Neftdən də qiymətli maye əsrimizin strateji sərvətinə çevriləcəkmi?
XX əsrin geosiyasi mənzərəsini böyük ölçüdə neft, qaz və digər enerji resurslarına nəzarət uğrunda rəqabət müəyyənləşdirirdi. Dövlətlərin iqtisadi qüdrəti, hərbi potensialı və beynəlxalq nüfuzu çox zaman enerji ehtiyatlarına çıxış imkanlarıyla ölçülürdü. XXI əsrdə isə dünya siyasətinin gündəliyində getdikcə daha ciddi yer tutan başqa bir strateji resurs ön plana çıxır: su.
Neftə alternativ enerji mənbələri var, günəş, külək, atom və digər texnologiyalar enerji istehsalında yeni imkanlar yaradır. Suya münasibətdə isə vəziyyət fərqlidir. İnsan həyatı, kənd təsərrüfatı, ərzaq istehsalı, sənaye, energetika və şəhərlərin fəaliyyəti birbaşa su ehtiyatlarından asılıdır. Bu səbəbdən su məsələsi artıq yalnız ekoloji problem və ya kommunal xidmət sahəsi çərçivəsində qiymətləndirilə bilməz, bu resurs milli təhlükəsizliyin, iqtisadi dayanıqlılığın, ərzaq təminatının və dövlətlərarası münasibətlərin əsas komponentlərindən birinə çevrilir.
Rəqəmlər təhlükənin miqyasını aydın göstərir. BMT-nin 2025-ci il Dünya Su İnkişafı Hesabatında qeyd olunur ki, 2022-ci ildə dünyada 2,2 milyard insan təhlükəsiz idarə olunan içməli su xidmətlərindən, 3,5 milyard insan isə təhlükəsiz sanitariya xidmətlərindən məhrum olub. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci il məlumatlarına əsasən, qlobal şirin su götürülməsinin 70 faizdən çoxu kənd təsərrüfatının payına düşür. Deməli, su ehtiyatlarının azalması yalnız içməli su təminatına təsir göstərmir, bu proses taxıl, pambıq, meyvə-tərəvəz istehsalından başlayaraq ərzaq qiymətlərinə, kənd təsərrüfatı gəlirlərinə və sosial sabitliyə qədər geniş təsir zənciri yaradır.
Problemin daha təhlükəli tərəfi su ehtiyatlarının təkcə azalması yox, qeyri-bərabər paylanmasıdır. Bir çayın mənbəyi bir dövlətin ərazisində yerləşir, suyun əsas hissəsindən isə başqa ölkələr istifadə edir. Yuxarı axında yerləşən dövlətin tikdiyi bənd, yaratdığı su anbarı və ya genişləndirdiyi suvarma sistemi aşağı axındakı ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına və əhalisinin gündəlik həyatına təsir göstərə bilər. BMT-nin 2024-cü il transsərhəd su əməkdaşlığı hesabatına görə, dünyada 313 çay və göl hövzəsi, 468 yeraltı su hövzəsi iki və ya daha çox dövlət arasında bölüşdürülür. BMT üzvü olan 153 dövlət başqa ölkələrdən gələn və ya başqa ölkələrə axan su ehtiyatlarından asılıdır. Bu göstəricilər suyun dövlət sərhədlərini aşan geosiyasi əhəmiyyətini nümayiş etdirir.
Dünya Meteorologiya Təşkilatının 17 sentyabr 2026-cı ildə açıqladığı “State of Global Water Resources 2025” hesabatı vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Hesabata əsasən, 2025-ci il son 35 ildən artıq müddətdə çay axınlarının ən aşağı olduğu illərdən biri kimi qeydə alınıb. Son yeddi il ərzində normal çay axını müşahidə olunan hövzələrin sayı 1991-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Eyni zamanda, qlobal su dövranı daha qeyri-sabit xarakter alıb: bəzi regionlar kəskin quraqlıqla, digərləri isə dağıdıcı daşqınlarla üzləşir. Bu mənzərə göstərir ki, gələcəyin su təhlükəsizliyi yalnız ehtiyatların həcmiylə yox, onların mövsümlər üzrə dəyişməsi, idarə olunması və əhali arasında bölüşdürülməsiylə də müəyyən ediləcək.
Dünya Bankının 2025-ci ilin noyabrında açıqladığı “Global Water Monitoring Report” isə başqa bir mühüm məqama diqqət çəkir. Hesabata görə, dünyada hər il 324 milyard kubmetr şirin su itirilir. Bu həcm təxminən 280 milyon insanın illik su ehtiyacını ödəyə bilərdi. İtkilərin səbəbləri arasında quraqlıqla yanaşı səmərəsiz su idarəçiliyi, həddindən artıq suvarma, torpaq və su ekosistemlərinin deqradasiyası, zəif koordinasiya və infrastruktur problemləri göstərilir. Beləliklə, su böhranının səbəblərini yalnız təbiətdə axtarmaq düzgün olmaz, bir çox halda mövcud suyun qorunmaması və səmərəsiz istifadəsi də qıtlığı dərinləşdirir.
Su hövzələri geosiyasi rəqabətin yeni mərkəzinə çevrilir
“Su müharibələri” anlayışı son illər beynəlxalq münasibətlərdə daha çox işlədilsə də, bu ifadənin mahiyyətini düzgün müəyyənləşdirmək vacibdir. Tarixi təcrübə göstərir ki, dövlətlər arasında suyla bağlı mübahisələr çox vaxt birbaşa müharibəyə çevrilməyib. Su diplomatiyası üzrə tanınmış tədqiqatçı Aaron T. Volfun araşdırmaları da transsərhəd su münasibətlərində əməkdaşlığın qarşıdurmadan daha geniş yer tutduğunu göstərir. Lakin bu fakt təhlükənin mövcud olmadığı anlamına gəlmir. Müasir dövrdə su üzərində rəqabət bəndlərin tikintisi, su axınının tənzimlənməsi, müqavilələrin icrası, infrastrukturun təhlükəsizliyi və beynəlxalq danışıqlarda siyasi təsir imkanları vasitəsilə özünü göstərir. Afrikadakı Nil hövzəsi bu rəqabətin ən diqqətçəkən nümunələrindən biridir. Efiopiya Nilin əsas qollarından olan Mavi Nil üzərində Böyük Efiopiya Dirçəliş Bəndini (Grand Ethiopian Renaissance Dam - GERD) 9 sentyabr 2025-ci ildə rəsmi olaraq istifadəyə verib. Təxminən 5 150 meqavat quraşdırılmış gücə malik layihə Efiopiya üçün elektrik enerjisi istehsalını artırmaq, sənayeləşməni sürətləndirmək və enerji ixracı imkanlarını genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Misir isə məsələyə başqa prizmadan yanaşır. Ölkənin su təminatı Nil çayından ciddi şəkildə asılıdır və rəsmi Qahirə bəndin doldurulması və istismarı zamanı aşağı axına daxil olan suyun miqdarının xüsusilə quraqlıq dövrlərdə azalacağından narahatdır. Sudan da Nil sisteminin su rejimində baş verən dəyişikliklərdən birbaşa təsirlənə biləcək ölkədir. Beləliklə, bir dövlət üçün enerji və inkişaf layihəsi hesab olunan infrastruktur digər dövlətlər üçün su təhlükəsizliyi məsələsinə çevrilir.
Burada əsas məsələ bəndin mövcudluğu yox, onun necə idarə olunmasıdır. Su anbarının doldurulma qrafiki, quraqlıq dövründə suyun buraxılması, hidroloji məlumatların mübadiləsi və fövqəladə vəziyyətlərdə koordinasiya mexanizmləri razılaşdırılmayanda texniki layihə siyasi böhrana çevrilə bilər. Nil hövzəsinin təcrübəsi göstərir ki, böyük su infrastrukturu yalnız bir ölkənin daxili inkişaf məsələsi kimi qiymətləndirilə bilməz; belə layihələrin təsirləri bütün hövzə üzrə nəzərə alınmalıdır.
Asiyada isə Hindistan və Pakistan arasında 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsi su diplomatiyasının ən mühüm nümunələrindən biri kimi tarixə düşüb. İki ölkə arasında müharibələrə və uzunmüddətli siyasi gərginliyə baxmayaraq müqavilə onilliklər ərzində su bölgüsünün hüquqi əsasını təşkil edib. Lakin 2025-ci ilin aprelində Hindistan Kəşmirdə baş vermiş terror hücumundan sonra müqaviləni “dayandırılmış vəziyyətə” gətirdiyini bəyan edib. Bu qərar Pakistan tərəfindən kəskin etirazla qarşılanıb. Məsələnin hüquqi tərəfi də diqqətəlayiqdir. 31 avqust 2026-cı ildə Haaqa Daimi Arbitraj Məhkəməsinin katibliyi ilə fəaliyyət göstərən Arbitraj Məhkəməsi Hindistanın müqaviləni birtərəfli qaydada dayandırmaq qərarının hüquqi əsasını qəbul etməyib və Hind Suları Müqaviləsinin qüvvədə qaldığını bildirib. Hindistan isə tribunalın yurisdiksiyasını tanımadığını və qərarı tanımadığnı bəyan edib. Beləliklə, su məsələsi iki ölkə arasında siyasi mübahisə olmaqdan çıxaraq beynəlxalq hüququn tətbiqi, müqavilələrin məcburiliyi və dövlətlərin birtərəfli qərarlarının sərhədləri ilə bağlı ciddi müzakirə predmetinə çevrilib.
Bu hadisə mühüm bir həqiqəti ortaya qoyur: dövlətlərarası münasibətlərdə suyun siyasi təzyiq vasitəsinə çevrilməsi regional sabitliyə ciddi zərbə vura bilər. Əgər enerji resursları üzərində rəqabət uzun illər ərzində boru kəmərləri, ixrac marşrutları və qiymət siyasəti vasitəsilə aparılıbsa, su sahəsində rəqabət daha həssas xarakter daşıyır. Çünki suyun alternativi məhduddur və onun çatışmazlığı milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir.
Mərkəzi Asiyada da su və enerji maraqları arasında mürəkkəb qarşılıqlı asılılıq var. Amudərya və Sırdərya çayları regionun bir neçə dövlətinin kənd təsərrüfatı, enerji istehsalı və əhalinin su təminatı üçün həyati əhəmiyyət daşıyır. Yuxarı axında yerləşən ölkələr hidroenerji istehsalına, aşağı axında yerləşən dövlətlər isə əsasən suvarmaya üstünlük verir. Qışda elektrik enerjisinə ehtiyacın artmasıyla yayda suvarma tələbatının yüksəlməsi arasında yaranan ziddiyyət region dövlətlərini ortaq idarəetmə mexanizmlərinə ehtiyac qarşısında qoyur.
Bütün bu nümunələr göstərir ki, gələcəyin su münaqişəsi tankların sərhədi keçməsiylə müşayiət olunmaya bilər. Su axınının məhdudlaşdırılması, su anbarlarının birtərəfli idarə edilməsi, transsərhəd çayların çirkləndirilməsi, müqavilələrin icrasından yayınma və su infrastrukturunun hərbi əməliyyatlar zamanı hədəfə çevrilməsi daha real risklərdir. Bu səbəbdən su diplomatiyası artıq xarici siyasətin texniki istiqaməti yox, milli və regional təhlükəsizlik siyasətinin mühüm hissəsi kimi nəzərdən keçirilməlidir.
Azərbaycanın su təhlükəsizliyi: regional asılılıqdan strateji dayanıqlılığa
Su məsələsi Azərbaycan üçün də xüsusi geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Ölkənin coğrafi mövqeyi, iqlim xüsusiyyətləri və transsərhəd çaylardan asılılığı su təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkənin su ehtiyatları Cənubi Qafqazın ümumi su ehtiyatlarının təxminən 15 faizini təşkil edir. Çay sularının 67-70 faizi qonşu ölkələrin ərazisində formalaşır. Bu göstərici Azərbaycanın su təminatında transsərhəd mənbələrin nə qədər mühüm yer tutduğunu göstərir.
Azərbaycanın 10 oktyabr 2024-cü il tarixli Prezident sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sında ölkənin bərpa olunan şirin su ehtiyatlarının 26,2 milyard kubmetr olduğu göstərilir. Bunun 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan, 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri isə yerli çay axınlarından formalaşır. Strategiya 2024-2040-cı illəri əhatə edir və su ehtiyatlarının artırılması, səmərəli istifadəsi, idarəetmənin müasirləşdirilməsi, su itkilərinin azaldılması, içməli və suvarma suyu təminatının yaxşılaşdırılması kimi istiqamətləri müəyyənləşdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2026-cı ilin avqustunda yenilənmiş məlumatları da narahatlıq doğurur. Həmin məlumatlara əsasən, 1991-2023-cü illərdə yerli çayların sululuğu 1961-1990-cı illərlə müqayisədə 5-21,2 faiz, transsərhəd çayların sululuğu isə 9,1-21 faiz azalıb. Son on ildə bəzi transsərhəd çaylarda illik su sərfinin çoxillik norma ilə müqayisədə 5-54 faiz azalması qeydə alınıb. Bu rəqəmlər iqlim dəyişmələrinin, su götürülməsinin və hövzələrdə insan fəaliyyətinin ölkənin su balansına təsirini daha aydın göstərir.
Azərbaycanın su təhlükəsizliyi məsələsində Kür və Araz çaylarının xüsusi yeri var. Bu çaylar yalnız təbii su mənbələri yox, həm də regional əməkdaşlığın və qarşılıqlı məsuliyyətin əsas elementləridir. Çayların yuxarı axınında həyata keçirilən su təsərrüfatı fəaliyyəti, suvarma məqsədilə götürülən suyun həcmi, sənaye və məişət tullantılarının çaylara axıdılması aşağı axında yerləşən ərazilərin su keyfiyyətinə və ehtiyatlarına təsir göstərir. Bu səbəbdən transsərhəd su hövzələri üzrə müntəzəm məlumat mübadiləsi, birgə monitorinq və ekoloji standartların tətbiqi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə Araz çayının qollarından olan Oxçuçayla bağlı ekoloji vəziyyət bu məsələnin yalnız suyun miqdarıyla məhdudlaşmadığını göstərir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlər zamanı çay suyunda nikel, dəmir, manqan və mis-molibden birləşmələrinin normadan artıq göstəriciləri barədə məlumatlar açıqlanıb. Bu kimi hallar transsərhəd çayların mühafizəsi məsələsində ekoloji təhlükəsizlik, şəffaf monitorinq və beynəlxalq əməkdaşlığın vacibliyini bir daha gündəmə gətirir.
Azərbaycanın su siyasətində mühüm addımlardan biri Milli Strategiyanın qəbul edilməsidir. Sənədin 2024-2027-ci illəri əhatə edən birinci mərhələsində su ehtiyatlarının yenidən qiymətləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi, su itkilərinin azaldılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması nəzərdə tutulur. 2028-2030-cu illərdə dayanıqlı su və sanitariya sistemlərinin inkişafı, 2031-2040-cı illərdə isə innovativ texnologiyalar və alternativ su mənbələri vasitəsilə su təminatının möhkəmləndirilməsi hədəflənir.
2026-cı il yanvar ayının 12-də Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramının təsdiqlənməsi də deyilən istiqamətdə institusional yanaşmanın davam etdiyini göstərir. Bu proqramın əhəmiyyəti şəhərlərin su təchizatının yaxşılaşdırılmasıyla məhdudlaşmır, sürətli urbanizasiya, əhali artımı, sənaye və xidmət sektorunun genişlənməsi şəraitində su infrastrukturunun dayanıqlılığı ölkənin iqtisadi təhlükəsizliyinin vacib şərtidir. Bununla yanaşı, Azərbaycanın su siyasəti yeni su anbarlarının və boru xətlərinin tikintisiylə də məhdudlaşmamalıdır. Su itkilərinin azaldılması, kənd təsərrüfatında damcı və yağmurlama suvarma sistemlərinin genişləndirilməsi, tullantı sularının təkrar istifadəsi, rəqəmsal monitorinq və süni intellekt əsaslı proqnozlaşdırma mexanizmləri daha böyük strateji əhəmiyyət daşıyır. Su şəbəkələrində itkilərin real vaxt rejimində müəyyənləşdirilməsi, çay axınlarının peyk və sensor məlumatlarıyla izlənməsi, suvarma qrafiklərinin hava proqnozlarına uyğunlaşdırılması və su anbarlarının idarə edilməsində rəqəmsal modellərdən istifadə resursların səmərəliliyini artıra bilər.
Digər mühüm istiqamət Xəzər dənizinin suyunun duzsuzlaşdırılması və alternativ su mənbələrinin inkişafıdır. Duzsuzlaşdırma texnologiyası su ehtiyatlarının məhdud olduğu ölkələr üçün əlavə imkan yaratsa da, onun enerji sərfi, maya dəyəri və ekoloji təsirləri nəzərə alınmalıdır. Bu texnologiya ənənəvi su mənbələrinin qorunmasını əvəz etməməli, ümumi su təhlükəsizliyi sistemini tamamlamalıdır.
Azərbaycan üçün transsərhəd su diplomatiyasının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Kür və Araz hövzələrində yerləşən dövlətlər arasında hidroloji məlumatların mübadiləsi, suyun keyfiyyətinə birgə nəzarət, quraqlıq və daşqın riskləri barədə erkən xəbərdarlıq, su anbarlarının idarə edilməsində koordinasiya mexanizmləri yaradılmalıdır. Bu əməkdaşlıq siyasi münasibətlərin vəziyyətindən asılı olmayaraq texniki və ekoloji zərurət kimi nəzərdən keçirilməlidir. Çünki çay sərhəd tanımır, yaratdığı risklər isə bütün hövzə dövlətlərinə təsir göstərir.
Beynəlxalq hüquq da bu sahədə mühüm çərçivə yaradır. BMT-nin 1997-ci ildə təsdiqlənmiş Beynəlxalq Su Axarlarının Gəmiçilikdən Kənar İstifadəsi Hüququ haqqında Konvensiyası transsərhəd su ehtiyatlarından ədalətli və ağlabatan istifadə, digər dövlətlərə əhəmiyyətli zərərin vurulmaması və əməkdaşlıq prinsiplərini təsbit edir. Bu prinsiplərin real tətbiqi su mübahisələrinin qarşısının alınması, dövlətlər arasında etimadın gücləndirilməsi və uzunmüddətli regional sabitliyin qorunması baxımından əhəmiyyətlidir.
Bir sözlə, su təhlükəsizliyi məsələsinə yalnız təbii ehtiyatların qorunması kimi yanaşmaq yetmir. Bu sahədə hüquqi mexanizmlər, iqtisadi planlaşdırma, texnoloji yeniliklər, regional diplomatiya və milli təhlükəsizlik tədbirləri vahid sistem şəklində əlaqələndirilməlidir. Azərbaycan üçün bu yanaşma həm mövcud su ehtiyatlarının qorunması, həm də gələcək nəsillər üçün su təminatının etibarlı şəkildə qurulması baxımından strateji əhəmiyyət daşıyır.
XXI əsrdə neft və qazın geosiyasi əhəmiyyəti aradan qalxmayacaq. Lakin suyun iqtisadi və siyasi çəkisi getdikcə artacaq. Dünya Bankının hesablamalarına görə, hər il itirilən 324 milyard kubmetr şirin suyun həcmi milyonlarla insanın həyatına təsir göstərə biləcək miqyasdadır. Dünya Meteorologiya Təşkilatının son hesabatı isə su dövranının daha qeyri-sabit və proqnozlaşdırılması çətin vəziyyətə gəldiyini göstərir. Belə şəraitdə dövlətlərin gücü yalnız malik olduqları təbii ehtiyatlarla deyil, həmin ehtiyatları necə qoruduqları, bölüşdürdükləri və idarə etdikləri ilə də ölçüləcək.
Yaxın onilliklərdə su XXI əsrin neftdən də qiymətli sərvətinə çevriləcəkmi? Bu suala qəti cavab vermək hələ tezdir. Ancaq bir reallıq artıq mübahisə doğurmur: suya çıxış imkanları dövlətlərin ərzaq təhlükəsizliyini, iqtisadi dayanıqlılığını, sosial sabitliyini və regional təsir gücünü müəyyən edən əsas amillərdən birinə çevrilir. Gələcəyin ən ciddi geosiyasi mübarizəsi bəlkə də səngərlərdə yox, çayların mənbələrində, su anbarlarının idarəetmə mərkəzlərində, beynəlxalq danışıq masalarında və beynəlxalq hüququn tətbiqi uğrunda gedəcək. Bu mübarizədə üstünlük suyu siyasi təzyiq vasitəsinə çevirənlərə yox, onu qorumağı, ondan səmərəli yararlanmağı və onu əməkdaşlıq əsasında idarə etməyi bacaran dövlətlərin olacaq.
Kəramət Qənbərov,
Beynəlxalq hüquq üzrə ekspert