“Fox News”: ABŞ hərbi bazalarını 90 günlük avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün müstəqil fəaliyyət göstərə biləcək vəziyyətə gətirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, “FORTRESS America” proqramı hərbi bazaların xarici elektrik enerjisi, su, yanacaq və rabitə təchizatından asılı olmadan fəaliyyətini nəzərdə tutur. Layihə çərçivəsində portativ nüvə reaktorlarından, böyük batareya sistemlərindən və mikroşəbəkələrdən istifadə edilməsi planlaşdırılır.

Pentaqon, həmçinin mümkün münaqişə zamanı beynəlxalq təchizat zəncirlərinin pozulması ehtimalını nəzərə alaraq strateji sursat, yanacaq, ehtiyat hissələri və tibbi ləvazimat ehtiyatlarının yaradılmasını vacib hesab edir.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Parnell bildirib ki, proqramın məqsədi kritik infrastruktura zərər dəydiyi və təchizat zəncirləri pozulduğu halda belə, ölkənin hərbi əməliyyatlarının davamlılığını təmin etməkdir.