Rusiyanın zərbələri nəticəsində Ukraynada elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Bərpa işlərinin aparıldığı bir vaxtda hökumət və hüquq-mühafizə orqanları təmir işlərində geri qalan şirkətləri yoxlamalıdır.
Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.
Dövlət başçısı bildirib ki, bütün ölkə ərazisində dövlət qurumları, vilayət və yerli hakimiyyət orqanları öz fəaliyyətlərini mümkün qədər operativ və tam şəkildə həyata keçirməlidir.
Prezident əlavə edib ki, bu tələb əhalini elektrik enerjisi, istilik və su ilə təmin edən şirkətlərə də aiddir.
“Bu günün sonunadək hökumətə və hüquq-mühafizə orqanlarına hazırda təmir və bərpa işlərində geri qalan şirkətlərlə tam əməkdaşlığı təmin edəcək müvafiq tədbirlər siyahısını təqdim etməyi tapşırmışam”, – deyə o bildirib.
V.Zelenski təkrar zərbələr və davamlı hava həyəcanı siqnalları səbəbindən təmir işlərinin daha da uzandığını vurğulayıb.
Eyni zamanda, o, qeyd edib ki, zəruri avadanlıq ehtiyatları yaradılıb və hər zərbədən sonra bərpa işləri aparılmalıdır.
“Hazırda Kiyevdə vəziyyət xüsusilə ağırdır, belə ki, əhali və müəssisələr elektrik enerjisi və suyun saatlarla kəsilməsi ilə üzləşir. Kiyev vilayətində, Jitomir, Çerniqov, Sumı, Poltava, Xarkov, Çerkassı və Vinnitsa vilayətlərində, eləcə də döyüş əməliyyatları ilə əlaqədar fövqəladə çətinliklərin yarandığı Donbasda da vəziyyət asan deyil”, – deyə dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti əlavə edib ki, ölkənin cənub bölgələrində elektrik enerjisinin qrafik üzrə və qəza səbəbindən təcili kəsilmə halları da mövcuddur.