Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi zamanı yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət yetirilib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə gedən avtomobil yolu genişləndirilib, körpülər salınıb, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Görülən tədbirlər ilin bütün fəsillərində turistlərin kompleksə gediş-gəlişini asanlaşdırıb.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Bildirilib ki, yolun inşasına Nəqliyyat Nazirliyinin sifarişi ilə 2007-ci ildə başlanılıb. İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunub.
Prezident İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.