Geniş geosiyasi maraqlarla uzlaşır
Aralıq seçkilərin nəticələrinin Vaşinqtonun Cənubi Qafqaza yanaşmasına ciddi təsir göstərəcəyi gözlənilmir
Donald Trampın 2024-cü ilin noyabrında yenidən ABŞ prezidenti seçilməsi beynəlxalq münasibətlər sistemində yeni siyasi mərhələnin başlanğıcını qoydu. Vaşinqtonun xarici siyasət prioritetlərində baş verən dəyişikliklər, əvvəlki administrasiyanın ayrı-ayrı geosiyasi proseslərə yanaşmasından fərqli olaraq, bir sıra regional münaqişələrin həlli və yeni əməkdaşlıq platformalarının formalaşdırılması məsələsini gündəmə gətirdi. Xüsusilə Bayden administrasiyası dövründə Cənubi Qafqazda sülh gündəliyinə münasibət, iqtisadi inteqrasiya imkanlarının qiymətləndirilməsi və regional təhlükəsizlik arxitekturasının formalaşması ətrafında yaranan fikir ayrılıqları proseslərin inkişafına təsirsiz ötüşməmişdi. Trampın hakimiyyətə qayıdışından sonra isə diplomatik fəallığın artması, münaqişələrin siyasi dialoq vasitəsilə nizamlanmasına diqqətin yönəlməsi yeni perspektivlər açdı. Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm siyasi hadisəyə çevrildi. Bununla da regionda qarşıdurma müstəvisindən əməkdaşlıq müstəvisinə keçid üçün yeni imkanlar yarandı.
Lakin ABŞ-da siyasi proseslərin növbəti mərhələsi, xüsusilə 2026-cı ilin aralıq seçkiləri və Demokratların Konqresin hər iki palatasında mümkün üstünlüyü qlobal gündəliyə yeni suallar gətirir. Respublikaçı administrasiyanın xarici siyasət kursu ilə Konqresdə formalaşa biləcək fərqli siyasi çoxluğun münasibətləri hansı istiqamətdə inkişaf edəcək? Bu dəyişikliklər Vaşinqtonun beynəlxalq tərəfdaşlıqlarına, iqtisadi prioritetlərinə və regional münaqişələrə yanaşmasına necə təsir göstərəcək? Ən əsası, yeni siyasi konfiqurasiya Cənubi Qafqazda sülh prosesi, Zəngəzur dəhlizi və regional inteqrasiya perspektivləri üçün hansı nəticələr vəd edir? Bütün bunlar Azərbaycanın milli maraqları baxımından diqqətlə izlənilməli olan məsələlərdir.
Hazırkı siyasət davam edəcək
Yeri gəlmişkən, ABŞ-ın nüfuzlu siyasətçiləri də bu fikri bölüşürlər ki, aralıq seçkilərin nəticələri Vaşinqtonun ?ənubi Qafqaz siyasətinə güclü təsir etməyəcək. Belə ki, Ceymstaun Fondunun Direktorlar Şurasının üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib ki, ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin Prezident Donald Trampın xarici siyasətinə, o cümlədən Vaşinqtonun Cənubi Qafqaza yanaşmasına ciddi təsir göstərəcəyi gözlənilmir. Demokratlar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirsə belə, bu, ABŞ-ın regiona münasibətində dəyişikliklərə səbəb olmayacaq. O qeyd edib ki, ABŞ Konstitusiyasına əsasən,
ölkənin xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsi məsuliyyəti Prezidentin üzərinə düşür. Konqres isə xarici siyasət kursunun reallaşdırılması üçün dövlət başçısına ayrılan maliyyənin həcmini müəyyənləşdirməklə, eləcə də müvafiq xərcləri məhdudlaşdırmaqla bu prosesə təsir göstərə bilər.
“Demokratlar Konqresin hər iki palatasına - Nümayəndələr Palatasına və Senata nəzarəti ələ keçirsələr belə, bu, Cənubi Qafqazdakı vəziyyətə təsir göstərməyəcək”, - deyə ekspert qeyd edib. Metyu Brayzanın fikrincə, Prezident Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verməyə, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya Amerika investisiyalarının cəlb edilməsinə yönəlmiş hazırkı siyasətini davam etdirəcək.
Ekspert bildirib ki, söhbət kritik əhəmiyyətli mineralların tədarükünün təmin edilməsindən, eləcə də onların Cənubi Qafqaz vasitəsilə ABŞ-? və digər dünya bazarlarına daşınması üçün etibarlı logistika marşrutlarının yaradılmasından gedir.
Vaşinqtonun sülh prosesinə yanaşması beynəlxalq aləmdə dəstəklənir
İlk olaraq, ABŞ-ın Cənubi Qafqazdakı sülh gündəliyinə yeni yanaşması barədə məsələyə toxunaq. Vurğulanmalıdır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və nəticə etibarı ilə Tramp adminstrasiyasının fəal siyasi-diplomatik iştirakı ilə əldə olunan nəticələr beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Hətta bir zamanlar bu sülh prosesinə skeptik yanaşma sərgiləyənlər belə öz mövqeylərini yeni gündəmlə uzlaşdırıblar. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Vaşinqtonun ən yaxın müttəfiqlərindən olan və vaxtilə bölgədə sülhdən çox birtərəfli mövqeyə sahib olan Avropa İttifaqının bəzi strukturları da regionda sülh gündəliyinin irəliləməsini dəstəkləyir. Almaniya, Niderland, Böyük Britaniya və digər aparıcı Avropa dövlətləri əldə olunan irəliləyişi Cənubi Qafqazın gələcəyi, eləcə də Şərq-Qərb münasibətlərinin yeni məzmun qazanması baxımından mühüm hadisə kimi qiymətləndirirlər. Bu yanaşma onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərində yaranan yeni siyasi reallıq artıq ikitərəfli çərçivəni aşaraq daha geniş geosiyasi maraqlarla uzlaşır.
Digər tərəfdən, Vaşinqtonun iştirakı ilə formalaşan sülh modeli yalnız Cənubi Qafqaz üçün deyil, ABŞ-ın digər münaqişə ocaqlarında həyata keçirməyə çalışdığı diplomatik təşəbbüslər baxımından da müəyyən təcrübə yaradır. Çünki Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra regionda müharibə gündəliyinin sülh və əməkdaşlıq gündəliyi ilə əvəzlənməsi üçün siyasi iradə nümayiş etdirib. Ermənistanın da yeni reallıqları qəbul etməsi, regional kommunikasiyaların açılmasının və iqtisadi inteqrasiyanın yaratdığı imkanları dərk etməsi bu prosesin əhəmiyyətini artırır. İşğalın başa çatması Ermənistan üçün də inkişaf və qlobal iqtisadi sistemə daha geniş inteqrasiya perspektivləri açıb. Beləliklə, sülh artıq tərəflərdən biri üçün güzəşt deyil, hər iki dövlətin gələcək inkişafına xidmət edən strateji seçim kimi çıxış edir.
Bu baxımdan, ABŞ-ın regionda formalaşan yeni siyasi reallıqlara münasibətinin dəyişəcəyini gözləmək üçün ciddi əsas yoxdur. Əksinə, Vaşinqtonun əldə olunmuş nəticələri qorumaq, tərəflər arasında etimadı möhkəmləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində praqmatik mövqeyini davam etdirməsi daha real görünür.
Zəngəzur dəhlizi (TR?PP) sabitləşdirici faktor kimi...
Digər əsas məqam bütün dünyanın marağına səbəb olan və Bakının təşəbbüsü ilə ortaya çıxan Zəngəzur dəhlizi (TR?PP) layihəsidir. Sirr deyil ki, müasir dövrün əsas prioriteti ticarət yolları üzərində əməkdaşlığın möhkəmlənməsidir. Son dövrlərdə baş verən hadisələrin xronoloji ardıcıllığına nəzər saldıqda qarşıdurmaların bir neçə strateji ticarət xətti ətrafında cəmləşdiyini görmək mümkündür:
- Qırmızı dənizdə, Bab Əl Məndəb boğazında və Süveyş kanalı üzərində yaranan gərginliklər:
- Mərkəzi Avropa - Arktika istiqamətində formalaşan Şimal ticarət marşrutu ətrafındakı müharibə;
- Yaxın Şərq və Hind okeanı istiqamətindəki Cənub ticarət xəttinin təhlükə parametrlərinin yüksəkliyi.
Məhz belə bir şəraitdə yeni və daha təhlükəsiz logistika marşrutu olaraq Zəngəzur dəhlizi (TRPP) diqqət mərkəzinə düşür. Avrasiyanın mərkəzində yerləşən və Şərqlə Qərbin təbii qovşağı sayılan Azərbaycan yeni iqtisadi düzənin formalaşmasında xüsusi rol oynamağa başlayıb. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və siyasi sabitliyi onu qlobal logistika sistemində vacib halqaya çevirir. Hazırkı konfrantasiyaların fonunda Zəngəzur dəhlizi bütövlükdə Avrasiya məkanında ticarət xəritəsini dəyişdirə biləcək strateji təşəbbüsdür. Əlverişli və qısa ticarət marşrutlarının axtarıldığı bir dövrdə bu dəhliz Şərqlə Qərb arasında ən rasional alternativlərdən biri kimi ön plana çıxır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yaratdığı müasir logistika infrastrukturu da bu təşəbbüsün reallaşması üçün möhkəm baza formalaşdırır. Bu yol Mərkəzi Asiyadan keçən və Çin iqtisadi məkanını Qərb bazarları ilə birləşdirən ticarət xətti kimi ön plana çıxır - marşrut Çin - Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya - Avropa istiqamətində formalaşan geniş logistika sisteminin əsas komponentlərindən biridir. Azərbaycan isə bu sistemin əsas koordinasiya mərkəzidir - Bakı həm siyasi təşəbbüsləri, həm də həyata keçirdiyi iri infrastruktur layihələri vasitəsilə regionun tranzit potensialını reallaşdırmağa nail olub. Zəngəzur dəhlizi isə bu logistika sisteminin tamamlayıcı elementi kimi xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Cənubi Qafqazın uzunmüddətli sülh və əməkdaşlıq platformasına çevrilməsi üçün real mexanizmdir. Azərbaycanın bölgədə yaratdığı təhlükəsizlik mühiti və həyata keçirdiyi sabitlik siyasəti regionun logistika layihələri üçün etibarlı platformaya çevrilməsinə imkan verir. Zəngəzur dəhlizinin də ən böyük üstünlüklərindən biri regional gərginlikləri azaltmaq potensialıdır. İqtisadi əməkdaşlıq və qarşılıqlı maraqların güclənməsi siyasi qarşıdurmaların zəifləməsinə gətirib çıxarır. Tarix də göstərir ki, iqtisadi inteqrasiya münaqişələrin qarşısını alan ən effektiv mexanizmlərdən biridir. Digər tərəfdən, bu dəhliz Qərb və Çin arasında mövcud olan Şimal-Cənub ticarət marşrutları ilə inteqrasiya imkanlarını da genişləndirə bilər. Bu isə Avrasiyada daha çevik və çoxşaxəli logistika şəbəkəsinin formalaşmasına şərait yaradar. Beləliklə, Azərbaycanın müəllifi olduğu reallıqlar gərginlikləorə tabe olmur - əksinə, sabitləşdirici faktora çevrilir.
Trampın prezident səlahiyyətləri ABŞ-ın xarici siyasətində davamlılıq amili kimi
Cənubi Qafqazla yanaşı, ümumilikdə ABŞ-ın xarici siyasət kursunun yaxın perspektivdə dəyişməsi üçün ciddi siyasi və institusional əsaslar görünmür. Donald Tramp prezident kimi Konstitusiyanın ona verdiyi geniş səlahiyyətlərdən istifadə etmək imkanını qoruyur. Bu səlahiyyətlər sırasında Konqresin qəbul etdiyi qanunlara veto qoymaq hüququ da xüsusi yer tutur. Prezidentin vetosu Konqresin siyasi qərarlarının icrasına təsir göstərmək, qanunvericilik təşəbbüslərinin istiqamətini dəyişmək və administrasiyanın prioritetlərini müdafiə etmək üçün mühüm vasitədir.
Bu baxımdan, hətta Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi belə Ağ Ev administrasiyasının xarici siyasət strategiyasına avtomatik şəkildə yenidən baxılacağı anlamına gəlmir. Çünki ABŞ prezidentinin diplomatiya, beynəlxalq danışıqlar və icra hakimiyyətinin fəaliyyəti üzərində mühüm təsir imkanları mövcuddur. Təbii ki, Konqresin qanunvericilik, maliyyələşdirmə və nəzarət mexanizmləri də xarici siyasətə müəyyən təsir göstərə bilər. Amma bu təsir güclü effekt verməyəcək. Bu reallıqlar fonunda yaxın perspektivdə Vaşinqtonun əsas xarici siyasət prioritetlərində kəskin dönüşdən daha çox, mövcud strateji xəttin davam etdirilməsi və onun yeni geosiyasi şərtlərə uyğunlaşdırılması ehtimalı ön plana çıxır.
P. SADAYOĞLU