Sudanın Xarici İşlər Nazirliyi ölkədə ərzaq vəziyyətinin qənaətbəxş olduğunu və aclıq təhlükəsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, nazirlik bu gün yaydığı bəyanatda ABŞ və bir sıra ölkələrin Sudanla bağlı birgə müraciətinə cavab olaraq ölkədə müharibənin ən ağır dövrlərində belə aclıq baş vermədiyini bildirib.
Bəyanatda humanitar yardımdan siyasi məqsədlər üçün istifadə edilməsinə etiraz bildirilib.
Qeyd edək ki, ABŞ və bir sıra Avropa ölkələri də daxil olmaqla, onlarla dövlət Sudanda ərzaq təhlükəsizliyinin narahatedici şəkildə pisləşdiyi barədə xəbərdarlıq edib. Onlar münaqişə tərəflərini humanitar yardımın çatdırılmasına mane olan bütün əngəlləri aradan qaldırmağa çağırıblar.
Birgə bəyanatda mümkün aclıq təhlükəsi fonunda beynəlxalq ictimaiyyətin maliyyə dəstəyini artırmasının vacibliyi vurğulanıb, maliyyə institutlarına isə mövcud proqramlarını ölkədəki ərzaq təhlükəsizliyi vəziyyətinə uyğunlaşdırmaq çağırışı edilib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub ki, Ərzaq Təhlükəsizliyinin Mərhələli Təsnifatı üzrə İnteqrasiya olunmuş Təşəbbüsün (IPC) qarşıdakı aylarda aclıq təhlükəsi ilə bağlı xəbərdarlığı təcili tədbirlər görülməsini tələb edir.
Xatırladaq ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı münaqişə 2023-cü ilin aprelindən davam edir. Müharibə ölkədə humanitar böhranın dərinləşməsinə səbəb olub.