İlham Əliyev: Sözümüz imzamız qədər dəyərlidir
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident, partiyanın Sədri İlham Əliyevin proqram xarakterli nitqində ölkəmizin qısa müstəqillik tarixində bütün sahələrdə qazandığı möhtəşəm uğurlardan məmnunluq ifadə olunub. Bu gün hər bir vətənpərvər azərbaycanlı, ölkənin hər bir vətəndaşı öz gücü ilə özünün bütün problemlərini həll edən, ümummilli məqsədlərinə çatan Azərbaycan dövləti ilə qürur duyur.
Eyni zamanda, Yeni Azərbaycan Partiyası iqtidarda olduğu dönəmdə respublikamız Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında uğurlu xarici siyasət kursu həyata keçirməklə bütün dünyada böyük nüfuz qazanıb. Dövlətimizin başçısı nitqində bu siyasətin gələcəkdə daha da genişləndiriləcəyinin mesajını verərək vurğulayıb: “Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır”.
Bütün dünyanın anlaşdığı məkan
Hazırda dünyanın çox ziddiyyətli proseslərdən keçdiyi hər kəsə bəllidir. Ayrı-ayrı regionlarda, o cümlədən də bizə yaxın olan coğrafiyalarda müharibələr, qarşıdurmalar səngimək bilmir. Müxtəlif mədəniyyətlər və regionlar arasında qütbləşmələrin güclənməsi bəşəriyyətin gələcəyi ilə bağlı kədərli təəssüratlar oyadır.
Belə bir şəraitdə Azərbaycanın müstəsna missiyası diqqət çəkir. Ölkəmiz bütün qütblərlə təmaslar qurur, həmrəylik təşəbbüslərindən çıxış etməklə Qlobal Şərqlə Qlobal Cənub arasında körpülər yaradır və qarşılıqlı inam hissini gücləndirir. Dünya birliyi, ayrı-ayrı beynəlxalq təşkilatlar çox tez-tez özlərinin mötəbər tədbirlərinə ev sahibliyi hüququnu Azərbaycana həvalə edirlər. Ölkəmiz bir növ dünyanın anlaşma məkanına çevrilib. Hətta qarşı duran tərəflər, bir-biri ilə düşmənçilik edən dövlətlərin təmsilçiləri belə Azərbaycanda eyni masa arxasında yer alır və müzakirələr aparırlar. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir.
Bütün bunlar indiki narahat məqamda dünya üçün bir nümunədir. Bəs nə üçün məkan kimi Azərbaycan seçilir? Prezident İlham Əliyev bunun səbəblərinə diqqət çəkərək bildirib: “Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər. Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil”.
Ölkəmizin beynəlxalq təşkilatlarda artan rolu
Ölkəmizin xarici siyasət kursu çoxvektorlu olduğu kimi, əldə olunan uğurlar da müxtəlif istiqamətləri əhatə edir. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində Azərbaycanın beynəlxalq təşkilatlarda artan roluna xüsusi diqqət çəkib. Elə ölkələr var ki, onların beynəlxalq təşkilatlarda təmsilçiliyi formal səciyyə daşıyır. Bu qəbildən olan ölkələr beynəlxalq birliyə hər hansı bir töhfə vermir, əksinə qatıldıqları hər toplantıda sırf öz umacaqlarını, ehytiyaclarını dilə gətirirlər. Azərbaycan isə hər zaman fərqli mövqe ortaya qoyur. Belə ki, ölkəmiz heç vaxt öz məsuliyyətini yaddan çıxartmır, özünün geniş imkanlarını təqdim etməklə sıralarına qatıldığı beynəlxalq təşkilatların fəaliyyətinə yüksək dinamizm gətirir.
Buradan da Azərbaycana və onun Liderinə böyük inam yaranır. Təsadüfi deyildir ki, respublikamız BMT-dən sonra ikinci ən böyük təsisata - sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına (QH) ardıcıl olaraq 4 il sədrlik həyata keçilib. Əlamətdar haldır ki, üzv dövlətlərin yekdil rəyi əsasında quruma ölkəmizin sədrliyi 2 il müddətinə uzadılıb. Bu, Azərbaycanın böyük beynəlxalq nüfuz qazanmasının əyani təsdiqidir.
Ötən ilin noyabr ayında heç də adi olmayan bir hadisə baş verdi -Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma tamhüquqlu üzv qəbul edildi. Bununla da Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər daha geniş regional əməkdaşlıq kontekstində yeni, dərin məzmun qazanıb. Yeri gəlmişkən, bir qədər bundan əvvəl Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünə qatılıb.
Başqa bir nümunəyə diqqət çəkək. Fəaliyyət göstərdiyi 30 il ərzində D-8 təşkilatında genişlənmə baş verməyib. Qurumun 8 üzvü var. İslam aləminin əhali nöqteyi-nəzərindən ən böyük ölkələri bu təşkilatda birləşir. Təşkilat öz tarixində ilk dəfə məhz Azərbaycanı sıralarına qəbul etməklə genişlənib. Ölkəmiz artıq D-8-in üzvüdür.
Paralel şəkildə, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri də genişlənir. Hazırda Avropa İttifaqının (Aİ) üzvü olmayan ölkəmiz qoca qitədə geniş təmsilçiliyə malikdir. “Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var. Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İki supergüc dövlətlə qurulan strateji tərəfdaşlıq münasibətləri
Azərbaycan əhali sayına görə və ərazi nöqteyi-nəzərindən kiçik dövlətdir. Bununla belə, ölkəmiz böyük dövlətlərlə də paritet əsaslarla sıx əlaqələr qurmağa nail olur. Respublikamızın son vaxtlarda Çinlə və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa nail olması bunun əyani təsdiqidir. Artıq Azərbaycan Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi, Amerika Birləşmiş Ştatları ilə isə Strateji Xartiya imzalayıb.
Prezident İlham Əliyev qeyd olunan sənədlərin imzalanmasını tarixi hadisələr kimi səciyyələndirib. Çin və ABŞ dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Açıq deyək ki, bu iki ölkə arasında müəyyən rəqabət də var. Azərbaycan isə onların hər ikisi ilə strateji tərəfdaşlıq münasibətləri qurmağı bacarır. “Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV