Avropada seçki həftəsi...

Serbiyada növbədənkənar parlament, Bolqarıstanda isə prezident seçkiləri keçirilib

Ötən bazar günü - oktyabrın 25-də bəzi Avropa ölkələrində seçkilər keçirilib. Serbiyada növbədənkənar parlament seçkiləri baş tutub. Serbiya vətəndaşları parlamentin yeni çağırışında təmsil olunacaq 250 deputatı seçmək üçün səs veriblər. Seçicilərin 67,6 faizi səsvermə hüququndan istifadə edib.

Aleksandar Vuçiç: Müxalifətin kim olduğunu göstərəcəyik

Növbədənkənar parlament seçkilərində “Tələbə siyahısı” 52,9 faiz səslə qalib gəlib. Yekun nəticəyə görə, “Aleksandar Vuçiç - Vahid Serbiya” siyahısı seçkilərdə 38,8 faiz səs toplayıb. Azlıqların siyahılarından parlamentə həmçinin üç mandatla Voyvodina Macarları İttifaqı (SVM), iki mandatla Alban koalisiyası, eləcə də hərəyə bir mandatla Sancaq Demokratik Partiyası və Sancaq Demokratik Fəaliyyət Partiyası daxil olacaq. Mandatların bölüşdürülməsinin yekun proqnozuna əsasən, “Tələbə siyahısı” 140 mandat, “Aleksandr Vuçiç - Vahid Serbiya” siyahısı isə 103 mandat qazanıb.

Seçkilərin başa çatmasından sonra Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç liderlik etdiyi “Aleksandar Vuçiç - Vahid Serbiya” seçki siyahısının keçirilən növbədənkənar parlament seçkilərində məğlub olduğunu bildirib. Vuçiç Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı yekun nəticələrin hələ məlum olmadığını, lakin mövcud məlumatlara əsasən, seçkiləri uduzduqlarının aydın olduğunu deyib. O deyib ki, “Tələbə siyahısı”nın 135-140, özünün rəhbərlik etdiyi siyahının isə təxminən 105 mandat qazanacağı gözlənilir: “Yekun nəticələrimiz yoxdur. Çoxları təəccüblənəcək və bəzilərinin nə qədər yalan danışdığını, nələr uydurduğunu anlayacaqsınız”. O əlavə edib ki, Vo?vodina Macarları İttifaqı da parlamentdə təmsil olunacaq. Vuçiç bundan sonra mübarizəni davam etdirəcəklərini və müxalifətin kim olduğunu göstərəcəklərini bildirib.

Serbiyanın Avropa İttifaqına doğru yolu asanlaşır?

Yeri gəlmişkən, artıq Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen “Tələbə siyahısı”nı Serbiyada keçirilən parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edərək ölkədəki demokratik islahatları dəstəkləməyə hazır olduqlarını bəyan ediblər. “Biz qanunun aliliyi, media azadlığı, korrupsiyaya qarşı mübarizə və demokratik institutların möhkəmləndirilməsi sahəsində islahatları dəstəkləməyə, həmçinin Serbiyanın Avropa İttifaqındakı gələcəyi üzərində birgə işləməyə hazırıq”, - deyə açıqlamada bildirilib. Koşta və Lyayen həmçinin seçici fəallığının rekord həddə çatdığını qeyd edərək Serbiya vətəndaşlarının öz ölkələrinin gələcəyinin müəyyənləşdirilməsində fəal iştirak etdiklərini vurğulayıblar.

Avropa Şurasının Baş katibi Alen Berse də “Tələbə siyahısı”nı səsvermənin nəticələri münasibətilə təbrik edib və Serbiyanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib: “Serbiyanın “Tələbə siyahısı”nı seçkilərin nəticələri münasibətilə təbrik edirəm. Serbiya vətəndaşları öz demokratik seçimlərini etdilər. Biz keçmiş prezident Aleksandar Vuçiç tərəfindən səsvermənin nəticələrinin tanınmasını və onun hakimiyyətin dinc, demokratik yolla ötürülməsinə sadiqliyini alqışlayırıq”. Baş katib vurğulayıb ki, Avropa Şurası insan hüquqları, demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi üçün ölkənin demokratik yolla seçilmiş rəhbərliyi ilə qarşılıqlı fəaliyyət göstərməyə hazırdır: “Sizin əzmkarlığınız, enerjiniz, Avropa prinsiplərinə və Serbiyanın gələcəyinə sadiqliyiniz sizə bu nəticəyə nail olmağa imkan verdi. Siz bizim dəstəyimizə arxalana bilərsiniz”.

Təbriklərə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos da qoşulub. “Əziz Serbiya, sən öz səsini eşitdirdin! Demokratiya, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə naminə təxminən iki il davam edən etirazlardan sonra serblər tarixi sayda fəallıq göstərərək sandıq başına toplaşdılar. Qələbə münasibətilə “Tələbə Siyahısı”nı təbrik edirəm!” - deyə, o bildirib. Kosun sözlərinə görə, seçkilərin nəticələri Serbiyanın Avropa İttifaqı ilə münasibətlərində yeni səhifə aça bilər. “Bunlar məhz bizim Avropa İttifaqımızın təməlində duran dəyərlərdir. Serbiya üçün artıq yeni bir səhifə açıla bilər. Aİ-nin qapısı açıqdır və biz sizinlə birlikdə irəliləməyə tam hazırıq”, - deyə Avropa komissarı vurğulayıb.

Bolqarıstanda prezident seçkilərinin ikinci turu olacaq

Bolqarıstanda isə oktyabrın 25-də prezident seçkiləri keçirilib. Seçkilərin ilkin nəticələrinə əsasən, İliyana Yotova və Andrey Qyurovun rəhbərlik etdiyi namizəd cütləri ikinci tura yüksəlib. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, bülletenlərin 99 faizi hesablandıqdan sonra Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev 34,69 faiz, Qyurov və Georgi Kandev isə 31,98 faiz səs toplayıb.

İkinci turun noyabrın 1-də keçirilməsi gözlənilir. Seçkilərdə seçici fəallığı 50 faizdən aşağı olub.

Xatırladaq ki, Bolqarıstan Konstitusiyasına əsasən, prezidentliyə namizədin birinci turda qalib gəlməsi üçün səslərin yarıdan çoxunu toplaması və səsvermə hüququ olan seçicilərin yarıdan çoxunun seçkidə iştirak etməsi tələb olunur. Bu şərtlər yerinə yetirilmədikdə, ən çox səs toplamış iki namizədin iştirakı ilə yeddi gün ərzində ikinci tur keçirilir.

Nardar BAYRAMLI