Ağdamın adı çəkiləndə ilk növbədə onun zəngin tarixi, qədim mədəni irsi və Qarabağın mərkəzindəki strateji mövqeyi yada düşür. “Ağdam” sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir izaha görə, söz qədim türk dilində “kiçik qala” mənasını daşıyır. Digər versiyaya əsasən, XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi ətraf kəndlərin sakinləri üçün istiqamət nişanına çevrilmiş, şəhərin adı da “işıqlı, ağ ev” mənası ilə əlaqələndirilmişdir.
1930-cu ildə rayon statusu alan Ağdam qədim yaşayış məskənlərindən biri kimi Azərbaycanın tarixində mühüm yer tutur. XX əsrin 50-ci illərindən etibarən aparılan arxeoloji tədqiqatlar bu ərazidə qədim insan məskənlərinin mövcudluğunu təsdiqləyib. Aşkarlanan maddi-mədəniyyət nümunələri, taxıl və üzüm qalıqları burada Eneolit dövründən əkinçilik və maldarlığın inkişaf etdiyini, əhalinin oturaq həyat sürdüyünü göstərir. Üzərriktəpədə aşkar olunan zəngin arxeoloji tapıntılar isə Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Bütün bunlar Ağdamın Azərbaycanın qədim sivilizasiya tarixində tutduğu mövqeyi və Qarabağın tarixi yaddaşındakı əhəmiyyətini nümayiş etdirir.
İşğal illərində Ağdamın tarixi-mədəni irsinə və şəhər infrastrukturuna ağır zərbə vuruldu. Azadlıqdan sonra qarşıda duran əsas vəzifə yalnız dağıdılmış şəhəri bərpa etmək deyil, onu müasir şəhərsalma prinsipləri əsasında yenidən quraraq Qarabağın inkişaf edən mərkəzlərindən birinə çevirmək idi. Bu istiqamətdə mühüm addımlardan biri Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi oldu. İşğaldan azad edilmiş şəhərlər arasında ilk təsdiqlənən Baş plan Ağdamın gələcək inkişaf istiqamətlərini, yaşayış məhəllələrini, ictimai məkanlarını və infrastrukturunu vahid konsepsiya əsasında müəyyənləşdirir. Sənədə əsasən, şəhərdə beş yaşayış məhəlləsinin salınması və gələcəkdə 100 min nəfərədək əhalinin məskunlaşması nəzərdə tutulur.
Bu gün Ağdamda və onun kəndlərində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, yol və kommunal infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi Böyük Qayıdış prosesinin əsas istiqamətlərini təşkil edir. Kəngərli, Xıdırlı və Sarıcalıda yaşayışın bərpası, yeni evlərin və sosial obyektlərin istifadəyə verilməsi doğma torpağa qayıdışın real nəticələridir. 2025-ci ilin oktyabrınadək 825 ailənin, ümumilikdə 3318 nəfərin Ağdam rayonuna köçürülməsi bu prosesin miqyasını və ardıcıl xarakterini göstərir. Beləliklə, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışı Ağdamın sosial həyatının yenidən canlanmasına təkan verir.
Ağdamın davamlı inkişafı üçün mühüm şərtlərdən biri də güclü iqtisadi təməlin yaradılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılmasında xüsusi rol oynayır. 190 hektar ərazini əhatə edən parkın əsas məqsədi Qarabağda sənayenin inkişafını sürətləndirmək, sahibkarlıq fəaliyyətini təşviq etmək, yeni iş yerləri yaratmaq və yerli əhalinin məşğulluğunu artırmaqdır.
Sənaye parkında istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni investisiya layihələrinin həyata keçirilməsi Ağdamın iqtisadi həyatına yeni dinamika gətirir. 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusunun verilməsi, 9 müəssisənin fəaliyyət göstərməsi və digər müəssisələrin tikintisinin davam etdirilməsi bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Sahibkarlar tərəfindən 115 milyon manatdan artıq investisiyanın yatırılması və 938 nəfərin daimi işlə təmin olunması isə sənaye parkının artıq konkret iqtisadi və sosial nəticələr verdiyini təsdiqləyir.
Ağdamın dirçəlişi tarixi irsin qorunması, müasir infrastrukturun qurulması və dayanıqlı iqtisadiyyatın formalaşdırılması kimi mühüm istiqamətlərin vəhdəti əsasında həyata keçirilir. Bu gün şəhər keçmişin ağrılarını arxada qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yenidən qurulan küçələr, bərpa edilən kəndlər, yaradılan istehsal müəssisələri və doğma yurda qayıdan sakinlər Ağdamın gələcəyinin etibarlı təməllərini formalaşdırır. Ağdamın dirçəlişi Azərbaycanın güclü dövlətçilik iradəsinin, ardıcıl quruculuq siyasətinin və Böyük Qayıdış strategiyasının mühüm nəticələrindən biridir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri