Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib

Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib

Böyük Britaniyalı siyasətçi Devid Lemmi Baş nazir Endi Börnhemə növbəti parlament seçkilərində Leyboristlər Partiyasının Avropa İttifaqına (Aİ) yenidən üzvlük vədi ilə iştirak etməsi çağırışı edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Devid Lemminin fikrincə, yalnız Avropa İttifaqına tamhüquqlu üzvlük Böyük Britaniyada iqtisadi artımı təmin edə və ölkəyə Aİ-nin vahid bazar qaydalarının formalaşdırılmasında söz sahibi olmaq imkanı verə bilər.

Bu çağırış Baş nazir Endi Börnhemin Böyük Britaniyanın Avropa ilə uzunmüddətli münasibətlərinin yenidən qurulmasına dair mümkün variantları təqdim edəcəyini açıqlamasından sonra səsləndirilib. Baş nazir gələcəkdə ölkənin Avropa İttifaqına yenidən üzvlüyü məsələsinin gündəmə gətirilə biləcəyini istisna etməsə də, növbəti parlament seçkilərinə qədər münasibətlərdə köklü dəyişikliklərin aparılmayacağını bildirib.

Yeri gəlmişkən, Endi Börnhemin noyabrın 20-də Avropa İttifaqı ilə keçiriləcək sammitdə iştirak edəcəyi gözlənilir. Tərəflər görüş zamanı ərzaq məhsullarının ticarəti, gənclər üçün viza imkanları və Britaniya sənayesinin Aİ-nin karbon emissiyalarının ticarəti sisteminə yenidən qoşulması ilə bağlı razılaşmalar elan etməyə ümid edirlər. Sözügedən razılaşmalar üzrə danışıqlara ötən il Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmerin rəhbərliyi dövründə başlanılıb. Endi Börnhem hökumətə rəhbərlik etməyə başladıqdan sonra bu danışıqları davam etdirib.