Deputatlar 12 qanun layihəsini müzakirə ediblər
Oktyabrın 27-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib.
Millət vəkillləri əvvəlcə Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklikləri üçüncü oxunuşda qəbul ediblər. Sonra “Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallarla bağlı yeni müddəa əlavə edilir. Belə ki, həmin malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqləyəcəyi qaydalara uyğun həyata keçiriləcək. Dəyişiklik “Texniki tənzimləmə haqqında” Qanuna 15.5-ci maddənin əlavə edilməsini nəzərdə tutur.
Millət vəkilləri “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsini də üçüncü oxunuşda qəbul ediblər. Dəyişikliklər borcluların qiymətli kağızlarına həbs qoyulması, onların tələbkara verilməsi və ya satışını nəzərdə tutur. Layihəyə əsasən, qiymətli kağızlar tələbkara əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətlə, belə qiymət olmadıqda isə nominal dəyəri ilə təklif ediləcək. Tələbkar təklifə münasibətini yeddi iş günü ərzində bildirməlidir.
Tələbkar qiymətli kağızı qəbul etmədikdə, onun tənzimlənən bazarda satışı həyata keçiriləcək. İki ay ərzində satılmayan qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunacaq. Satışdan əldə edilən vəsait icra xidmətinin depozit hesabına köçürülərək icra sənədinin tələblərinin yerinə yetirilməsinə yönəldiləcək. Yeni qaydalar daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızlarına şamil olunmayacaq.
Miqrasiya Məcəlləsində nəzərdə tutulan dəyişikliklər isə birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqlarının, beynəlxalq təşkilatların əməkdaşlarına, eləcə də onlarla birlikdə yaşayan ailə üzvlərinə qeydiyyat vəsiqələrinin verilməsi və rəsmi səfər vizalarının rəsmiləşdirilməsi qaydalarının dəyişdirilməsi təklif olunur. Belə ki, qeyd olunan şəxslər Azərbaycanda 15 gündən artıq müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Qeydiyyata alınan şəxslərə Azərbaycandakı statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək.
Qeydiyyat vəsiqələrinin fərdi qaydada hazırlanması və verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələr?rası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək. Həmin şəxslər barədə məlumatlar Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək. Qanun layihəsində rəsmi səfər vizasının diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların müvafiq əməkdaşlarına, onlarla birlikdə yaşayan ailə üzvlərinə, eləcə də Azərbaycana diplomatik və beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilməsi qaydalarının dəqiqləşdirilməsi də nəzərdə tutulur. Bundan başqa, həmin şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılmasının yeni viza verilməsi qaydasında həyata keçirilməsi təklif edilir.
İclasda, həmçinin Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, mülki işlər üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələlərin həlli qaydalarının dəqiqləşdirilməsi, işin aidiyyəti olmayan məhkəməyə verilməsi hallarının tənzimlənməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərə görə, hakim işin məhkəmə aidiyyətinə uyğun olmadığını müəyyən etdikdə, işin hansı mərhələdə olmasından asılı olaraq iddia ərizəsinin qəbulundan imtina edə, ərizəni geri qaytara, işi aidiyyəti məhkəməyə göndərə və ya icraata xitam verə biləcək. Sənəddə məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi başqa məhkəməyə göndərməsinə məhdudiyyət qoyulması da nəzərdə tutulur. Bu mərhələdə aidiyyətlə bağlı ərizənin təqdim edilməsinə yalnız müəyyən edilmiş müddətdə müraciət etməyin şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırıldıqda yol veriləcək.
Layihəyə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı apellyasiya şikayətlərinə, eləcə də işi mahiyyəti üzrə həll etməyən bəzi məhkəmə aktlarından verilmiş şikayətlərə hakim tərəfindən təkbaşına baxılması təklif edilir.
Mülki Prosessual Məcəlləyə dəyişikliklər çərçivəsində xarici arbitraj məhkəmələrinin qərarlarının məcburi icraya yönəldilməsi üçün beşillik müddətin müəyyənləşdirilməsi də nəzərdə tutulur. Həmçinin xarici arbitraj qərarlarının tanınması və icrası barədə ərizələrə baxılması qaydalarının dəqiqləşdirilməsi təklif edilir.
İnzibati Prosessual Məcəlləyə təklif olunan dəyişikliklər isə inzibati mübahisələr üzrə ərazi və məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi, aidiyyətlə bağlı qərardadlardan şikayət verilməsi və həmin şikayətlərə baxılması qaydalarını əhatə edir. Sənədə əsasən, məhkəmə aidiyyəti ilə bağlı bəzi qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət verilməsi və bu mübahisələrə 20 gün müddətində baxılması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur.
Sənəd səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna nəzərdə tutulan dəyişiklərdə (birinci oxunuş) isə dəmir yolu, metropoliten və tramvay xətlərinin, tunellərin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin və digər infrastruktur obyektlərinin tikintisi üçün torpaqların dövlət ehtiyacları məqsədilə alınmasının hüquqi əsaslarının genişləndirilməsi təklif olunur. Dəyişikliklərə əsasən, dövlət əhəmiyyətli yollarla yanaşı, tunellərin, o cümlədən metro tunellərinin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikintisi və quraşdırılması torpaqların dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar sırasına daxil edilir. Bundan başqa, dəniz və hava limanlarının, aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, həmçinin depoların tikilməsi və genişləndirilməsi də bu məqsədlər üçün torpaqların alınmasını mümkün edən hallara aid edilir. Layihə ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.6-cı maddəsinin ləğvi də nəzərdə tutulur.
Qeyd edək ki, iclasda gündəlikdə olan digər qanun layihələri də qəbul edilib. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının oktyabrın 30-da keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI