Ena-Kameliya Məlikova: Brend rezidensiyalar premium yaşayış konsepsiyasını zənginləşdirir

Ena-Kameliya Məlikova: Brend rezidensiyalar premium yaşayış konsepsiyasını zənginləşdirir

Brend rezidensiyaların əsas mahiyyəti yalnız tanınmış beynəlxalq adları bir layihədə birləşdirmək deyil, həm də həmin brendlərin özünəməxsus fəlsəfəsini, təcrübəsini və xidmət keyfiyyətini sakinlərə təqdim etməkdir. Bu əməkdaşlıqların uğuru brendlərin konsepsiyası ilə layihənin ümumi baxışının və sakinlərin gözləntilərinin uzlaşmasından asılıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Sea Breeze”in satış direktoru Ena-Kameliya Məlikova “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində “Brend rezidensiyalar və lüks layihələr – premium yaşayışa yeni baxış” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.

O bildirib ki, “Sea Breeze” özünəməxsus icmaya, inkişaf strategiyasına və həyat tərzi konsepsiyasına malikdir. Beynəlxalq brendlərlə əməkdaşlıq da məhz bu konsepsiyanı zənginləşdirmək və sakinlərə daha geniş xidmət imkanları təqdim etmək məqsədi daşıyır.

“Hotel brendləri müxtəlif ölkələrdə qazandıqları təcrübə sayəsində fərqli millətlərin qonaqpərvərlik və xidmət gözləntilərini yaxşı anlayırlar. Belə brendlərin “Sea Breeze”də təmsil olunması sakinlərə beynəlxalq standartlara uyğun xidmətlərdən yararlanmaq imkanı verir. “Elisav” brendi “Sea Breeze”də ilk brendli rezidensiya layihəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq moda, üslub və həyat tərzi fəlsəfəsinin birləşdirilməsinə, eyni zamanda hər iki brendin icmalarının qarşılıqlı əlaqəsinə imkan yaradır. Müxtəlif istiqamətləri təmsil edən brendlərin bir məkanda birləşdirilməsi “Sea Breeze”in premium yaşayış konsepsiyasını daha da zənginləşdirir. Eyni zamanda, Avstriya mənşəli “Luxorhof” brendi vasitəsilə SPA, sağlamlıq və istirahət xidmətlərinin, “Focus Fitness” brendi ilə isə aktiv və sağlam həyat tərzinin təşviqinin nəzərdə tutulduğu diqqətə çatdırılıb”, - deyə satış direkotru vurğulayıb.

E.Məlikova qeyd edib ki, sakinlərin müxtəlif ölkələrin mətbəx nümunələrindən – italyan, yunan, Avropa və Azərbaycan mətbəxindən yararlanmaları üçün imkanların yaradılması da bu konsepsiyanın mühüm tərkib hissəsidir: “Premium yaşayışın əsas mahiyyəti insanlara geniş xidmət və seçim imkanları təqdim etməkdir. Brend əməkdaşlığının dəyəri isə yalnız tanınmış adların bir araya gətirilməsində deyil, onların vəd etdiyi keyfiyyətin gündəlik həyatda real xidmət və təcrübə şəklində sakinlərə çatdırılmasındadır”.