Amma nə olsun? Başqa bir misalı da xatırladaq: “Sən hansı havanı çalırsan-çal, mən “Heyvagülü” oynayacağam”. Bax, belə “Heyvagülü” oynayanlardan, kiriməyənlərdən biri də 76 yaşlı A.Raif Öztürkdür. Tərcümeyi-halında Tekirdağın Çorlu rayonunda anadan olduğu, ilkin təhsilini Çatalcada aldığı, peşə orta məktəbini Paşabahçədə oxuduğu, Sultanəhməd Peşə Məktəbində isə xüsusi olaraq Maşın Yüksək Texniki Rəssamlığı ixtisası üzrə təhsilini davam etdirdiyi bildirilən, Türkiyə Şişə və Cam Fabriklərində 26 il “Robototexnika və Tam Avtomatlaşdırılmış Maşınlar İstehsal Xətti Maşın Texnikliyi” və fabrikin növbə rəisi vəzifəsində çalışdığı bildirilən, 1990-cı ildə Türkiyə Şişə Cam Fabriklərindən öz istəyi ilə təqaüdə çıxan A.Raif Öztürk 90-cı illərdə bir il diksiya, bir il Osmanlı türkcəsi, iki il də ərəb dili təhsili alıb. Amma sonrakı illərdə “heç Quran bilməyən 30-40 nəfərə eyni anda və 10 saata Quran öyrətmək mütəxəssisi”.
Hazırda köşə yazıları və kitab layihələri üzərində işləməyə davam edir. 2006-cı ildən bəri “Dost Beykoz Ailəsi”nin üzvüdür. “Dost Beykoz” Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda fəaliyyət göstərən yerli xəbər portalı və media qurumu olan “Beykozun Hür Gazetesi” (Beykozun azad qəzeti) 2002-ci ildə qurulub. Amma nədənsə bu ahıl yazar azadlıq, hürr deyiləndə hər nəyi dilə gətirməyin və yazmağın ayıb və anormallıq olduğunu bu yaşadək də anlaya bilməyib. Əks təqdirdə, gözlərini yumub, ağzını açmazdı o yaşda adam. Deyən gərək, sən gənclərə bu ritorika, bu hikkə, bu anormal yanaşma ilə nə qoyub gedəcəksən?! “Hər işdə bir xeyir var”, deyimi də yerinə düşür. Son həftələrin gərginliyinin ardınca, toz-tozanaq çəkilincə soyadı öztürklərin bəzilərinin əslində “özgətürk” olduqlarını gördük. Onlar nə etsələr belə, gerçək niyyətlərini gizlədə bilməzlər. Hər sözbaşı Azərbaycana “qardaş” desələr belə, əslində məmləkətimizə münasibətləri qar kimi soyuq və qara daş kimi göyərməzdir. “Azerbaycan’ın iç işine karışmak mı?” sərlövhəli yazısında bir budaqda oturub, yüzünü silkələyib. “Türkiye ile kardeş ülke olduğunu iddia eden ama…” sərsəmləməsini Azərbaycana, onun Liderinə ünvanlayan qafada ağıl olduğunu iddia etmək mümkünmü? Yazı başdan-ayağa sayıqlama, yanında da kimsə yox ki, onu silkələyib, ayıltsın, desin, sən nə yapırsan, özünü nə və kim zənn edirsən, ümumiyyətlə, çiyninin üstündə gəzdirdiyin başınla düşünmüsənmi bu sərsəmləmələri sıralayanda?!
“Azerbaycan yönetiminin 21 Eylül 2026’da öğrenci ve öğretmenler için Allah’ın emri olan başörtüsünü yasaklaması”ndan bəhs edən həmin bu başsız imza sahibinin Azərbaycan Respublikasının dünyəvi dövlət olmasından yəni doğrudanmı xəbəri yoxdur? Bu adam yəni heç kitab oxumayıb, arxivə getməyib ki, bilsin: Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin – Müsəlman Şərqində ilk demokratik dövlətin varisidir!
Gerçəkdən bilmirmi ki, sovet imperiyasının tanklarının üstünə yumruqlarını sıxıb gedən azadlıqsevər insanlarımızı o illərdə ləkələməkdən ötrü düşmənlərimiz “islam fundamentalizminin nümayəndələri” adlandıraraq qətlə yetirilmələrinə bəraət qazandırmağa çalışırdılar. Görən bu “parlaq imza sahibi” o zaman harda idi, niyə din qardaşlarının, müsəlmanların şəhadətinə göz yummuşdu? Nədən o illərdə sovetləri lənətləmək yadından çıxıb? Nə əcəb Qarabağdakı 67 məsciddən 65-i erməni vandalları tərəfindən dağıdılan 30 ildə Allahın əmri yadına düşməyib, bircə dəfə də olsun Ermənistan rəhbərliyinə ünvanlı yazı qələmə almayıb? Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə sərt şəkildə reaksiya verən bu zat nədən məscidlərimizin donuz, inək tövləsinə çevrilməsinə kar və kor olub? O zaman “ayılıb” ki, ittiham etdiyi Lider Qarabağda məscidləri bərpa etdirir, tikdirir, İslam dəyərlərinin bərqərar olması üçün əlindən gələni edir? “Allahın əmri”ndən danışan adam bəlkə İrəvandakı Göy məscidin - Azərbaycan xalqının inanc ünvanlarından birinin üstünə “fars” yarlığı yapışdırılması bir yana, Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsinə etirazını bildirəydi! Niyə səsi çıxmır, niyə “vaveyla, İslam əldən getdi”, deyib, hayqırmır?!
Deməli, nə hicab, nə İslam? Sadəcə, Azərbaycan dövlətinin, Azərbaycanın yüz illər boyunca tamarzı qaldığı parlaq qələbələrinin müəllifinin, Qarabağ Fatehinin hədəfə alınması tapşırığı var və bütün fəaliyyət ona uyğun həyata keçirilir!
44 günlük Vətən müharibəsi zamanı və ondan sonra Ermənistan, həmçinin onun arxasındakı paytaxtlar israrla qardaş Türkiyəni də hədəfə çıxartmağa çalışır, guya Qarabağın azad olunması uğrunda savaşda Türkiyə ordusunun da iştirak etdiyini iddia edirdilər. Hətta xüsusi təlimatlarla Azərbaycan Prezidentindən müsahibə üçün göndərilən A. Raif Öztürk kimiləri F16-ların Gəncədə olmasını “müharibədə iştirak” kimi təqdim edəndə cavablarını alırdılar. Dövlətimizin başçısı faktı onların üzünə çırparaq bildirirdi ki, F16-lar ordadır, amma oturublar yerlərində! Yəni bu, müharibədə iştirak sayılmaz, sadəcə təlimdən sonra Gəncə hava limanında qalmışdılar. Amma Gəncəni ballistik raketlərlə atəşə tutub, dinc insanlarımızı, körpələrimizi qətlə yetirənlər hədəfdə deyildi o zaman, Azərbaycanı ittiham edirdilər ki, “sən niyə özünü, öz vətəndaşını qoruyursan?!” Belələri ilə həmfirikdir adı çəkilən yazının müəllifi və həmfikirləri…
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə təşəkkürünü ifadə edib və növbəti dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərində, özü də Zəfər Günündə Ali Qonağa xitabən bəyan etdi: “Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır””.
Düşünürdük ki, bundan sonra sözbazların, boşboğazların, ağzından quş uçuranların səsi kəsiləcək, kiriyəcəklər, başlarından böyük səhvi anlayacaqlar, amma dayanmadılar, sosial mediada, mətbuatda şər-böhtan yağdırmağa davam etdilər.
Cənab Rəcəb Tayyib Ərdoğanın “altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir”, tarixi bəyanatı da tutduğunu buraxmayan kar və korlara kar eləməyib, təəssüf ki…
Oktay Saral görəvdən alındı, cəzasını aldı, amma Türkiyə-Azərbaycan qardaşlığını pozmaq istəyən sarallar yenə də iş başındadırlar, müxtəlif cinahlardan boy verib, təfriqə salmağa çalışırlar.
Belə görünür türkiyəli jurnalist həmkarımızın hələ yay aylarında, mənim “qardaşlığımızı pozmaq istəyənlər var, sizli-bizli ayıq olaq”, çağırışıma verdiyi reaksiya boşuna deyilmiş: “Abi, Türkiyənin ən qorxunc düşmənləri xaricdə yox, Türkiyənin daxilindədir!” Bax, Türkiyə dövlətindən bəhrələnənlərin anti-Azərbaycan ritorikası əslində elə Türkiyəyə xəyanət və düşmənçilikdir! Axı, bu iki dövləti üz-üzə qoymaqdır düşmən paytaxtların əsas niyyəti, onlar da bu niyyətə alət olurlarsa, başqa hansı qənaət hasil etmək olar?! “Köhnə palan içi tökən” bu, sifarişli yazarlar üz qarası kimi qalacaqlar, buna şübhəmiz yoxdur.
Biriləri belələrinə başa salsın ki, Türkiyə-Azərbaycan bir bədəndə iki candır, onları ayırmaq, onların arasında təfriqə salmaq mümkün deyil! Azərbaycan və Türkiyə dövlətlərini eyni kökün daşıyıcıları qurub, ailədə söz-söhbət olar, amma bu, düşmənçiliyə çevrilə bilməz, çünki Türkiyəyə “biz batanda bizə çuvalduz batar”. Azərbaycana münasibətdə də türk qardaşlarımızın münasibəti bəllidir. Sevincimiz, kədərimiz, halımız, hilalımız, taleyimiz, kökümüz, soyumuz birdir!
Azərbaycan Prezidenti U-15 futbol finalına görə Türk Dövlətləri Təşkilatının Zirvəsinə qatıla bilmədi. Nə olsun? Azərbaycan rəsmiləri dövlətimizi yüksək səviyyədə təmsil etdilər, sədrlik qardaş ölkəyə təhvil verildi. Bunu anlayışla qəbul edən Türkiyə Lideri Şuşanın, Xankəndinin, Xocalının ziyarətinə gəldi, qarşıdakı dönəm üçün çox önəmli mesajlar verdi, məktəb tikiləcək, Cəbrayıl torpağında ting yetişdirmə müəssisəsi də yaşıl ağaclarımızın ilk ünvanlarından biri olacaq, Dədəmiz Qorqudun “kölgəli ağaclarımız kəsilməsin”, duasına vəsilə ilə…
Budur, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Antalyada yüksək səviyyədə qarşılandıqdan sonra COP31 sammitində iştirak edir. Atmosfer elə gözəldir ki…2015-ci ildə Antalyanın evsahibliyini etdiyi G20 Zirvəsini, Azərbaycan Prezidenti və Birinci xanımın FƏXRİ QONAQ satatusu ilə dünya liderlərinin sammitinə qardaş Türkiyə dövləti tərəfindən dəvət olunmasını xatırlayıram. Budəfəki tədbirdə şəxsən iştirak və müşahidə imkanım olmasa da, media üzərindən əldə etdiyim görüntülər həminki qürurlu, fəxarətli qənaətimi formalaşdırır: yenə eyni münasibət, eyni səmimiyyət, eyni diqqət! “Yel qayadan nə aparar?!” Türkiyə və Azərbaycan birdir, irirdir, diridir! Biriləri özlərini yormasınlar, dünya durduqca belə də olacaq! Hələ görüləsi işlər var e!
Ona da şübhəmiz yoxdur ki, Türkiyə dövləti nifaq toxumunu cücərtmək istəyənlərin qələmini qıracaq, xarici notluların səslərini kəsəcək, sonuncu nəfərlərinədək! Terrorsuz Türkiyəyə nail olan qardaş dövlət yazısı-pozusu ilə terror küləyi əsdirənləri də zərərsizləşdirməyi bacaracaq. Qoy elələri yazsınlar, danışsınlar, özlərini daha çox ifşa etsinlər və günün birində onların da vaxtı çatacaq, FETÖ əməliyyatı kimi əməliyyatın sorağı gələcək…
Elşad Paşasoy