Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb

Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb

Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Çinin cənub-şərqindəki Şençjen şəhərində biznes liderləri qarşısında çıxış edərkən bildirib ki, ölkələrə iqtisadi təzyiq vasitələri artıq keçmişdə qalıb.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun biznes liderlərinə müraciətində deyib: “Biz bütün dünyada dalğa kimi yayılan köklü dəyişikliklərin şahidi oluruq. Regional model daha ədalətli, demokratik və bərabərhüquqlu dünya nizamının möhkəmləndirilməsinin bariz nümunəsidir”.

Rusiya Prezidenti bildirib ki, əvvəllər dominant olan güclər bu imkanlara uyğunlaşmaq, habelə ədalətli rəqabət məntiqinə və bəzən öz mənfəətlərinə də xələl gətirmək əvəzinə, uğur və tərəqqi göstərənlərin inkişafını ləngitməyə çalışır. Bu fonda region ölkələri üç əsas amilə - dövlət suverenliyi, ictimai suverenlik, sosial və iqtisadi suverenliyə əsaslanaraq öz müstəqilliklərini gücləndirməyə daha çox maraq göstərir.

Putin dünyada ən çox sanksiya ilə üzləşən Rusiyanın vəziyyətini misal gətirərək əlavə edib: “Ancaq bu yolla ölkələr qlobal arenada öz kimliklərini və müstəqilliklərini qoruya bilərlər. Onların öz gələcəklərini və inkişaf modellərini müəyyən etmək üçün qazandıqları təcrübə göstərir ki, əvvəlki iqtisadi dominantlıq və təzyiq alətləri artıq keçmişdə qalıb”.

Lakin o, sanksiyaların, tariflərin və ixrac məhdudiyyətlərinin hələ də inkişafı dayandırdığını etiraf edib. “Bununla belə, sanksiyalar böyüməni tamamilə dayandırmaq və ya rəqabətqabiliyyətli iqtisadiyyatları məhv etmək iqtidarında deyil”, -deyə o vurğulayıb.