Elçin dramaturgiyasında “Stalin - İzm”: İzmologiyanın sintezual-nümunələşmə prinsiplərinin ilk praktik modeli

Xalq yazıçısı Elçinin ruhuna dərin ehtiramla!

Gerçək həyat hadisələrinin bədii təcəssümünü istiqamətləndirən fundamental yaradıcı başlanğıclar müqəddəs meyarlara, mənəvi dəyərlərə, saflığa və bu kimi insani keyfiyyətlərə bağlıdır. Bu başlanğıclar ədəbiyyatda yalnız estetik keyfiyyət formalaşdırmır, eyni zamanda müxtəlif bədii istiqamətlərin, üslubların və yaradıcılıq transformasiyalarının qarşılıqlı təsiri nəticəsində meydana çıxan izmoloji prosesin əsasını da təşkil edir. İzmoloji prosesin dinamizmi isə emosional və rasional, real və irreal, mistik və məntiqi, xaotik və harmonik hadisələrin qarşılıqlı münasibətlərindən doğan çoxqatlı yaradıcı mühitdə bədii düşüncənin daxili polifoniyasını formalaşdırır.

Fikrimizcə, görkəmli Xalq yazıçısı

Elçin yaradıcılığında bu meyarlar xüsusi həssaslıqla təzahür edir və demək olar ki, artıq özünü nümunələşdirmişdir.  Əsərlərinin dərin təhlili göstərir ki, həmin meyarlar oxucu, tamaşaçı və tədqiqatçı üçün yeni semantik üfüqlər açır.

Ədibin səhnə əsərləri yalnız yeni tamaşaların yaranmasına rəvac verən ədəbiyyat nümunələri deyil, eyni zamanda müəllif yaradıcılığının daxili potensialından doğan yeni nəzəri sistemlərin formalaşmasına imkan yaradan nadir bədii hadisələrdəndir.

Bu baxımdan Elçinin ikihissəli, 8 şəkildən ibarət “Stalin” fəlsəfi farsı əsasında formalaşdırdığımız  “Stalin - İzm” konsepsiyası İzmologiyanın metodoloji imkanlarının səhnə təcrübəsində sınaqdan keçirildiyi, nəzəri prinsiplərinin praktik müstəvidə təsdiq olunduğu və yeni nəzəri sistem kimi təşəkkül prosesinin izlənilə bildiyi yaradıcı platforma kimi elmi-praktik əsaslandırmasını tapdı. Qeyri-səlis sistem əsasında birhissəli, birşəkilli paradoksal siyasi-fəlsəfi fars-faciə janrında səhnələşdirilən “Stalin - İzm” yalnız yeni rejissor yozumu deyil, həm də yeni nəzəri-estetik yanaşmanın konseptual səhnə interpretasiyasıdır. Bu metodoloji yanaşma Elçin dramaturgiyasının daxili yaradıcı potensialı ilə “Qeyri-səlis teatrı” sisteminin metodoloji prinsiplərinin sintezindən doğaraq yeni bədii keyfiyyətlərin sintezual təcəssümünü yaradır və bununla da İzmologiyanın konseptual müddəalarının ilk praktik nümunələşmə modelini formalaşdırır. Buna görə də əsərin səhnə həlli ənənəvi rejissor interpretasiyası hüdudlarını aşaraq yeni nəzəri sistemin təşəkkül prosesinin izlənilə bildiyi yaradıcı laboratoriyaya çevrilir. “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsinin banisi Lütfi Zadə mürəkkəb sistemlərin təhlili kontekstində qeyd edir: “Sistemin mürəkkəbliyi artdıqca, onun davranışı haqqında eyni zamanda həm dəqiq, həm də əhəmiyyətli mülahizələr irəli sürmək imkanımız azalır. Nəhayət, elə bir həddə çatırıq ki, həmin nöqtədən sonra dəqiqlik və əhəmiyyətlilik (və ya relevantlıq) demək olar ki, bir-birini qarşılıqlı surətdə istisna edən xüsusiyyətlərə çevrilir”. Bu baxımdan “İzm” modeli yalnız konkret tamaşanın estetik-semantik quruluşunu müəyyənləşdirən nəzəri kateqoriya kimi meydana çıxmır, həm də İzmologiyanın nəzəri əsaslarını formalaşdıran konseptual model kimi şərhini tapır. Bu model “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsinin prinsipləri əsasında müxtəlif dramaturji materialların özünəməxsus semantik potensialını üzə çıxarmağa, onların izmoloji nüvə, izmoloji inteqrasiya, izmoloji dinamika və izmoloji transformasiya əsasında yenidən konseptuallaşdırılmasına metodoloji imkan yaradır. Nəticədə, hər bir yeni tamaşa öz daxili semantik potensialına uyğun olaraq fərqli izmoloji konfiqurasiya formalaşdıra və bununla da İzmologiyanın açıq, çevik və davamlı inkişaf edən nəzəri sistem kimi zənginləşməsinə xidmət edə bilər.

Elçinin “Stalin” dramaturji nümunəsinin daxili metodoloji potensialı sintezuallığın praktik təzahürünü və nümunələşmənin reallaşma mexanizmini vahid yaradıcı proses daxilində üzə çıxarır. Bu baxımdan “Stalin - İzm” yalnız yeni səhnə yozumu deyil, Elçin dramaturgiyasının daxili yaradıcı imkanlarından doğan və “Qeyri-səlis teatrı” sisteminin metodoloji əsasları üzərində yüksələn yeni nəzəri-estetik paradiqmanın təcəssümüdür. Bununla da “Stalin -İzm” sintezual yaradıcı proses daxilində prinsiplərin sistemli şəkildə nümunələşdiyi metodoloji model kimi əsaslandırılır.

Əsərdəki dramaturji struktur müxtəlif interpretasiya imkanları ilə hər bir rejissoru əsərin daxili çoxqatlılığını fərqli estetik və semantik rakurslardan dərk etməyə istiqamətləndirir. Bizim yozumumuzda “Stalin” izmlərin fasiləsiz hərəkəti üzərində qurulan çevik dramaturji struktur kimi görünür; çoxqatlı mərhələlər, işıq həllinin rəng variasiyaları, çoxpersonajlı kompozisiya və performativ hərəkət sistemi vahid dinamik estetik axın yaradır. Dramaturji material səhnə mətninə çevrildikcə izmlərin çoxistiqamətli inkişafı rejissor təfəkkürü üçün müxtəlif yaradıcı istiqamətlər açır. Lakin həmin potensialın genişliyi, təxəyyülün yüksək intensivliklə işləməsi fonunda belə, yaradıcı qərarvermə prosesini xeyli mürəkkəbləşdirirdi. Tamaşanın estetik sistemi formalaşdıqca, izmlərin daraqvari keçidlərlə bir-birini zənginləşdirən və ahəngdar harmoniya yaradan polifonik qarşılıqlı təsiri də çoxqatlı səhnə quruluşunun meydana çıxmasını şərtləndirirdi. Məhz buna görə də tamaşanı izləyən mütəxəssislər etiraf edirdilər ki, semantik çoxluqların sürətli keçidləri və epizodların daraqvari montaj prinsipi əsasında bir-birinə bağlanması onların alışdıqları səhnə qavrayışından fərqli yeni səhnə-salon kommunikasiyası yaradır.

Teatr semiotikası səhnə mənasını müxtəlif işarə sistemlərinin qarşılıqlı əlaqəsi nəticəsində təşəkkül tapan vahid semantik təşkil kimi əsaslandırır. Belə ki: “Səhnədə mənanın yaranması ayrıca elementlər və onların təmsilçilik funksiyaları ilə izah edilə biləcək qədər sadə deyildir. Adekvat nəzəri izah teatrı təşkil edən müxtəlif işarə sistemlərinin məcmusunu - başqa sözlə, “teatrın çoxqatlı işarə sistemlərinin vahid sistemi”ni - müəyyən etməli, həm hər bir sistemin daxili (sintaktik) əlaqələrini, həm də sistemlər arasındakı qarşılıqlı münasibətləri açıqlamalıdır.” Keir Elamın irəli sürdüyü bu metodoloji prinsip teatrın müxtəlif işarə sistemlərinin vahid struktur daxilində qarşılıqlı fəaliyyət mexanizmini aydınlaşdırır. Məhz bu nəzəri yanaşma “Stalin - İzm” tamaşasında müşahidə olunan estetik bütövlüyə yeni nəzəri çərçivədə yanaşılmasını tələb edir. Bu baxımdan tamaşada tətbiq olunan izmoloji anlayışlar sistemi, metodoloji prinsiplər və analitik aparat həmin bütövlüyün konseptual teatro-nəzəri şərhini təmin edir. Nəticədə, “Qeyri-səlis teatrı” ilə “İzmologiya” arasında tamamlayıcılıq münasibəti yaranır: birincisi estetik sistemi, ikincisi isə həmin sistemin nəzəri-idraki modelini ifadə edir. Bununla da, İzmologiyanın terminoloji aparatı aşağıdakı əsas anlayışları əhatə edir: epistemoloji əsaslar (çoxvariantlı idrak, qeyri-səlis təfəkkür, interpretativ çoxmənalılıq, kontekstual idrak), metodoloji anlayışlar (izmoloji metod, izmoloji analiz, izmoloji paradiqma), struktur anlayışları (izmoloji nüvə, izmoloji dinamika, izmoloji polifoniya), eləcə də proses anlayışları (izmoloji transformasiya, izmoloji inteqrasiya və s.).

İzmologiyanın metodoloji aparatı onun əsas ontoloji prinsipləri üzərində qurulur. “Stalin”in səhnə transformasiyası teatrın müxtəlif komponentlərinin estetik bütövlüyü təmin etməklə kifayətlənmədiyini, tamaşanın bütün inkişaf trayektoriyası boyunca fasiləsiz qarşılıqlı təsirə daxil olaraq yeni semantik münasibətlər formalaşdırdığını üzə çıxarır. Bu ontoloji dinamika rejissor təfəkküründə dramaturji hadisə anlayışının yeni məzmun qazanmasını və onun sərhədlərinin genişlənməsini şərtləndirir. Klassik dramaturji modeldə səhnə hadisəsi əsasən müəllif tərəfindən müəyyənləşdirilmiş süjet xətti və onun ardıcıl inkişafı çərçivəsində formalaşırsa, qeyri-səlis yanaşmada hadisənin yaranma mənbələri daha geniş semantik müstəviyə keçir. Bu baxımdan personajın xatirələri, daxili monoloqları, təxəyyülündə qurulan ehtimallar, assosiativ təsəvvürləri və şüurun müxtəlif qatlarında formalaşan obrazlar da dramaturji inkişafın fəal komponentlərinə çevrilə bilir. Belə elementlər yalnız psixoloji vəziyyətin təsviri funksiyasını daşımır; onlar səhnə fəaliyyətini yeni hadisələr, münasibətlər və semantik istiqamətlərlə zənginləşdirərək dramaturji strukturun ifadə imkanlarını genişləndirir.

Belə yanaşma nəticəsində səhnədə yalnız obyektiv reallıq deyil, müxtəlif ehtimal müstəvilərinin vahid dramaturji sistem daxilində paralel şəkildə təşkil olunması da mümkün olur. Personajın yaşadığı hadisə ilə onun xəyal etdiyi, xatırladığı, qorxduğu və gələcəklə bağlı ehtimal etdiyi situasiyalar eyni estetik müstəvidə qarşılıqlı əlaqəyə girərək vahid səhnə kompozisiyasında birləşir. Belə şəraitdə zaman və məkan münasibətləri klassik ardıcıllıq prinsiplərindən uzaqlaşaraq çevik xarakter alır; keçmiş, indi və mümkün gələcək bir-birini tamamlayan dramaturji laylar kimi səhnə həllində inteqrasiya olunur. Nəticədə, tamaşa yalnız müəllif mətninin səhnə təqdimatı kimi qalmır; rejissor interpretasiyasının formalaşdırdığı çoxvariantlı semantik model vasitəsilə yeni estetik bütövlük qazanır. Beləliklə, dramaturji hadisənin bu şəkildə genişlənməsi İzmologiyanın ontoloji əsaslarından birinə çevrilir. Çünki bu yanaşmada səhnə hadisəsi artıq yalnız süjetin inkişaf vahidi deyil, müxtəlif semantik ehtimalların qarşılıqlı təsiri nəticəsində formalaşan açıq interpretativ sistemdir.

Məhz buna görə “Stalin - İzm”də klassik sintetiklik anlayışı sintezual ontoloji dinamika ilə tamamlanır. Əgər sintetiklik estetik bütövlüyün nəticəsini ifadə edirsə, sintezuallıq həmin bütövlüyü davamlı şəkildə yaradan, yenidən təşkil edən və müxtəlif semantik istiqamətlər üzrə inkişaf etdirən yaradıcı proseslərin ontoloji mahiyyətini ifadə edir...

“Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyasına (Elçin teatrı əhatəsində) həsr olunmuş doktorluq dissertasiyamızın nəzəri prinsipləri formalaşdıqca, onların səhnə praktikasında tətbiq imkanları da tədqiqatın elmi potensialını konkret şəkildə nümayiş etdirməyə başlamışdır.  Formalaşdırdığımız “Stalin - İzm” konsepsiyası qeyri-səlis metodologiyanın səhnə təcrübəsində tətbiq imkanlarını nümayiş etdirən praktik tətbiq nümunəsi kimi izmlər axınının nəzəri-estetik zəngin-nizam ahəngini praktik müstəvidə gerçəkləşdirir və yeni yaradıcı platforma kimi təsdiqlənir. Məhz bu konsepsiya çərçivəsində əsərin yeni elmi əsaslarla təhlili həyata keçirilir, qeyri-səlis sistemin paradoksal təbiəti səhnə interpretasiyasında transformasiya olunur və bunun nəticəsində nəzəri prinsiplər səhnə təcrübəsində praktik təsdiqini tapır. İzmoloji təhlilin əsas prinsiplərindən biri dramaturji materialın semantik potensialından doğan yeni konseptual obrazın müəyyənləşdirilməsidir. Məhz bu baxımdan, Elçinin “Stalin” əsərinin səhnə interpretasiyası dramaturji materialın səhnədə sadəcə təcəssüm olunmadığını, interpretasiya prosesində yeni semantik keyfiyyət qazandığını aydın şəkildə nümayiş etdirir. Hermenevtik yanaşmada məna mətnin dəyişməz xüsusiyyəti kimi qəbul olunmur; o, interpretasiya prosesində gerçəkləşən hadisə kimi meydana gəlir. Bu kontekstdə Hans-Georg Gadamer yazır: “Mətnin mənası yalnız müəllifinin niyyəti ilə məhdudlaşmır; əksinə, o, həmişə müəllifdən kənara çıxır. Məhz buna görə də anlama sadəcə reproduktiv deyil, həmişə məhsuldar fəaliyyətdir.” Rejissor interpretasiyası da dramaturji materialın daxili potensialını yeni konseptual müstəviyə daşıyır. Umberto Ekonun qeyd etdiyi kimi, “İşarələr empirik obyektlər deyildir...”; Yuri Lotmanın ifadəsilə isə semiozun əsas vahidi ayrıca işarə deyil, bütöv semiosferdir. Patrice Pavis də teatrda mənanın ayrıca işarələrdən deyil, müxtəlif işarələndirici sistemlərin qarşılıqlı əlaqəsindən yarandığını göstərir. Bu nəzəri müddəalar kontekstində dramaturji materialın latent semantik potensialı səhnə interpretasiyasında aktuallaşır və “İzm” dramaturji element statusunu aşaraq müstəqil konseptual-semantik obraz kimi təşəkkül tapır. Bu obraz klassik personaj funksiyasını aşaraq totalitar ideoloji maşının səhnədə konseptual-semantik təcəssümünə çevrilir və eyni zamanda tamaşanın bütün struktur komponentlərini vahid semantik cazibə mərkəzi ətrafında təşkil edən izmoloji nüvə funksiyasını yerinə yetirir. Bu nəzəri prinsip çərçivəsində Stalinin anası, Tamara, Hitler, Çörçill, Tito, Boz qurd maskalılar, iblislər, məzlumlar və digər rəmzi obrazlar “İzm”in müxtəlif semantik təzahürlərini ifadə edən vahid izmoloji personaj sisteminin elementləri kimi mənalanır və birlikdə izmoloji nüvə ətrafında təşkil olunan dramaturji strukturun funksional əlaqələrini formalaşdırırlar.

Tamaşadakı “İzm” konseptual-semantik obrazının müxtəlif təzahürləri dekorasiya, etüd xarakterli rekvizitlər və kölgə teatrı elementləri vasitəsilə vizual-estetik müstəvidə ifadə olunur. Bu komponentlər statik səhnə atributları olmaqla məhdudlaşmır; onlar izmoloji transformasiyanın müxtəlif mərhələlərini əks etdirən dinamik semantik daşıyıcılar kimi funksionallaşır. Beləliklə, vizual sistem izmoloji nüvənin səhnə müstəvisində reallaşmasının əsas vasitələrindən birinə çevrilir.

Əsərin səhnə interpretasiyasında hadisələr, personajlar, səhnə məkanı, ritm, semantik keçidlər qarşılıqlı şəkildə yenidən təşkil olunan sintezual münasibətlər sisteminin tərkib hissələri kimi funksionallaşır. Məhz bu ontoloji dinamika İzmologiyanın metodoloji əsasını təşkil edir. Eyni prinsip tamaşanın işıq həllində də qorunur. İşıq sistemi səhnə məkanını görünən edən texniki vasitə olmaqla məhdudlaşmır; hər dramaturji epizodda “İzm”in müxtəlif semantik vəziyyətlərini, onun güclənməsini, zəifləməsini, müqavimətlə qarşılaşmasını və daxili transformasiya proseslərini vizuallaşdıran aktiv bədii komponent funksiyasını yerinə yetirir. Bununla da, işıq həlli izmoloji dinamikanın səhnə müstəvisində ifadəsini təmin edən mühüm struktur elementə çevrilərək izmoloji nüvənin müxtəlif semantik vəziyyətlərini vizual-estetik müstəvidə təcəssüm etdirir.

Beləliklə, Elçinin dramaturgiyası konkret tarixi və sosial hadisələrin bədii təcəssümü ilə məhdudlaşmır, həm də insanın mənəvi taleyini, vicdanla hakimiyyətin, xeyirlə şərin, azadlıqla məcburiyyətin mürəkkəb münasibətlərini çoxqatlı semantik sistem daxilində araşdıran universal estetik model kimi konseptuallaşır. Ədibin əsərlərində insanlıq, vicdan, mənəvi seçim, azadlıq və digər ali dəyərlər müxtəlif ideoloji, tarixi və psixoloji müstəvilərdə qarşılaşdırılaraq universal bədii düşüncə sisteminə çevrilir. Məhz bu universallıq onun dramaturgiyasının müxtəlif teatr məktəblərində, fərqli mədəni mühitlərdə və müxtəlif estetik platformalarda yeni interpretasiyalar üçün açıq qalmasını təmin edir.

Bu nəzəri model göstərir ki, qeyri-səlis metodologiya konkret dramaturji materialın semantik potensialını yeni izmoloji sistem daxilində aktuallaşdırmaq imkanına malikdir və bununla da “Qeyri-səlis teatrı”nın metodoloji əsaslarının praktik təsdiqini təmin edir. Eyni zamanda bu metodologiya dramaturji materialın latent semantik potensialını yeni izmoloji sistem daxilində aktuallaşdırmağa, onu fərqli konseptual strukturlarda yenidən təşkil etməyə və yeni nəzəri-estetik nəticələr əldə etməyə imkan verir. Bu baxımdan “Stalin - İzm” digər dramaturji mətnlərə də tətbiq oluna bilən izmoloji metodologiyanın praktik potensialını nümayiş etdirir. Beləliklə, “Stalin - İzm” İzmologiyanın sintezual-nümunələşmə prinsiplərinin ilk praktik modeli kimi qeyri-səlis metodologiyanın teatr sənətində tətbiq imkanlarını həm nəzəri, həm də praktik müstəvidə təsdiq edir.

Bununla da İzmologiya “Qeyri-səlis teatrı” konsepsiyasının nəzəri-idraki istiqaməti kimi teatr sənətində qeyri-səlis metodologiyanın dərinləşdirilməsi və yeni səhnə modellərinin formalaşdırılması üçün elmi əsas yaradır.

İzmologiyanın, sintezuallığın və nümunələşmənin nəzəri əsasını təşkil edən yaradıcı potensial Elçin dramaturgiyasının daxili estetik enerjisini və semantik zənginliyini nümayiş etdirir. Bu yaradıcılığın çoxqatlı strukturu, ahəngdar polifoniyası və yüksək mənəvi-estetik məzmunu müəllif şəxsiyyətinin əsasını təşkil edən müqəddəs meyarlardan, mənəvi saflıqdan və insanlıq idealından qaynaqlanır. Elçinin özünün dediyi kimi: “...özündə mənəvi saflıq iddiası olmayan adam necə yaza bilər?”

Məhz buna görə də Elçinin dramaturgiyası yalnız zəngin bədii irs deyil, həm də yeni nəzəri axtarışlara istiqamət verən tükənməz yaradıcı mənbə kimi dəyərləndirilə bilər. Bu istiqamətdə aparılan hər bir elmi və səhnə araşdırması milli teatr düşüncəsinin inkişafına, onun metodoloji imkanlarının genişlənməsinə və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu duyğularla böyük sənətkarın əziz xatirəsini dərin ehtiramla yad edirik.

İFTİXAR