Qeyri-neft məhsullarının ixracı böyüyüb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard dollar təşkil edib. İxracda ən böyük artım mis filizləri və konsentratları, şəkər, alüminium və meyvə-tərəvəz məhsulları üzrə qeydə alınıb.
Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon dollara bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon dollara çatıb. Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatlar 41 faiz, qara metallardan hazırlanan məmulatlar 32,2 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 31,6 faiz, mis və ondan hazırlanan məmulatlar 21,7 faiz, pambıq 16,6, qəhvə və çay 13 faiz, meyvə 12,5 faiz, tərəvəz 9,4 faiz, qara metallar isə 8,5 faiz artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 16,5 faiz artaraq 776,8 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 28,6 faiz artaraq 299,7 milyon dollar təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6 faiz artaraq 1,08 milyard dollara bərabər olub.
Mis filizlərinin ixracı 7 dəfədən çox artıb
2026-cı ilin ilk 9 ayında qeyri-neft mallarının ixracında struktur baxımından ən diqqətçəkən artım mis filizləri və konsentratlarında qeydə alınıb. Hesabat dövründə Azərbaycandan 93 min 666,52 ton mis filizləri və konsentratları ixrac edilib. Bu ixracın statistik dəyəri 213 milyon 528,63 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə 16 min 66,12 ton mis filizləri və konsentratları 29 milyon 915,38 min dollara ixrac olunmuşdu. Beləliklə, mis filizlərinin ixracı fiziki həcmdə 5,8 dəfə, dəyər ifadəsində isə 7,1 dəfə artıb. İxracın dəyərində artım 183 milyon 613 min dollar və ya 613,8 faiz təşkil edib. Bu məhsulun Azərbaycan mənşəli qeyri-neft ixracındakı xüsusi çəkisi 2025-ci ilin ilk 9 ayındakı 1,26 fai?dən 2026-cı ilin müvafiq dövründə 7,41 faizə yüksəlib.
Bu dövrdə qara metallar və onlardan hazırlanan məmulatların ixrac həcmi 71 min 769,77 ton olmaqla statistik dəyəri 76 milyon 721,43 min dollar təşkil edib.
Alüminium ixracı 59 milyon dollar artıb
Qeyd edilən dövr ərzində Azərbaycandan 60 min 869,45 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. Bu ixracın statistik dəyəri 213 milyon 275,96 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə 54 min 727,09 ton alüminium məhsulları 154 milyon 21,49 min dollara ixrac olunmuşdu. Beləliklə, alüminium ixracının fiziki həcmi 11,2 faiz, statistik dəyəri isə 38,5 faiz artıb. Dəyər ifadəsində artım 59 milyon 254 min dollar təşkil edib. Alüminium və ondan hazırlanan məmulatların Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracındakı xüsusi çəkisi 6,51 faizdən 7,40 faizə yüksəlib. Bu göstəricilər alüminium məhsullarının ölkənin qeyri-neft ixracında əhəmiyyətli mövqeyini gücləndirdiyini göstərir.
Meyvə-tərəvəz ixracı 671 milyon dolları ötüb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 563 min 336,65 ton tərəvəz və meyvə ixrac olunub. Bu məhsulların ümumi statistik dəyəri 671 milyon 378,07 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə 573 min 895,45 ton tərəvəz və meyvə 602 milyon 56,01 min dollara ixrac edilmişdi. Beləliklə, meyvə-tərəvəz ixracının dəyəri 69 milyon 322 min dollar və ya 11,5 faiz artıb. Hesablamalara görə, meyvə-tərəvəzin bir tonunun orta statistik ixrac dəyəri 2025-ci ilin ilk 9 ayındakı təxminən 1049 dollardan 2026-cı ilin müvafiq dövründə 1192 dollara yüksəlib. Beləliklə, orta statistik ixrac dəyəri təxminən 13,6 faiz böyüyüb. Meyvə-tərəvəz məhsulları 2026-cı ilin ilk 9 ayında Azərbaycan mənşəli qeyri-neft ixracında 23,31 faizlik xüsusi çəki ilə ən böyük ayrıca məhsul qrupu olaraq qalıb.
Pambıq lifi və pambıq iplik ixracı artıb
Pambıq məhsullarının ixracında da artım qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 106 min 801,45 ton pambıq lifi ixrac edilib. Bu ixracın statistik dəyəri 152 milyon 136,30 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə 95 min 388,96 ton pambıq lifi 136 milyon 472,21 min dollara ixrac olunmuşdu. Beləliklə, pambıq lifinin ixracı fiziki həcmdə 12 faiz, dəyər ifadəsində 11,5 faiz artıb. Pambıq iplik ixracında daha yüksək artım qeydə alınıb. 2026-cı ilin ilk 9 ayında 15 min 894,21 ton pambıq iplik 36 milyon 247,02 min dollara ixrac olunub. 2025-ci ilin müvafiq dövründə isə 10 min 720,55 ton pambıq iplik 24 milyon 611,08 min dollara satılmışdı. Beləliklə, pambıq iplik ixracı fiziki həcmdə 48,3 faiz, dəyər baxımından isə 47,3 faiz yüksəlib.
Ümumilikdə, pambıq lifi və pambıq ipliyin ixracının birlikdə dəyəri 2026-cı ilin ilk 9 ayında 188 milyon 383 min dollara çatıb.
Dövlətin dəstəyi, vergi-gömrük güzəştləri...
Azərbaycanın qeyri-neft ixracının böyüməsində yürüdülən təşviqedici siyasət tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda istehsalın artması mühüm rol oyanmaqdadır. Son illərdə dövlət tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. İxracla məşğul olan biznes subyektlərinə müxtəlif güzəştlər, o cümlədən vergi-gömrük güzəştləri tətbiq olunub, ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilib, habelə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəkləri verilib. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilib. Qeyd edilən dəstəkləyici mexanizmlərin hazırda daha da genişləndirilməsi istiqamətində addımlar atılır.
Bu dəstəkləyici və stimullaşdırıcı tədbirlər sayəsində ixracın çeşidi artıb və hazırda Azərbaycan 100-ə yaxın ölkəyə 35 adda qeyri-neft malları ixrac edir.
E.CƏFƏRLİ