək Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib. Onlardan 210-u aktiv fəaliyyət göstərir. Almaniyadan Azərbaycana bu illər ərzində edilən investisiyaların həcmi 950 milyon ABŞ dollarına yaxındır, Azərbaycandan Almaniyaya isə 670 milyon dollardan artıq investisiya edilib.
Genişlənən enerji əməkdaşlığı
Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin mühüm bir seqmentini genişlənən enerji əməkdaşlığı təşkil edir. Bəhs olunan görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.
Hazırkı geosiyasi və geoiqtisadi kataklizmlər dönəmində Avropa ciddi təchizat sınaqları ilə üz-üzədir. Belə bir şəraitdə Azərbaycan ədalətli enerji siyasətinə sadiq qalmaqla Avropanın enerji təminatında mövqeyini daha da gücləndirir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmli cəhət odur ki, Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib
O cümlədən, Azərbaycan qazının cari ilin yanvar ayından başlayaraq Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. Xatırladaq ki, ötən ilin iyun ayında SOCAR ilə Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) arasında 10 illik qaz alqı-satqısı müqaviləsi imzalanıb. Bu sənədə əsasən, SOCAR Avropada SEFE-yə qaz tədarük edəcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq 15 teravatt/saatadək (təxminən 1,5 milyard kubmetr) çatdırılacaq. Müqavilə hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaların cəlb olunmasını nəzərdə tutur ki, bütün bunlar da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə sanballı töhfə kimi dəyərləndirilir.
Mübariz ABDULLAYEV