Livanda mülki təlim təyyarəsinin dənizə düşməsi və itkin düşənlərin olması barədə məlumat yayılıb. yeniazerbaycan.com-un Türkiyənin “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Livan ordusunun yazılı açıqlamasında mülki təlim təyyarəsinin paytaxt Beyrutun şimalındakı Cubeyl yaxınlığında Aralıq dənizinə düşdüyü qeyd edilib.
Sözügedən təyyarənin yerli vaxtla səhər 10:40-da qəzaya uğradığı da qeyd edilən açıqlamada Livan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri və mülki müdafiə qruplarının itkin düşənləri axtardıqları bildirilib.
Yerli mətbuat dənizə düşən “Cessna-172” tipli təlim təyyarəsində 2 nəfərin olduğunu yazıb. Təlim təyyarəsinin qəzaya uğramasının səbəbi barədə isə məlumat verilməyib. Axtarış-xilasetmə işlərini izləmək üçün Livan daxili işlər naziri Bessam Mevlevi təyyarənin qəzaya uğradığı bölgəyə gedib.