Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin tədbirdəki çıxışı həm Forumun 15 illik tarixinə, həm də Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində qazandığı unikal təcrübəyə işıq saldı. Dövlət başçısının qeyd etdiyi kimi, Forumda 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonaq iştirak edir. Bu rəqəmlər təsadüfi deyil: onlar Bakı Forumunun ötən illər ərzində mədəniyyətlərarası münasibətləri və onunla bağlı məsələləri müzakirə etmək üçün ən səmərəli və əhatəli platformalardan birinə çevrildiyini göstərir.
Forumun tarixi 2011-ci ilə gedib çıxır. Həmin il Azərbaycanın təşəbbüsü ilə ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Prezident İlham Əliyev çıxışında bu təşəbbüsə dəstək vermiş tərəfdaşlara, ilk növbədə BMT-nin Sivilizasiyalar Alyansına minnətdarlığını bildirdi. O vaxtdan bəri Forum iki ildən bir keçirilir və yeganə fasilə COVID pandemiyası dövründə yaranıb. Hər dəfə Bakı qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlərin müzakirə meydanına çevrilir. Bu il keçirilən VII Forumun 2011-ci ildəki ilk Forumun 15 illik yubileyinə təsadüf etməsi isə tədbirə xüsusi rəmzi məna qatır.
Bakı Forumunun bu qədər uzunömürlü olmasının əsas səbəbi onun Azərbaycan cəmiyyətinin real həyatına söykənməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan tarixən mədəniyyətlərin çox olduğu ölkə olub. Avropa ilə Asiya arasında yerləşən ölkəmiz əsrlər boyu bu iki qitə arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlardır. Başqa sözlə, Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqu kənardan götürülmüş bir nəzəriyyə kimi deyil, öz gündəlik həyatının təcrübəsi kimi təqdim edir.
Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən fikirlərdən biri cəmiyyətdəki ahəngdarlığın Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanmasıdır. Ölkəmizdə bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdir, eyni zamanda, bir ailə kimi yaşayırlar. Prezident həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsinin real şəkildə hiss olunduğunu bildirdi. Bu birliyin ideoloji əsası isə azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq ölkədə yaşayan bütün xalqları bir araya gətirən ümummilli dəyər kimi çıxış edir.
Bu birliyin ən parlaq təzahürü tariximizin ən ağır sınaqlarında özünü göstərib. Prezident İlham Əliyev xatırlatdı ki, Ermənistanın hərbi təcavüzü və işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsində bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Dövlət başçısının sözlərinə görə, əgər Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət və əhatəliliyin real platforması olmasaydı, ölkə heç vaxt bu uğuru qazana bilməzdi.
Çıxışda tarixi yaddaş da mühüm yer tutdu. Prezident qeyd etdi ki, Azərbaycan əvvəlki əsrlərdə zəngin dövlətçilik ənənələrinə malik olsa da, son iki əsrdə müstəqil olmayıb. Lakin fərqli sistemlərdə yaşamasına baxmayaraq, xalqımız öz dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlaya bilib. Heç bir sistem milli hisslərimizi və əzmimizi poza bilməyib. Bu ay müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd olundu və dövlət başçısının vurğuladığı kimi, müstəqillik illərində Azərbaycan öz ənənələrini təkcə qorumadı, həm də gücləndirdi.
Prezident İlham Əliyev Azərbaycanda daxili risklərin olmadığını, bütün potensial risklərin hüdudlarımızdan kənardan gəldiyini bildirdi. Eyni zamanda o, ideoloji risklərin fiziki risklər qədər təhlükəli olduğunu xatırlatdı. Bu fikir mədəniyyətlərarası dialoqun təkcə humanitar deyil, həm də təhlükəsizlik ölçüsünə malik olduğunu göstərir. Özünəməxsusluğunu, dövlətçiliyini və həyat tərzini qoruyan cəmiyyət xarici təsirlərə qarşı daha davamlı olur.
Forumun açılışında çıxış edən beynəlxalq təşkilatların rəhbərləri də Azərbaycanın rolunu yüksək qiymətləndirdilər. BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos BMT Sivilizasiyalar Alyansının UNESCO, ICESCO və BMT-nin Turizm Təşkilatı ilə birlikdə Mədəniyyət Nazirliyi ilə uzunmüddətli tərəfdaşlığı davam etdirməkdən qürur duyduğunu bildirdi. O, Qubada başlayan Beynəlxalq Gənclər Forumunun Heydər Əliyev Mərkəzində davam etdirildiyini xatırladaraq mədəniyyətlərarası dialoqun müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xalqları necə birləşdirə bildiyini vurğuladı. Moratinos 2008-ci ildə başlanan “Bakı Prosesi”ni Azərbaycan tərəfindən sülhün yayılması fəlsəfəsi kimi dəyərləndirdi.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanda islami dəyərlərin və dinlərarası birgəyaşayışın yüksək səviyyədə olduğunu, parçalanan dünyada körpülərin salınmasının xüsusi önəm daşıdığını qeyd etdi. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik isə Prezident İlham Əliyevin “Bakı Prosesi”nə davamlı dəstəyinin mədəniyyətlərarası dialoq üçün beynəlxalq miqyasda uzunömürlü platforma yaratdığını bildirdi. UNESCO-nun Baş direktorunun müavini Asa Regner Bakıda yeni mədəniyyətlərarası rəqəmsal imkanlar təşəbbüsünün təqdim edildiyini xatırlatdı.
Bütün bunlar göstərir ki, Bakı Forumu artıq sadəcə bir konfrans deyil, dünyanın dialoq xəritəsində öz yeri olan institusional platformadır. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox, körpülərin qurulması üzrə dövlət siyasəti ölkəmizə göstərilən beynəlxalq hörmətin əsas aparıcı qüvvəsinə çevrilib. Parçalanmaların dərinləşdiyi, münaqişələrin artdığı bir dövrdə Bakının “Ortaq gələcək naminə dialoq” çağırışı bütün dünya üçün aktual və vacib mesajdır: müxtəliflik zəiflik deyil, düzgün idarə olunduqda cəmiyyətin ən böyük gücüdür.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri