Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broeki qəbul edib. BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek etimadnamə məktubunu dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında geniş fəaliyyətinə toxunan Antonius Broek təmsil etdiyi təşkilatla ölkəmiz arasında mövcud olan uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurla davam etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzv olduqdan sonra səmərəli şəkildə daha da genişləndiyini deyib və Azərbaycanın beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa öz töhfəsinin verdiyini qeyd edib. Azərbaycan-BMT əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev Antonius Broekin ölkəmizdəki fəaliyyəti dövründə də əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.