Lula da Silva: Ölkəmiz kiminsə “arxa bağça”sı olmağa razı deyil
Luis İnasio Lula da Silva Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən dövlət başçısı seçilib. Bülletenlərin 99,79 faizinin hesablanmasının nəticələrinə görə, solçu Fəhlə Partiyasının lideri Lula da Silva 51,76 faiz, onun rəqibi, sağçı müxalifəti təmsil edən senator Flavio Bolsonaru isə 48,24 faiz səs toplayıb. Qalan səslərin nəticələrin dəyişməsinə kifayət etməyəcəyi bildirilir.
Lula da Silva Braziliyanın müasir tarixində birinci turda rəqibindən geri qaldıqdan sonra prezident seçkilərində qalib gəlməyi bacaran ilk siyasətçidir. Onun yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.
Lula da Silva kimdir?
Xatırladaq ki, oktyabrın 4-də keçirilən seçkilərdə namizədlərin heç biri 50 faizdən səs toplaya bilməmişdi. İlk turda senator Flavio Bolsonaru 47,42 faiz, Lula da Silva isə 44,70 faiz səs toplamışdı. Bu səbəbdən də seçkilərin ikinci turu oktyabrın 25-nə təyin olunmuşdu. Birinci turda müxalifətin namizədinin öndə olmasına baxmayaraq, hazırkı prezident ikinci turda önə keçməyi bacarıb.
Qeyd edək ki, Lula da Silva Braziliyanın tarixində xüsusi yer tutur. O, 27 oktyabr 1945-ci ildə anadan olub. Şimal-şərqdəki Pernambuku ştatından ölkənin cənub-şərqinə - San-Pauluya köçən, kasıb bir ailədən olan Lula da Silva 10 yaşından yeddi qardaşı və bir bacısı ilə birlikdə atasız böyüyüb. O, rəsmi olaraq 15 yaşından işləyib. Siyasi karyerasına 1970-80-ci illərdə Metal İşçiləri Həmkarlar İttifaqının rəhbəri kimi başlayıb və hərbi diktatura şəraitində kütləvi tətillərin təşkilində iştirak edib. 1980-ci ildə rejimin nisbətən liberallaşmasından istifadə edərək Fəhlə Partiyasını yaradıb. Beş il sonra ölkədə demokratiya bərpa olunub və bundan sonrakı dövrdə partiyanın namizədləri, o cümlədən Lula da Silva özü prezident seçkilərinin əksəriyyətində qalib gəliblər.
O, hazırda Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Lula da Silva yeddi dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, ilk dəfə 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib. Beləliklə, Lula da Silva 2003-2010-cu illər ərzində ardıcıl olaraq Braziliyaya rəhbərlik edib. Onun 2003-cü ildən 2010-cu ilə qədər iki prezidentlik müddəti qlobal əmtəə-xammal bumu ilə yadda qalıb. Ölkə bunun hesabına yaxşı pul qazanıb və milyonlarla braziliyalı yoxsulluqdan qurtula bilib. 2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı”, ABŞ-ın eks-prezidenti Barak Obama isə “Yer üzündəki ən populyar siyasətçi” adlandırıb. Çünki o, 85 faizdən yüksək reytinqlə vəzifəsini tərk edən siyasətçi olub.
580 gün həbsdə oldu, amma bəraət aldı
2017-ci ildə isə hakimiyyətin ən yüksək eşelonlarında korrupsiyanın araşdırıldığı xüsusi əməliyyatla bağlı qalmaqal yaşanıb. Bu, Braziliyada və Latın Amerikasında onlarla siyasətçi və biznes liderinin taleyinə təsir edib. Lula bir milyon dollardan çox rüşvət almaqda təqsirli bilinib. Lakin siyasətçi ittihamları qəbul etməyib. Buna baxmayaraq, 2017-ci ilin iyulunda təqsirli bilinərək 12 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və ona 19 il dövlət vəzifəsində işləmək qadağan olunub. Siyasətçi dəfələrlə bütün ittihamları rədd edib və cinayət təqibinin siyasi motivli olduğunu bəyan edib. 2018-ci ilin aprelində hökmün təsdiqlənməsi və həbs olunması həmin ilin payızında keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olan və sorğulara görə, dövlət başçısı olmaq şansı ən yüksək qiymətləndirilən Lula da Silvanın planlarına son qoyub. O, 580 gün həbsdə olub. 2019-cu ilin noyabrında Ali Məhkəmə prosesin qanuna zidd aparıldığına qərar verib və Lula azadlığa buraxılıb. 2021-ci ilin martında məhkəmə prosessual pozuntuların müəyyən edilməsi ilə əlaqədar Lula da Silvaya bəraət verib və o, dərhal seçki yarışına qoşulub. Həbsdən çıxan gün Lula deyib: “Onlar bir insanı həbsə salmayıblar. Bir ideyanı öldürməyə çalışıblar. Amma ideyanı məhv etmək olmaz”.
Daha 4 il...
2022-ci ilin oktyabrında keçirilən prezident seçkilərində iştirak edən Lula da Silva ikinci turda Prezident Jair Bolsonarunu məğlub edərək dövlət başçısı seçildi. Həmin vaxt Luis İnasio Lula da Silva seçkiləri uduzan Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar paytaxtda 1 aylıq fövqəladə vəziyyət elan etmişdi. Ölkəyə rəhbərliyi dövründə o, bir sıra vacib islahatlarla yadda qalıb.
Beləliklə, 81 yaşlı Lula da Silva daha dörd il - 2027-2030-cu illərdə Braziliyaya rəhbərlik etməlidir. O, xalqa müraciətində bəyan edib ki, ölkəsi digər dövlətlərlə bərabərhüquqlu əsasda münasibətlər qurmaq niyyətindədir və ABŞ-dan asılılığa yol verməyəcək: “Ölkəmiz kiminsə “arxa bağça”sı olmağa razı deyil”.
N.BAYRAMLI